19-02-2012 [11:02]
[b]Aydın Mirzəzadə: ?Liderlərin fəaliyyətinin ancaq kabinetdə oturmaq, yaxud da qəzetlərinə müsahibə verməklə bitməsi müxalifətin öz qüsurudur?[/b]
Bir həftə sonra Xocalı soyqırımının 20 illik il dönümü tamam olur. Bu faciənin üstündən 20 il ötsə də, Azərbaycanda baş verən qanlı hadisəyə qiymət verilməsi ilə bağlı birmənalı fikir yoxdur. Bir qurum hadisənin soyqırım kimi tanınmadığını, bir qism isə Xocalı soyqırımına hüquqi və siyasi qiymət verildiyini bildirir. Bu və ya digər məsələlərlə bağlı ?Reytinq?ə müsahibə verən hakim Yeni Azərbaycan Pariyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə Xocalı soyqırımına müxtəlif istiqamətlərdə qiymət verildiyini deyir.
- Hesab edirəm ki, bu məsələdə nöqtə çoxdan qoyulub. Azərbaycanda 1994-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi qiymət verilib, bu faciə Azərbaycan xalqına qarşı soyqırım kimi qiymətləndirilib və birmənalı şəkildə genosid kimi göstərilib. 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamında Azərbaycan tarixinin bir neçə hadisəsi, o cümlədə Xocalı soyqırımı soyqırım kimi göstərilib. 2002-ci ildə Milli Məclisin xüsusi iclasında Xocalı soyqırımına yenidən qiymət verildi və Xocalı soyqırımında günahkar olan şəxslər, buna gəbirən hadisələr göstərildi. Sadəcə olaraq, bəzi şəxslər məsələnin hüquqi tarixi ilə bağlı məlumatlı olmadıqlarına görə vaxtaşırı bu mövzuları qaldırırlar. Xocalı soyqırımı özünün hüquqi qiymətini alıb, o, Azərbaycan hüquq sistemində çoxdan genosid kimi qiymətləndirilib.
- Bəs, bu məsələ beynəlxalq hüquq müstəvisində necə tənzimlənib? Sizcə, bu məsələdə yetərincə iş görə bilmişikmi?
- İlk növbədə bu məsələ ölkə daxilində öz hüquqi qiymətini alıb.
Beynəlxalq aləmə gəldikdə isə onun forması ondan ibarətdir ki, ölkə düzgün saydığı məsələni beynəlxalq təşkilatlara, o cümlədən digər ölkələrin ictimaiyyətinin diqqətinə çatdırır. Bunun nəticəsində dəfələrlə ayrı-ayrı beynəlxalq təşkilatın rəsmi sənədlərində Xocalı soyqırımı məsələsi öz əksini tapıb. Hər il xarici ölkələrdəkə səfirliklər, diaspora təşkilatları və Azərbaycansevərlər tərəfindən keçirilən tədbirlərdə Xocalı soyqırımı barədə xarici ölkə ictimaiyyəti məlumatlandırılır. Artıq iki ölkə Pakistan və Meksika rəsmi surətdə Xocalıda baş verən hadisəni soyqırımı kimi tanıyıblar. Hal-hazırda bunun Türkiyədə də rəsmən tanınması üzərində iş gedir. İslam Əməkdaşlıq Təşkilatı ölkələrində Xocalı soyqırımının tanınması ilə bağlı çağırış edilib. Hesab edirəm ki, bu ölkələr arasında da Xocalının soyqırım kimi tanınmasını gözləmək olar.
- Erməni lobbisinin fəaliyyəti o həddə çağtıb ki, qondarma bir hadisədən soyqırım düzəldim dünyaya tanıtdırırlar. Hətta bəzi ölkələrdə bu barədə qanun qəbulu müzakirə olunur. Bu mənada Azərbaycan diaspora təşkilatlarının fəaliyyəti zəif deyilmi?
- Mən hesab edirəm ki, bu məsələdə özümüzü qınamağa, yaxud da fəaliyyəti kiçiltməyə dəyməz. Nəzərə alaq ki, uydurma erməni soyqırımı məsələsinin tanıdılması ermənilərin xaricdəki daspor təşkilatlarının yüz ilə yaxın dövrdə əsas fəaliyyət istiqaməti olub. Ancaq 1965-ci ildə ilk dəfə Uruqvay parlamentində bu uydurma hadisəni soyqırım kimi tanıtdıra bilmişdilər. Sonradan ötən 50 il ərzində bunun daha 20 ölkədə tanınmasına nail olmuşlar. Burda bi məqamı qeyd edim, birincisi, bu hadisəni soyqırım kimi qəbul edən ölkələr soyqırımdan daha çox Türkiyə ilə öz siyasi münasibətlərini nümayiş etdirmək üçün bu qərarı qəbul ediblər. Yəni, onları soyqırım, tarix məsələsi deyil, ilk növbədə Türkiyəyə öz düşmən münasibətlərini göstərmək üçün parlamentlərində bu qondarma soyqırımı tanıyıblar. İkincisi, son illərdə dünyada 1915-ci il hadisələri ilə bağlı obyektiv informasiyanın yayılması ermənilərin bu kampaniyasını heçə endirmişdi, demək olar ki, yeni ölkələr yoxdur.
Azərbaycana gəldik də isə bizim xaricdəki diaspora təşkilatlarımız ermənilərdən fərqli olaraq, yeni-yeni yaranır. Onların qısa bir müddət ərzində iki ölkədə soyqırımı tanıtdırması, onlarla ölkədə isə soyqırımla bağlı geniş məlumatın verilməsi, bu barədə artıq xarici ölkə tədqiqatçıları tərəfindən araşdırmaların aparılması göstərir ki, bu
məsələyə dünya ictimaiyyətində maraq çoxdur. Həmçinin, tədqiqatçılar bunu hansısa bir xalqa, yaxud dövlətə qarşı neqativ münasibətindən deyil, ilk növbədə tarixi obyektiv araşdırma istəyindən irəli gəlib.
- Xocılı Soyqırımının ildönümü günündə Bakının mərkəzində həm hakimiyyət, həm müxalifət, həm də ictimaiyyət nümayəndələrinin bir araya gələcəyi yürüş mitinqi olacaq. Bu barədə düşüncələrinizi bilmək istərdik?
- Birincsi, Azərbaycan ictimaiyyəti heç vaxt bunu bir kampaniya kimi qəbul etməyib. Bu, bir istəkdir, bir münasibətdir və bu məsələdə hər bir kəs, hər bir təşkilat öz istəyini ortaya qoya bilər. Bunun fopmaları müxtəlifdir, burada da hansısa məcburiyyət elementi yoxdur. Hesab edirəm ki, 26 fevral ərəfəsində və həmin gün biz Azərbaycan ictimaiyyətinin bu məsələyə birmənalı münasibətinin şahidi olacağıq.
- Aydın müəlllim, gəlin mövzunu dəyişək. Son dövrlər müxalifət düşərgəsində bir hərəkətlənmə olmasa da, yaxın müddətdə aktivliyin olacağı, kütləvi etirazların başlayacağı anansları verilir. Opponentlərinizin aktiv dönəmə hazırlığını necə dəyərləndirirsiniz? Sizcə, müxalifətin vəd etdiyi kimi ciddi hərəkətlənmələr olacaqmı?
- Azərbaycan hüquqi, demokratik dövlətdir. Konstitusiya çərçivəsində hər bir fəaliyyətin olması tamamiylə mümkündür. Qanunlar işləyir, vətəndaşların hüquqları qorunur, ölkədə iqtisadi göz qarışısındadır, hakimiyyət və müxalifət məhz öz üzərinə düşən funksiyanı yerinə yetirməyə çalışır. Müxalifət təşkilatlarının fəallaşmasında, yaxud da hansısa aksiya keçirməyindən narahat olmayağa dəyməz. Bu, onların Konstitusiya hüququdur. Onlar düzgün saydıqları formada öz fəaliyyətlərini həyata keçirə bilərlər. Qanun çərçivəsində müxalifətin fəaliyyətin üçün tam şərait yaradılıb və onlara manne olan yoxdur.
- Ancaq hakimiyyət buna imkan vermir, müxalifətin aksiyalarına icazə verilmir, müxalifətçilərə təzyiqlər davam etdirilir?
- Bu cür fikirlər iş görmək istəməyən, yaxud da iş görə bilməyən müxalifət nümayəndələrinin bəhanələridir. Mən hesab edirəm ki, müxalifət özü tənbəllik edir, günahı iqtidarın üzərinə atır. Bu gün heç kəs müxalifətə ictimaiyyətlə işləməyə, özünün ideyalarını təbliğ etməyə,
liderlərin cəmiyyətin içərisinə getməsinə, yeni proqramlar irəli sürməsinə heç nə mane olmur. Onu da nəzərə çatdırım ki, müxalifət müxtəlif cinahlardan ibarətdir və hər cinahın özünün fəaliyyət metodları var. Müxalifət liderlərinin fəaliyyəti ancaq kabinetdə oturmaq, yaxud da öz qəzetlərinə müsahibə verməklə bitməsi müxalifətin öz qüsurudur. Amma müxalifət nümayəndələri öz qüsurlarını ört-baslır etmək üçün əassız olaraq hakimiyyəti ittiham edir.
- Ancaq o arqumentlər də səslənir ki, aktivlik göstərəni həbsə atırlar, işdən çıxarırlar. Beynəlxalt təşkilatların hesabatlarında siyasi məhbus məsələsi gündəmə gəlir və s. Bunları əsas gətirərək ölkədə demokratik mühitin, bərabər mübarizə şəraitinin olmadığı bildirilir. Razısınızmı?
- Demokratiya odur ki, hər bir kəs düşündüyünü deyə bilir. Əgər müxalifət sizin sadaladıqlarınızın hər birinir deyə bilirsə, deməli, Azərbaycanda demokratiya var. Bu mənada Azərbaycanda demoktiyanın, bərabər mübarizə şəraitinin olmamasının deyənlər tamamiylə əsassızdırlar.
- Maraqlı məsələlərdən biri də odur ki, Müsavat Partiyasına qurultay üçün yer verilmir. Onlar da bunu hakimiyyətin təzyiqi, qanunları pozması kimi dəyərləndirirlər?
- Hesab edirəm ki, bu, texniki məsələdir və yerli icra hakimiyyəti orqanı ilə, yaxud da mülkiyyət sahibləri ilə danışıqlarla onlar öz tədbirləri üçün yer əldə edə biləcəklər. Sadəcə olaraq, bu gün yer məsələsini aktual məsələyə çevirmək istəyi hiss edilir. Əgər onların cəmiyyətə təqdim edəcəyi ancaq yer məsələsidirsə, mən hesab edirəm ki, tərəfdarların sayı çox da olmayacaq. Çünki siyasətlə məşğul olmaq istəyən ilk növbədə siyasi qüvvənin ona təklif etdiyi proqramla tanış olmaq istəyir, onun gələcək fəaliyyyət prinsiplərini bölüşmək istəyir. Bu gün mücalifət ancaq ona imkan verilmədiyini qeyd edərək, qurultayını keçirmək istəməyəcəksə, yaxud da Cinayət Məcəlləsinin maddələri ilə məhkum olmuş şəxsləri siyasi məhbus edəcəksə, hesab etmirəm ki, onlar tərəfdarlarının sayını artıra biləcəklər.
- Opponentlərinizin gündəmində olan məsələlərdən biridə Müsavatın qurultayıdır. Müsavatda qurultayqabağı vəziyyət, İsa Qəmbərin başqanlıqdan getməsi ilə bağlı müzakirələr barədə Siz nə düşünürsünüz?
- Bu, adi bir hadisədir, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birində gedən növbəti bir prosesdir. Demokratik bir ölkə olduğumuza görə, biz müxalifət partiyalarında da seçkilərin demokratik keçməsində və demokratik yolla liderin seçilməsində maraqlıyıq.
Müsavat daxilindəki proseslərə gəlincə, onu deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların birinin daxilində rəhbər seçmə məsələsi cəmiyyət üçün bir o qədər maraqlı mövzu deyil. Hesab edirəm ki, bu, yalnız həmin partiyanın üzvləri üçün maraqlı ola bilər.
- Aydın müəllim, fevralın birinci ongünlüyündə ölkə ərazisində müşahidə olunan qarlı-çovğunlu günlərdə çox ciddi problemlər yarandı. Müxalifət isə bu problemlər fonunda hökuməti səriştəsizlikdə, fəaliyyətsizlikdə suçladı. Opponentləriniz haqlı deyirmiydilər?
- Burda iqtidar-müxalifət məsələsi yoxdur. Burada 110 ildə bir dəfə baş verən şaxtalı bir dövrdə kommunal xidmətlərin işinin araşdırılmasına ehtiyac var. Ümumən götürəndə kommunal xidmətləri verən qurumlar üzərinə düşən vəzifələri yerinə yetirdilər. Bakı və regionlar iflic vəziyyətinə düşmədi, insanlar istilik əldə etdilər, su, işıq, qazla təmin edildilər. Bəli, müəyyən qüsurlar,zlıqlar üzə çıxdı. Bu, göz qarşısındadır və bununla bağlı müxtəlif mətbuat orqanlarında, müxtəlif tribunalarda tənqidlər səsləndirilib. İndi artıq işləmək və həmin qüsurları aradan qaldırmaq lazımdır. Hesab edirəm ki, bunu biz yaxın vaxtlarda görəcəyik. Havalar düzəldikdən sonra artıq sıradan çıxmış xətlərin yenilənməsi, asfalt yolların çəkilməsi, kommunal xidmətlərdə aşkara çıxmış qüsurların aradan qaldırılması üçün ciddi tədbirlərin şahidi olacağıq.
- Avropada 30, Rusiyada 20-25 dəfərəcə şaxtalar oldu, amma bizim kimi 5-10 dərəcəlik şaxta qarşısında aciz qalmadılar. Bu, hökumətin acizliyi deyil, bəs nədir?
- Xeyr. Azərbaycan hökuməti aciz qalmadı, mən deyərdim ki, yaranmış vəziyətə tam hazır idi.
- Necə hazır idi ki, Bakıda belə işıq, qaz, su problemi yarandı?
- (Tələsik) Bir dəqiqə. İş burasındadır ki, Avropa və Rusiya ümumən soyuq zolaqlarda yerləşir. Azərbaycan isə mülayim təbiətli iqlim qurşağında yerləşir, ona görə də müəyyən sistemlər yüz ildə bir dəfə baş verən soyuğa uyğun qurulmadığı üçün çatışmazlıqlar oldu. Buna görə də bayaq bildirdim ki, arıtq havalar düzələndən sonra gələn il və ondan sonrakı qış mövsümünə hazırlıq üçün buraxılmış səhvlər arpadan qaldırılacaq. Buna Azərbaycan hökumətinin istəyi var və bu istiqamətdə lazım olan bütün addımlar atılacaq.
- Yəni müxalifətin hökuməti ittihamı əsassızdır?
- Əksinə, müxalifət öz üzərinə düşən funksiyanı yerinə yetirərək, həmişə tənqid etməlidir. Amma çox istəyərdik ki, onların tənqidləri obyekti olsun və tənqid xatirinə tənqid etməsinlər. O zaman əsassız mövqedən çıxış etməmiş olarlar.