ilham Əliyev AMEA Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasiminə qatılıb

img

28-11-2011 [03:23]


Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı kitabxananın eskiz layihəsi ilə tanış olub. AMEA-nın prezidenti Mahmud Kərimov və layihənin icraçısı ?Azəraqrartikinti? Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev məlumat veriblər ki, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılıb. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir. Bildirilib ki, kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması üçün nəzərdə tutulub. Fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaq. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxənin saxlanılması mümkün olacaq. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcək. Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanıb. Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaq. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcək. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, minimətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcək. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulmuşdur. Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcək. Dövlət başçısına məlumat verilib ki, kitabxanada, həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaq. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcək. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcək. Burada, həmçinin linqvistik mərkəz də yaradılacaq. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır. Kitabxananın 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb. Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA