"ilhamla birlikdə olmağımızın 29 ili tamam olacaq"

img

24-12-2011 [01:41]


Dekabrın 23-də ?Rossiya? Dövlət Telekanalında Mixail Qusmanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş ?Hakimiyyət formulu? müəllif proqramı göstərilib. AzərTAc-a istinadən həmin proqramın mətnini təqdim edirik. İlham Əliyev: Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika quran, ilk demokratik parlament yaradan, qadınlara səsvermə hüququ verən ilk ölkədir. Yəni, müasirlik və maarifçilik ənənələri bizim ölkəmizdə çox dərin köklərə malikdir. Biz də müasir dövlətimizi bu bünövrə üzərində qururuq. Mən ölkəmizi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm. Mənim dediklərimin əksəriyyətinə artıq nail olunub. Müəllifdən: İlham Heydər oğlu Əliyev. 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. 2003-cü il avqustun 4-dən ölkənin Baş naziri vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Mixail Qusman: Azərbaycanın həm sənayedə, həm iqtisadiyyatda, həm kənd təsərrüfatında, həm də beynəlxalq aləmdə uğurları xoş təəssürat yaradır. Sizin fikrinizcə, bu uğurların özəyi nədədir? İlham Əliyev: Mən Prezident vəzifəsinə başlayanda, hətta ondan əvvəl, seçkiqabağı dövrdə də bildirmişdim ki, əgər mənə etimad göstərilərsə atamın siyasətini davam etdirəcəyəm. Atam Azərbaycanı xaotik hadisələr, hakimiyyətsizlik və faktiki olaraq parçalanma girdabından çıxarmışdır. Qəbul olunan mühüm qərarlara gəlincə, mən Azərbaycanın strateji inkişafına təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə, ölkənin regional inkişaf proqramıdır. Bu, mənim ilk siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki paytaxtla regionlar arasında fərqi azaltmaq və aradan qaldırmaq zərurətə çevrilmişdi. Müəllifdən: Son 8 il ərzində Azərbaycanın iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artıb, 950 min yeni iş yeri açılıb. İlham Əliyev: Nəhəng artım prosesi başlayan kimi, inersiya qüvvəsi də işə qoşuldu. Yəni artıq yerlərdən yeni təşəbbüslər meydana çıxdı, cəmiyyətdə tamamilə nadir yaradıcılıq ruhu yarandı. Yəni belə bir ictimai canfəşanlıq bizə çox kömək edir. Mehriban Əliyeva: İnsan, siyasətçi və dövlət başçısı arasındakı belə bir əlaqə şübhəsiz ki, göz qabağındadır. Bu mənada əlbəttə ki, regionlara səfərlər, İlhamın ən müxtəlif peşə sahibi olan insanlarla səmimi söhbətləri barədə danışmaq olar. Həmin adamların İlhama olan səmimiliyi, sevgi duyğuları əlbəttə ki, ürəkdən gəlir. Bu, tam səmimi duyğulardır. Müəllifdən: 2011-ci il. Azərbaycan... Adambaşına düşən ümumi daxili məhsul 6 min dollar təşkil edir. Əhalinin pul gəlirləri 19 faiz artıb. Pensiyaların məbləği orta əməkhaqqının 40 faizinə bərabərdir. Mixail Qusman: Bu yaxınlarda Azərbaycan BMT Təhlükəsizilik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Siz Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini, imkanlarını nədə görürsünüz? İlham Əliyev: Bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləyib. Əminəm ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox, o cümlədən bizim üçün ən mühüm və çətin məsələ olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edəcəkdir. Biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Mixail Qusman: Başa düşdüyümə görə, Siz ağrılı, ən çətin siyasi problemə - Dağlıq Qarabağ probleminə toxundunuz. Fikrinizcə, bu problemin düyününü açmaq mümkündür, yaxud bütün ipləri kəsib-doğramaq daha məqbuldur? İlham Əliyev: Siz sualınızı verərkən çox düzgün olaraq diqqəti mövcud yollar üzərində cəmləşdirdiniz. Həqiqətən də yalnız iki yol vardır. Münaqişənin nizamlanması yolu yalnız beynəlxalq hüquq normaları, indi bizim üzv olduğumuz BMT Təhlükəsizlik Şurası qərarlarının yerinə yetirilməsi üzərindən keçir. Bu qərarlar yerinə yetirilməlidir. Dörd belə qərar vardır. Hamısı da eyni tələb irəli sürür: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, bizim suveren hüququmuzdur. Dövlətimizin ərazi bütövlüyünün təkcə siyasi vasitələrlə deyil, açıq desək, hərbi vasitələrlə də bərpa edilməsinə bizim suveren hüquqlarımız var. Bu, BMT nizamnaməsinə tam uyğundur. Sadəcə olaraq, biz bundan istifadə etmək istəmirik. Mixail Qusman: Siz ölkənin bölgələrinə tez-tez baş çəkirsiniz. Məncə, hər həftə regionlardan birində olursunuz. Başa düşürəm ki, bu regional siyasətə neft rentası kömək edir. Bəs bu gün magistral hədəf nədən ibarətdir? İlham Əliyev: Əlbəttə, neft amili bizə çox kömək edib. Axı bu da bizim xidmətimizdir. Neft çox yerlərdə var. Bəzi ölkələrdə bizdəkindən də qat-qat çoxdur, lakin resurslardan düzgün istifadə edilməsi, xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq elə vəziyyətə nail olmağa imkan verib ki, valyuta ehtiyatlarımız ilbəil artır və 8 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 49 faizdən 9 faizə düşüb. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. Biz kosmik sənaye yaradırıq. Yəni biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox uzağa baxırıq. Müəllifdən: 2011-ci il... Azərbaycanın valyuta ehtiyatları 11 milyard artaraq 40 milyard dolları keçdi. Neft iqtisadiyyatı 8,2 faiz, kənd təsərrüfatı 7,8 faiz artdı. Mixail Qusman: Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 20 illiyini ?Eurovision?da qazandığı böyük uğurla bayram etdi... İlham Əliyev: Yəni bu, həqiqətən də böyük qələbədir. Bütün Avropa bizə səs verdi. Biz də böyük bir fərqlə qalib gəldik. Əlbəttə, bu, bizim ifaçılarımızın qələbəsidir. Amma burada həmin qələbə həm də daha geniş mənada qəbul olunur və xalqı səfərbər edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA