Bakıda Nəqliyyatı intellektual idarəetmə Mərkəzinin açılızı olub

img

29-12-2011 [05:45]


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verib. Bildirilib ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının ?SK C&C? şirkəti ilə razılıq əldə olunub, yeni sistemin layihəsi hazırlanıb və icrasına başlanıb. 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda bu mərkəzin tikintisinə başlanıb. Qeyd edilib ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək. İntellektual idarəetmə zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada 600 rəqəmsal görüntünü əks etdirən çox böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Bildirilib ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin kameralarının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaq. Dövlət başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxıb. Qeyd edilib ki, mərkəzin əsas funksiyası məlumatların toplanması və məlumat bazasının formalaşdırılması, mövcud vəziyyətin təhlili və optimallaşdırılması, məlumatların istifadəçilərə ötürülməsi, avtomatik rejimdə göstərişlərin verilməsi və yerinə yetirilməsinin müşahidəsindən ibarətdir. Nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla tanışlıq zamanı bildirilib ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaq. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA