"Nobelçi alimlər yetizdirməliyik"

img

11-12-2011 [04:34]


[b]"Qafqaz" Universitetinin rektoru Ahmet Sanıç deyir ki, bu uğuru qazanmaq üçün ciddi fəaliyyətə başlayıblar [/b] Bir müddət öncəyə qədər Azərbaycanın ali təhsil müəssisələrinin adı dünyanın heç bir reytinq siyahısına düşməsə də, son illər bu sahədə müəyyən irəliləyişlər var. Amma ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarında hələ də rüşvət, keyfiyyətsiz tədris, maddi-texniki bazanın zəifliyi və bu kimi digər neqativ hallar mövcuddur. Belə neqativ hallar daha çox bəzi özəl ali məktəblərdə müşahidə olunur. Lakin Azərbaycanda fəaliyyət göstərən "Qafqaz" Universiteti digər ali təhsil ocaqlarından müsbət mənada fərqlənir. Sözügedən universitetdə təhsil haqqı yüksək olsa da, rüşvət, tapşırıq və kimi halların olmaması, maddi-texniki bazanın yüksəkliyi, müəllim heyətinin professionallığı bu ali məktəbi digərlərindən fərqləndirən əsas cəhətdir. "Qafqaz" Universitetinin rektoru, professor Ahmet Sanıçla söhbətə rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurlarından başladıq. A.Sanıçın sözlərinə görə, uğurların başlıca səbəbi görülən işə məsuliyyətlə yanaşmaları ilə bağlıdır: "Bizdə əsas məsuliyyət məsələsidir. Çünki ümummilli lider Heydər Əliyev cənabları bu universitetin qurulmasını özü istəmişdi. Qeyd etdiyim məsuliyyət bizdə o fikri yaratdı ki, biz mütləq ən yaxşısını etməliyik. Bütün yoldaşlarla da məsuliyyətlə çalışırıq. Burada hər hansı müvəfəqiyyət varsa, bunda əsgərdən komandana qədər hər kəsin payı var. Bu məsuliyyət duyğusu ən aşağıda çalışan insandan ən yüksək vəzifədə çalışana qədər hər kəsin iliklərinə qədər işləyib. Eyni zamanda, bu universitet türk xalqının qoyduğu investisiyalarla yaradılıb. Azərbaycan xalqı da bizə güvənib, övladlarını təhsil almaq üçün bura göndərir. Bilirsiniz ki, xarici ölkələrə Azərbaycanda universitet açmaq hüququ verilmir. Amma belə bir hüquq "Qafqaz" Universitetinə verilib". [b]Yeni texnologiyalı, ailə mühitli təhsil sistemi [/b] Rektor deyir ki, rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlə tələbə arasında dostluq, qardaşlıq münasibəti var. Onun sözlərinə görə, müəllim-tələbə heyətinin münasibətlərinin yaxın olması bir ailə ortamı yaradır və bu da daha yaxşı işləmək imkanı verir: "Bu ailədə valideynlər müəllimlər, tələbələr isə övladlardır. Bizdə 20 nəfər tələbəyə bir müəllim düşür. Bununla da həmin 20 nəfərin hər bir məsələsinə müəllim nəzarət edir. Məsələn, tələbə 3 gün dərsə gəlmədikdə, özü ilə, yaxud valideynləri ilə danışırıq. Bizim 3 minə yaxın tələbəmiz var, amma buna baxmayaraq, hər birinə nəzarət imkanımız var. Yəni, professor, müəllim sadəcə dərs deməklə kifayətlənmir, həm də tələbənin problemləri ilə maraqlanır. Mən məzun olacaq tələbələrlə görüşəndə soruşuram ki, sizi burda ən çox nə etkiləyir, ən çox söylədikləri şey tələbə-müəllim münasibətləridir. Biz bundan çox yaxşı faydalandıq. Universitetimizdə elə bir mühit var ki, heç kim "mənim qiymətim aşağıdır",- yaxud "narazılığım var",- kimi fikirlər səsləndirmir. Eyni zamanda, tələbələrin ailədəki sorunları barədə danışa biləcəkləri ünsiyyət meydanı da var. Bu, həm də ona səbəb olur ki, tələbə müəllimə yersiz bəhanələr gətirmir. Bəzən sinifdə qalır, amma mənasız və əsası olmayan bəhanə gətirməkdən çəkinir. Məncə, bu münasibətlər sistemi təhsil üçün çox önəmlidir". Müsahibimiz Türkiyə ilə Azərbaycan təhsil sistemindəki fərqliliklər, türk və azərbaycanlı tələbələr arasındakı fərqli cəhətlər barədə də fikirlərini bildirib. A.Sanıcın sözlərinə görə, Azərbaycan təhsil sisteminin bütün ayrıntıları barədə məlumatsızdır. Amma "Qafqaz" Universitetinin Türkiyədəki ali məktəblərlə hər hansı bir fərqi yoxdur, hətta daha yaxşıdır: "Çünki yuxarıda qeyd etdiyim məsələlər Türkiyə universitetlərində tam qurulmuş deyil. Dövlət nəzdində olan 50-60 minlik universitetlər var. Bizim bu sistemi o sistemin içərisinə yerləşdirə bilməzsiniz. Amma ikisi arasında hansı fərq var deyəndə, Türkiyə universitetlərində də, "Qafqaz" Universitetində də texnologiyalar sonuna qədər tətbiq olunub və son dərəcə yüksək səviyyəli texnologiyadan istifadə edilir. İkincisi, bizim professor-müəllim heyəti dünyaya açıqdır. Yəni, müəllim heyəti xarici ölkələrə gedib-gələn və ya dünyanın müxtəlif yerlərində doktorluq müdafiə eləmiş insanlardan formalaşır. Özəlliklə bizim təhsil sistemi Qərb dünyası ilə əlaqədədir. Bu səbəbdən də dünyadakı irəliləyişləri hər addımı ilə təqib etmiş olur". Müsahibimizin dediyinə görə, bu ənənə yavaş-yavaş Azərbaycanda da formalaşmağa başlayıb: "Son illərə qədər Azərbaycanda professorlar yalnız rusca bilirdilər, ingiliscə bilmirdilər. Amma təhsil sahəsində çalışan adamlar artıq ingilis dilini də öyrənirlər. Təbii ki, sistemin tamamiylə formalaşması müəyyən zaman aparacaq və dünyada elmin ən irəlidə olduğu ölkələrdən bura yeniliklər gətirəcəklər. Üçüncüsü, kredit sistemi ilə tədris aparılmasıdır. Bu məsələdə "Qafqaz" Universitetinin çox böyük rolu olub. Çünki biz əvvəlcədən kredit sistemli dərs keçmək metodunu tətbiq etmişik. Yəni, metodoloji cəhətdən Azərbaycana belə bir qatqımız var. Türkiyə ilə müqayisə etdikdə isə, orda bu sistem 1950-ci illərdə qurulub. Sinif keçmək sistemində 3 fəndən imtahandan keçə bilməyən tələbə növbəti ildə bildiyi fənləri də oxumaq məcburiyyətində qalır, amma kredit sistemində yalnız keçə bilmədiyi fəndən imtahan verir, hansı kursda olması da elə önəmli deyil". [b]Sosial dayanışma və keyfiyyətli tədris metodu [/b] "Qafqaz" Universiteti yüksək bal toplayan tələbələrə təhsil haqqı ilə bağlı güzəştlər edir. Ən yüksək bal toplayanlar təhsil haqqından tamamiylə, bir qədər aşağı balı olanlar isə 50, 25 faiz güzəşt əldə edə bilirlər. Maraqlıdır, görəsən, bu bir sosial layihədir, yoxsa "yaxşıların yaxşısı ilə işləmək"- prinsipidir? Ahmet bəy isə deyir ki, buna sosial sorumluluq demək daha yaxşı olar: "Türkiyədə də bu sistem tətbiq olunur. Başarılı olub və millətinə faydalı ola biləcək övladlar təəssüf ki, yüksək səviyyəli universitetlərdə oxumaq imkanında olmaya bilərlər. Bax, bu cür istedadlı gənclərə yardımçı olmaq lazımdır. Biz əvvəldən yüksək ballı tələbələrə ödənişsiz, yarımücrətli təhsil veririk. Amma buna rəğmən hər kəsə yardımçı ola bilmirik, bir çox insan boynubükük geri qayıdır. Çox şükür ki, prezident İlham Əliyev cənablarının sərəncamı ilə təqaüd alan tələbələr, sadəcə, dövlət universitetlərinə deyil, özəl universitetlərə də sənəd verməyə başladılar. Mənim qənaətimcə, bu, ictimai məsuliyyətdir. Hətta bizim bəzi zəngin insanlar imkanı olmayan tələbələrə təqaüd də verirlər. Dövlətimiz zatən başarılı tələbələrə Prezident təqaüdü, yaxud digər təqaüdlər verir. Hesab edirəm ki, təhsildə müvəfəqiyyət əldə edən gənclərə dəstək olmaq lazımdır. Azərbaycanda bu sahədə müəyyən addımlar atılır və yəqin ki, bu addımlar daha da sürətlənəcək". Yüksək bal toplayan tələbələrin universitetə cəlb olunmasının bir prinsip olduğunu da etiraf edən rektorun sözlərinə görə, təxminən 20 ilə yaxındır ki, bu prinsiplə işləyirlər: "Biz şərəf duyuruq ki, yüksək bal toplayan tələbələr bizi seçir. Məsələn, ötən il qəbul imtahanlarında 7 tələbə 700 bal topladı, onlardan 4-ü "Qafqaz" Universitetinə gəldi, bu il də 4 nəfər idi, 4-dü də bizi seçdi". Prezident təqaüdçülərinin sayının 25 nəfər civarında olduğunu deyən rektor düşünür ki, bu, gələcək illərdə daha çox olacaq: "600-dən yuxarı bal toplayan tələbələrin sayı 200-ü keçdi. Bunların hamısı önəmli məqamlardır. Bizə düşən sorumluluq da əslində bizi sevindirir, amma məsuliyyətimizi də artırır". [b]Diplomlu işsizlər, yoxsa tələbata cavab verən ixtisaslı kadrlar? [/b] Qeyd edək ki, ali təhsil müəssisəsinin əsas vəzifələrindən biri əmək bazarının tələbatına uyğun ixtisaslı, bacarıqlı və savadlı kadr yetişdirməkdir. "Qafqaz" Universitetinin bu sahədə uğurları kifayət qədərdir. A.Sanıcın sözlərinə görə, "Qafqaz" Universitetini bitirənlərin iş problemi olmur: "Bizim karyera planlama mərkəzimiz var. Şirkətlər, yaxud dövlət müəssisələri bu karyera mərkəzinə vakant yerlərlə bağlı müraciət edirlər. Biz də bunu tələbələrə bildiririk, onlar da istədikləri işi seçə bilirlər. "Qafqaz" Universiteti bir marka olduğu üçün bizim işsiz məzunumuz yoxdur. Kimsə işsiz qalsa da, bu, 3 aydan çox çəkmir. Məzunlarımız arasında işsizlik 3-4 faizi keçmir. O da zaman-zaman olur və bu sahədə biz çox şanslıyıq". Azərbaycanın yetişmiş kadra çox ehtiyacı olduğunu nəzərə çatdıran həmsöhbətimiz deyir ki, məzunların daha tez iş tapmalarının mənfi tərəfi də var. Onun sözlərinə görə, gələcəkdə yüksək səviyyəli elm adamı ola biləcək gənclərin karyera arxasınca qaçması müəyyən sıxıntılar yaradır: "Yüksək ixtisaslı, peşəkar kadr hazırlamaq üçün keyfiyyətli və yüksək səviyyəli təhsil sistemi lazımdır. Biz bunu müəyyən dərəcədə reallaşdırmışıq. Bəzən çox istedadlı tələbələr olur ki, onlar çox istedadlı alim, professor ola biləcəkləri halda, paraya-pula aldanıb işə başlayırlar. Amma buna rəğmən bizim universitetin kadrosunun böyük bir qismi xaricdə doktorantura oxuyaraq, geri qayıdıb burada dərs deyirlər. Bir çox tələbələrimiz magistr imtahanlarında çox başarılı olurlar. Həmin gəncləri də elmə doğru yönləndirir, professorluğun nə olduğunu bəri başdan təlqin etməyə çalışırıq. Elm adamının maliyyə vəziyyəti aşağı ola bilər, amma mən inanıram ki, yaxın gələcəkdə bu sahədə daha yaxşı şərait yaranacaq. Xəbərlərdə oxuyuruq ki, elm adamlarının maaşlarında 10-20 faiz artım olur. Bu yöndə atılan addımlar təbii ki, müsbətdir. Elm adamına qiymət vermək, elmin inkişafına səbəb olan amillərdəndir. İnşallah, elmə ayrılan maliyyə vəsaitləri daha da artar və gənclərimiz elmə istiqamətlənməkdə maraqlı olarlar". [b]"Nobelçi alimlər yetişdirmək üçün qolları çırmadıq" [/b] Gənclərin elmə marağını artırmağın ən vacib məsələ olduğunu diqqətə çatdıran Ahmet bəy deyir ki, bu dörd illik zaman zərfində professor tələbəyə elə dərs deməlidir ki, o, peşəsindən əvvəl professorunu sevməlidir: "Biz bunları tətbiq etməyə çalışırıq. Yəni, burada tələbə professorunu çox sevir. Bundan sonra araşdırma eşqi meydana gəlir. Bizim 10 dənə elmi tədqiqat mərkəzimiz var. Hər sahəyə aid, hər tələbənin gedə biləcəyi tədqiqat mərkəzlərimiz fəaliyyət göstərir. Biz deyirik ki, bu tədqiqat mərkəzləri müəllimlər üçün qurulmayıb və tələbə çalışdırmayan tədqiqat mərkəzi bizim üçün keçərli deyil. Odur ki, müəllimlər də tələbəylə bərabər işləyəcəklər və bu elmi sevdirəcəklər. Mən, elm sahəsinə gələn gənclərin artdığını görürəm". A.Sanıç onu da qeyd edib ki, artıq profillərini dəyişiblər: "Əvvəllər orta səviyyəli tələbələr gəlirdi. Onlara söylədiyim sözlər bu idi: "Ən yaxşı mütəxəssis olun". Amma indi elə demirəm. O qədər dəyərli tələbələr gəlməyə başladılar ki, artıq onların elm adamları - "Nobel"çi alim kimi yetişdirməyi qərarlaşdırmışıq. İndi qolları çırmadıq, işə başladıq. Ötən müddət ərzində bununla bağlı strateji planlar hazırlandı. Üç-dörd gün müəllimlərlə müzakirələr apardıq. Düşündük ki, tələbədə necə maraq oyatmaq olar, yaxud tələbədə hansı özəllik olmalıdır ki, xaricdə də oxuya bilsin. Yəni, Azərbaycan məkanında oxuyub dünyaya çıxa bilmədən "Nobel" mükafatı almaq mümkün deyil. Ona görə də dünyanı bilmək lazımdır. Təhsil sahəsində öz sözümüzü demişik, ixtisaslı kadrlarımız var. İndi də elm sahəsini inkişaf etdirib "Nobel"çi alimlər yetişdirməliyik". [b]"Azərbaycandakı minimumlarla yetinmək istəmirik" [/b] Məlum olduğu kimi, artıq doktoranturaya qəbul imtahanı başa çatıb. Qəbul elan edilən ali təhsil ocaqları arasında "Qafqaz" Universiteti də var. Ahmet bəyin sözlərinə görə, onlar üçün ayrılan 20 doktorant yerinin hamısı tutulub: "Bura xarici vətəndaşlar da əlavə olundu. Zənn edirəm ki, 30-40 aspirantımız işə başlayacaqar. Onu da qeyd edim ki, bununla bağlı xeyli sayda müraciətlər oldu. Biz də onların içərisindən ən yaxşılarını seçdik. Doktoranturaya qəbul olanların bir qismi bizim magistraturanı bitirmiş gənclərimizdir. Niyyətimiz odur ki, bu yoldaşlara Türkiyəyə bənzər doktorluq təhsili verək. Yəni, Azərbaycandakı minimumlarla yetinmək istəmirik. Onlara əlavə dərslər də verəcəyik. Həmin dərslər əsasən elmin inkişafı və dərin tədqiqatlar mövzusundan olacaq. Bu dərslər daha çox qarşılıqlı, dartışmalı dərslər olacaq. Yəni, müəllimin oxuyub, digərlərinin dinlədiyi deyil, davamlı müzakirəli mühit formalaşdırmağa çalışacağıq. Beləcə, bir elm məkanının daha da inkişaf etdirilməsi yönündə addımlar atacağıq". [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA