Ziyalılar Forumunun toplantısı keçirildi

img

01-02-2012 [06:39]


Ziyalılar Forumunun növbəti toplantısı keçirilib. Forum Rüstəm İbrahimbəyovun evində baş tutub. Tədbiri giriş sözü ilə professor Cəmil Həsənli açıb. ?Niyə gənclərlə bağlı müzakirələr keçirmək istədik? Gənclər təhsillə, sosial həyatla, bu günlə bağlıdır. Onların iş, sosial problemlərini müzakirə etməyə qərar verdik?- deyə C.Həsənli bildirib. ?Bir dəfə çıxışımda da dedim ki, Bəxtiyar Hacıyevi həbsdən buraxsınlar. O zaman mənə iradlar oldu ki, niyə başqa məhbusların adını çəkmirəm. Çünki siyasi işlərə görə tutulmuş bütün şəxslərin hamısının eyni vaxtda azadlığa buraxılması real deyil. Həm də mən nəzərə alıram ki, Bəxtiyar Hacıyev xarici ölkədə təhsil alıb. Xaricdə təhsil almış adamı öz ölkəsinə qayıdandan sonra həbsə atmaq unikal hadisədir. Mən Bəxtiyarın yazılarını izləyirəm. Görürəm ki, çox ağıllı gəncdir, savadlıdır. Perspektivi var. Belə gəncin həbsdə saxlanması yolverilməzdir. Bir daha öz adımdan və forum adından Azərbaycan prezidentinə müraciət edirəm ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına yardımçı olsun?. Əkrəm Əylisli çıxışında ölkə gəncliyinin problemlərinə də toxunub. O, hakimiyyətin siyasi sədaqət məsələsində tələbkarlığını yanlış saydığını bildirib: ?Gənclərə münasibətdə siyasi sədaqət tələb edəndə, cəmiyyət parçalanır. Bu, dövlətin özünə də, dövlətçiliyə də zərbədir. Siyasi mənsubiyyətə görə mövqe qazandırmaq, şərait yaratmaq indiki vaxtda absurddur. Əvvəl olsa, deyərdik ki, hökumət zəifdir, insanların meydana tökülməsindən dövləti qorumaq lazımdır. İndisə bu ikitirəlik yaradacaq, cəmiyyəti parçalayacaq?. Yazıçı Əkrəm Əylisli Ziyalılar Forumunda çıxışının sonunda belə deyib. O şəxsən öz adından və Forum adından prezidentdən bunu xahiş edib. Əkrəm Əylisli daha sonra Ziyalılar Forumu ilə bağlı səslənən fikirləri də şərh edib: ?Bəzi söz-söhbətlər var ki, guya biz narazıyıq, cəmiyyətdəki inkişafı görmək istəmirik. Bunlar yanlış və mənasız söhbətdir. Burda oturanların çoxu Azərbaycanın dinamik inkişafına şübhə etmir. Amma dinamik inkişafı qədər harmonik inkişafı getmir. Bu, adamı yandırır. Böyük binalar tikilir, abadlıq gedir. Amma bunun fonunda Azərbaycanın minlərlə dərdini-sərini görmürlər. 20 ildən sonra Azərbaycanda yazı oxuyanlar azala bilər. Sovet hökumətinin verdiyi ən böyük töhfə ? ümumi savadlanma zəifləyir. 9-cu sinif şagirdi görmüşəm ki, oxuya bilmir. Eşitdiyimə görə, babalı deyənlərin boynuna, idman kompleksləri ki tikilir, onların bir qismini şadlıq evləri kimi istifadə edirlər. Bu acınacaqlı məsələdir. Bu qədər problemlər ola-ola, bərbəzək bizi ağrıdır və bədbinlik yaradır?. Cəmil Həsənli: ?Bu gün Azərbaycanın kredit bazarındakı faizlər ancaq bir işə yarayır. Bu faizlə ancaq narkotik işiylə məşğul olmaq mümkündür?. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu xaricdə oxuyanların problemlərinə toxunub. O, diqqəti xaricdə təhsil alanların ixtisas seçiminə çəkib. Məsələn, 150 nəfər tibbə göndərilib: ?İqtisadiyyat və humanitar sahələrdə oxuyanların sayını isə dövlət məqsədli şəkildə azaldıb. Tələbələrin oxumağa göndərildiyi ölkələrin seçimləri də siyasiləşib. İlk beşlikdə Böyük Britaniya, Türkiyə və başqa ölkələr təmsil olunsa da, ən yaxşı universitetlərin cəmləşdiyi ABŞ ilk onluqda da deyil. Bu ölkədə dövlət xəttiylə 31 nəfər təhsil alır? Dünyanın 10 aparıcı universitetindən 7-si ABŞ-dadır. Hətta Çin, Malayziya tələbələrini ABŞ-a göndərirsə, biz gənclərimizi ABŞ-a yox, Çinə, Malayziyaya göndəririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA