18-12-2011 [06:09]
[b]Sərdar Cəlaloğlu: "2012-ci ildə Rusiyada demokratiyaya keçid mümkün ola bilər. Rusiyada baş verən hər hansı demokratik dəyişiklik isə Azərbaycana da sirayət edəcək" [/b]
Son illər Azərbaycanda yaranan süstlük kiçik etirazları çıxmaq şərtiylə hələ də davam edir. Ölkəmizin keçmiş sovet dönəminə xarakterik durğunluq dövrü yaşadığını deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə iddia edir ki, gələn ildən ölkədə aktivlik yaranacaq. ADP sədri müsahibəsində deyib ki, 2011-ci il son 20 ilin ən durğun dövrü olub:
- Son 20 ildə demək olar ki, Azərbaycan ayrı-ayrı qısa periodları nəzərə almaqla sovet illərindən qalan durğunluğu yaşayır. Ona görə də cəmiyyətdə nə siyasi, nə iqtisadi, nə sosial, nə hüquqi, nə də mədəni dəyişikliklər baş verməyib. İstər hakimiyyətin, istər müxalifətin, istərsə də cəmiyyətin fəaliyyətindəki durğunluq ən yüksək həddə bu il oldu.
- Dünyada aktivləşmə gedərkən, ayaqlanma baş verərkən, Azərbaycandakı durğunluq nə ilə bağlıdır?
- Bir şeyi başa düşmək lazımdır ki, artıq dünya qloballaşır. Bu da o deməkdir ki, baş verənlərə ayrıca bir dövlət çərçivəsində, ayrıca xalqın nümunəsində yox, milli sərhədlərdən kənara çıxan hadisə kimi baxmalıyıq. Belə baxdıqda, biz "Azərbaycan hansı bölgədə gedən proseslərin içində ola bilər",- sualına cavab tapmalıyıq. Diqqətlə fikir verin, Yaxın Şərqdəki hadisələr nəyə görə bir-biri ilə qonşu olan dövlətlərin ərazisində təkrarlandı? Eyni zamanda, həmin ölkələrlə sıx əlaqəsi olan Yunanıstanda, İtaliyada, Portuqliyada, İspaniyada proseslər böhranla müşayiət olundu.
Avropadakı dövlətlər demokratik olduqlarına görə Yaxın Şərqdəki kimi inqilabi proseslər baş vermədi, amma orda da xalq ayağa qalxdı, hakimiyyətlər dəyişdi. Bütün bunlar onu göstərir ki, qlobal iqtisadi böhranın siyasi nəticələri olaraq Aralıq dənizinin cənub və şimal sahillərində bir-biri ilə sıx əlaqədə olan 15-ə yaxın dövlətdə siyasi kriz meydana çıxdı. Belə hesab edirdilər ki, qlobal iqtisadi böhran aradan qaldırılıb. Amma məlum olur ki, hazırda da davam edir. Əgər bu böhran davam edirsə, deməli, onun ardınca siyasi böhran da davam eləməlidir. Onda sual olunur, bəs bu qlobal iqtisadi böhranın növbəti dalğası harda olmalıdır? Bir qayda olaraq, böhranlarda qırılma nöqtələri zəif yerlər olur. Məsələn, Yaxın Şərq ölkələri kifayət qədər zəif olduğuna görə birinci orda başladı. İkinci dalğa isə bir-biri ilə sıx əlaqədə olan başqa bir bölgədə olacaq. Baxanda, nəzərimiz Rusiya və onun ətrafındakı ölkələrə yönəlir. Çünki bu ölkələrdə də siyasi rejimlər həddindən artıq dayanıqsızdır, bu ölkələrin hamısında korrupsiya baş alıb gedir, milli sərvəti dağıdılır və bu ölkələrdə inqilabi situasiyanın yetişməsi, siyasi böhrana düşməsi daha ağlabatandır. Əslinə qalsa, bu gün Rusiyada müşahidə etdiyimiz hadisələr bu proqnozun real olduğunu göstərir. Bu gün Rusiyada baş verən hadisələrin Qərblə qətiyyət əlaqəsi yoxdur, amma analiz aparanda məlum olur ki, qlobal iqtisadi böhranın vura biləcəyi növbəti region Rusiya və onun ətrafı, üçüncü dalğa isə Çin və onun ətrafıdır.
- Onda Azərbaycana da Rusiya və onun ətrafı...
- (Sözümüzü kəsərək) Biz Rusiyanın siyasi geopolitik sahəsinə daxilik. Yəni, Rusiya və onun ətrafına dəyişikliklər dalğası gələndə biz də kənarda qalmayacağıq. Rusiyada proseslər yetişəcəyi təqdirdə, nəinki Azərbaycan, Orta Asiya respublikaları da daxil olmaqla, Belarus, Ukrayna, Qafqaz ölkələri, hətta bəzi Şərqi Avropa ölkələrində də çox ciddi siyasi hadisələrin baş verəcəyini proqnozlaşdırmaq olar.
- Bu proses nə zaman başlaya bilər?
- İctimai-siyasi hadisələrlə bağlı konkret vaxt demək olmur. Amma nəzərə alsaq ki, Rusiya prezident seçkiləri dövrünə daxil olur və bu seçkilər də cəmiyyətdə daha ciddi qüvvələrin maraqlarının oyanmasına gətirib çıxaracaq, onda bu, deməyə əsas verir ki, 2012-də Rusiyada hadisələr indikindən qat-qat kəskin olacaq. Əgər Qərb düzgün mövqe tutsa, 2012-ci ildə Rusiyada demokratiyaya keçid mümkün ola bilər. Bayaq qeyd etdiyim kimi, Rusiyada baş verən hər hansı demokratik dəyişiklik Azərbaycana da sirayət edəcək. Hesab edirəm ki, 2012-ci il hakimiyyət üçün ən riskli, bizim üçün şanslı il sayıla bilər.
- Necə düşünürsünüz, Azərbaycan müxalifəti həmin ayaqlanmaya, demokratik keçiddə öndə olmağa hazırdırmı?
- Hazır deyil. Azərbaycan müxalifətinin belə hadisələrə hazırlığı - müxalifətin vahid birliyini yaratmaqdan, cəmiyyətdə qarşıdurma meyllərini aradan qaldırmaq və xalqı baş verən hadisələrdən məlumatlandırmaqdan, mümkün qədər xalqı təşkilatlandırmaqdan, hakimiyyəti öz siyasətini dəyişdirməyə vadar etməkdən ibarət olmalıdır. Çox təəssüf ki, Azərbaycan müxalifəti bunların heç birini eləmir.
- Axı, sadaladıqlarınız elə də çətin məsələ deyil.
- Düzdü, çətin məsələ deyil. Amma bəzi qüvvələr düşünürlər ki, onsuz da Rusiyadakı hadisələr Azərbaycana təsir edəcək, ona görə də fürsət budur, heç kimlə birləşməyim, təklikdə qalım. Guya nəticədə hakimiyyətə tək gələcək, qohumunu, qardaşını, sürücüsünü, köməkçisini, cangüdənini yığıb vəzifələri onlar arasında bölüşdürəcək. Yəni, firqə maraqlarından çıxış edən bu adamlar ortada olduqları üçün hələlik müxalifətin birliyi alınmır.
- Kimdir o adamlar?
- Sən deyirsən ki, niyə birləşə bilmirsiniz, mən də deyirəm ki, birləşə bilməməyimiz bununla bağlıdır. Qalanını isə jurnalist kimi özün tap. Mən isə bu birliyin baş tutması üçün mübarizə aparıram, iş görürəm, bundan sonra da görəcəyəm.
- Ancaq Sizin vahid namizəd məsələsini ortaya atmanız da müxalifətin birliyinin baş tutmamasına səbəb olan amilərdəndir.
- Niyə? Belə çıxır ki, seçkilərə az qalmış ziddiyyətləri ortaya çıxarsaq, daha yaxşı olardı? Əlbəttə yox. Təsəvvür edin ki, müxalifət vahid namizəd məsələsini bir tərəfə qoyub birləşir, məqam gəlir, vahid namizəd məsələsində anlaşa bilmirlər, daha gərgin vəziyyət yaranır. Ona görə də məncə, vahid namizəd məsələsini birləşmədən əvvəl həll eləmək lazımdır ki, sonra vəziyyətimiz daha da ağır olmasın. Kim müxalifətin uduzmağını istəyir, onlar deyir ki, vahid namizəd məsələsini seçkiyə bir-iki ay qalmış həll edərik. Mənim kimi müxalifətin qələbəsini istəyənlər isə deyirlər ki, məsələni vaxtında həll eləmək lazımdır.
- Sizcə, müxalifət kimin ətrafında birləşə bilər?
- Burda söhbət kiminsə ətrafında birləşməkdən getmir. Mən vahid namizəd deyəndə onu demirəm ki, gəlin, filankəsin ətrafında birləşək. Vahid namizəd bir ideyadır. Elə bir adam seçilməlidir ki, o adam hər kəsin maraqlarını təmin edə bilsin. Mən deyirəm ki, gəlin, vahid namizəd ideyası ətrafında birləşək, müəyyənləşdirək ki, kimlər namizəd olmaq istəyir, bu namizədlər özlərinin vahid namizəd olması üçün hansı üsul və vasitələr görürlər, sonra həmin üsul və vasitələrdən hamı ədalətli şəkildə istifadə edir. Kim qabağa çıxırsa, hamı birmənalı şəkildə onu qəbul edir.
- Qeyd etdiyiniz şərtlərə uyğun, yəni hər kəsin marağını təmin edə biləcək müxalifət lideri varmı?
- Bizim ideyanın mahiyyəti odur ki, ağırlıq namizədin yox, komandanın üzərinə salınsın. Hansı komanda vahid namizədi dəstəkləyəcəksə, hakimiyyətin ağırlığı o komandanın üstünə salınacaq.
Bəli, Azərbaycanı indikindən yüz dəfə yaxşı idarə edən komanda yaratmaq olar. Sualınıza gəlincə, müxalifət düşərgəsində yetkin, formalaşmış, hazır bir komanda var, amma belə bir lider yoxdur ki, təklikdə hakimiyyətə gəlib nəsə edə bilsin.
- Sərdar bəy, son günlər keçmiş lideriniz Rəsul Quliyev aktivləşib, hətta növbəti prezident seçkilərində qalib gəlməyindən danışır...
- General olmağı arzulamayan əsgərdən əsgər olmaz. Rəsul Quliyevin də yüz faiz prezident seçiləcəyi ilə bağlı əmin açıqlamaları onun general olmaq arzusundan xəbər verir. İndi onun bu arzuya nə dərəcədə çatacağı başqa məsələdir.
İndiki halda Rusiyada, Yaxın Şərqdə baş verən hadisələr, Azərbaycanda seçki prosesinin yaxınlaşması hakimiyyətdə marağı olan bütün qüvvələrin yükünü ortalığa qoymasına səbəb olub. Rəsul Quliyev isə hamıdan qabaq başlayıb. Amma ondan da qabaq İsa Qəmbər dedi ki, namizəd olacaq, Əli Kərimli bildirdi ki, xalq məni istəsə, namizədliyimi verəcəm, İqbal Ağazadə iddiasını ortaya qoyub, Lalə Şövkətin ətrafında komanda yaranır.
Rəsul Quliyev kənardadır, ona görə də bu kimi açıqlamaları bəlkə də birmənalı qarşılanmır. Amma bu fikirlərin arxasında nə qədər ciddi arqumentlərin dayandığını jurnalist kimi məndən yaxşı bilərsən.
- Amma Rəsul Quliyevə ən yaxın adamlardan biri Siz olmusunuz, onun əlaqələrini, imkanlarını məndən yaxşı bilirsiniz...
- Hazırda mənim Rəsul Quliyevlə heç bir əlaqəm yoxdur. Yaxın bir adam da deyiləm. Vaxtiylə əməkdaşlıq eləmişik. İndi də onun imkanları və əlaqələri bardə heç bir məlumatım yoxdur.
- Fikirlər səslənir ki, Rəsul Quliyev hakimiyyətdəki ?axçıvan qruplaşmasının dəstəyi ilə aktivləşib. Mümkündürmü?
- Təbii ki, istəyir hakimiyyətə İsa Qəmbər, yaxud bir başqası gəlsin, fərq etməz, o, hakimiyyətdəki qüvvələrin əksəriyyətindən istifadə etməyə məcburdur. Dövlətin varislik prinsipi bunu tələb edir. Ona görə də düşünməyin ki, hakimiyyətin dəyişməsi bütün kadrların dəyişilməsi deməkdir. ?ormal düşüncə sahibi şəxsi yox, ümumi maraqları əsas götürməlidir.
- Əgər proses dəyişsə, Rəsul Quliyevin şansı yaransa, ADP və Sərdar Cəlaloğlu olaraq, ona dəstək verərsinizmi?
- Qrup, yaxud fərdi maraqlar baxımından ona dəstək vermək fikrim yoxdur. Amma mənsiz onun şansı yaransa, dəstək verə bilərəm. Əgər müxalifətin vahid güc mərkəzi ideyası içərisində Rəsul Quliyevin o güc olacaqsa, əlbəttə, dəstək verəcəm və o dəstəyimin müqabilində iddiamı ortalığa qoyacam. Amma nə qədər ki, müxalifətin vahid güc mərkəzi yaradılmayıb və Rəsul Quliyev vahid namizəd kimi seçilməyib, onun şansını artırmağa xidmət göstərmək fikrim yoxdur.