Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

img

24-02-2012 [06:31]


Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bu gün Azərbaycan parlamentində xüsusi iclas keçirilib. Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar layihəsi hazırlamaq üçün komissiya yaradılıb. Ziyafət Əsgərov, Çingiz Qənizadə, Mübariz Qurbanlı, Jalə Əliyeva və Fuad Muradovun daxil olduğu komissiyanın hazırladığı qərar Milli Məclisdə elan olunub. Qərarı millət vəkili Jalə Əliyeva qərarı səsləndirib. Qərarda deyilir ki, Xocalı şəhərində dinc əhaliyə qarşı hərbi cinayət törədilib. Qərarda bildirilib ki, Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırımı - genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunsun: ?1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin ? qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil?. Qərarda Azərbaycanın istintaq orqanlarının Xocalı faciəsini törədənlərdən 39 nəfərin adlarını müəyyən edə bildiyi, lakin təhqiqatın davam etdiyi qeyd olunub. Sənəddə son 100 ildə ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı və türkün qətlə yetirildiyi də öz əksini tapıb. Qərarda deyilir ki, Azərbaycan deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildən artıq dövrdə azərbaycanlıların məruz qaldığı soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər. Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər. Millət vəkilləri qərarı səsverməyə qoyaraq qəbul ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA