"Azərbaycan elmində heç bir iz görməyib əvəzində illərlə pul alanlar kütləviləzib"

img

21-11-2011 [07:00]


9;bülhəsən Abbasov: "Bu gün AMEA-da, ali məktəb sistemindəki maliyyə məsələlərində müxtəlif xoşagəlməzliklər, israfçılıq, sosial ədalətin pozulması halları var" [/b] Bir neçə il əvvələ qədər ciddi problemləri olan Azərbaycan elminin inkişafı istiqamətində görülən tədbirlər artıq nəticəsini verir. Amma elm ictimaiyyətinin nümayəndələri hələ də problemlərin, çatışmazlıqların, idarəetmədə qüsurların olduğunu bildirirlər. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov da müsahibəsində mövcud problemlərdən və onların həlli yollarından danışdı: - Bu gün Azərbaycanın elm sahəsində yüksək səviyyədə olmasa da, müəyyən irəliləyişlər var. Elmin inkişafı istiqamətində son dövrlər xeyli işlər görülüb, bu işləri qaralamaq düzgün deyil. Amma müəyyən problemlər də var. Düşünürəm ki, kadr siyasətində, idarəetmədə, elmi istiqamətlərin müəyyənləşdirilməsində, alimlərin dəyərləndirməsində, yeni kadrların hazırlanmasında və s. problemlərin həllində bütövlükdə intellektual resurslar zamanın tələblərinə uyğun formalaşmalıdır. Yəni, bu gün intellektual resurslar yeni məzmunda, yeni mahiyyətdə qurulmalı, idarəetmə elmi əsaslara söykənməlidir. Təəssüf ki, hələ bizdə qeyd etdiyim faktorlar yoxdur, yaxud da ayrı-ayrı sahələrdə işartıları varsa da, bu, kifayət deyil. Cəmiyyət, dövlət ilk növbədə buna diqqət yetirməlidir. Belə olduqda, həm elmlərarası əlaqələri, həm də ayrı-ayrı elmlərin öz daxilində əlaqələrini düzgün təşkil eləmək olar və intellektual resursların formalaşmasında, onların istifadə qaydasında nizam yaranar. Eyni zamanda elmi mühitdə ədalət öz yerini daha qabarıq tutar, dayanıqlı olar və elmdəki keçici, təsadüfi hallar aradan götürülər. Yəni, bütövlükdə elm sahəsində intellektual resursların idarə olunması ilə bağlı ciddi kompleks islahatlar aparılmalıdır. - Son dövrlər elm sahəsindəki problemləri əsasən əməkhaqqı azlığı ilə əlaqələndirirlər. Siz isə məsələyə daha fərqli yanaşırsınız. Necə düşünürsünüz, maliyyə məsələləri o qədər önəmli deyilmi? - Platonun dediyi kimi, hər bir keyfiyyət müəyyən bir kəmiyyətin üzərində formalaşır. Yəni elmi mühitin, elmi idarəçiliyin də təməlində ciddi faktorlardan biri kəmiyyət, maliyyə, maddi-texniki məsələlərdir. Bunlar isə dövrün, zamanın tələblərinə cavab verən idarəetmə mexanizmi ilə tənzimlənməlidir. Amma bu gün AMEA-da, ali məktəb sistemindəki maliyyə məsələlərində müxtəlif xoşagəlməzliklər, israfçılıq, sosial ədalətin pozulması halları var. İntellektual resursların idarə olunmasında maliyyə önəmli məsələlərdəndir. Ona görə də elə etmək lazımdır ki, sui-istifadələrə yol verilməsin, ayrılan vəsait məqsədli xərclənsin. Sözsüz ki, əməkhaqqı azdır, amma mən məsələyə daha geniş miqyasda baxıram. Maaşların kor-koranə şəkildə artırılmasının da tərəfdarı deyiləm. Hər bir elmi təşkilatda, institutda elə adamlar var ki, nəinki bu il, heç 20 il bundan əvvəl də hansısa elmi fikir verməyib, hansısa elmi potensialı yoxdur. Amma həmin adamlar davamlı olaraq maaşını alır, üstəlik, heç bir iş də görmür. Təəssüf ki, Azərbaycan elmində heç bir iş görməyib əvəzində illərlə pul alanlar kütləviləşib. Onlar bəzən həqiqi, səriştəli, bilikli alimləri say etibarı ilə ötürlər. İndi onların maaşını artırıb, sonra da demək ki, ziyalının, alimin maaşını artırırıq, məncə, bu düzgün deyil. Hesab edirəm ki, bu məsələyə, mexanistik xətti təfəkkürlə, cəbri üsulla yanaşmaq doğru olmazdı. Yəni, hər kəs gördüyü işin keyfiyyətinə görə qiymətləndirilməlidir. - Azərbaycan elmində qocalma tendensiyası da ciddi problem kimi qoyulub və müzakirə olunmaqdadır. Siz necə düşünürsünüz, gənclərin elmə gəlişi hansı səviyyədədir? - Bu suala birmənalı cavam vermək olmur. Desək ki, gənclərin elmə marağı yoxdur, bu da düz çıxmaz, ancaq desək ki, gənclərin elmə kütləvi marağı var, onda da səhv olar. Amma mənim müşahidələrim göstərir ki, elmə sevgisi, yanğısı olan gənclər var. Sadəcə olaraq, intellektual sahədəki problemlərin vaxtında həll olunmaması, bəzən də bürokratik maneələr, eyni zamanda siz dediyiniz, maliyyə məsələlərinin nizamlanmaması və s. gənclərin elmə gəlməsinin qarşısını alır. Yəni, istedadlı gənclərin elm sahəsinə gəlişi zəifləyib. Elə gənclər var ki, həqiqən də qabiliyyətlidir, savadlıdır, kifayət qədər formalaşıb, amma çalışır ki, hansısa xarici şirkətdə işləsin, cavanikən yüksək maaş alsın. İlk növbədə gəncin getdiyi yer ona ifadə olunmaq imkanı verməlidir, eyni zamanda onun əməyinə, istedadına, bacarığına uyğun maddi təminatı olmalıdır. Gənc hiss etməlidir ki, yaxın perspektivdə istedadı, zəhmətsevərliyi ilə nüfuz sahibi ola, maddi cəhətdən özünü təmin edə, elmi mühitdə söz sahibi ola bilər. - Bir zamanlar hüquq və tarix elminə maraq var idisə, son dövrlər iqtisadiyyata meyl artıb. Bəs fəlsəfə sahəsinə necə, gələnlər varmı? - Elmə maraq ilk növbədə o elmin lazımlı olmasından doğan məsələdir. Mən birmənalı deyə bilərəm ki, fəlsəfə həmişə cəmiyyətin, dövlətin, o cümlədən şəxsin inkişafında müstəsna rol oynayıb. Ciddi transformasiyalar dövründə isə fəlsəfəyə tələbat daha da artır. Eyni zamanda elə məsələlər var ki, milli səciyə daşıyır. Milli səciyə daşıyan fenomenlərin tədqiqini də hansısa əcnəbi alimlər edəsi deyil. Bu baxımdan fəlsəfəyə çox böyük ehtiyac olub və bu gün də var. Bundan da o irəli gəlir ki, ayrı-ayrı gənclərdə fəlsəfəyə maraq var. Hesab edirəm ki, fəlsəfə sahəsində kadr seçimi daha ciddi olmalıdır. Şikəst təfəkkürlü insanlar bu sahəyə daha çox ziyan verə bilərlər. Özlərini fəlsəfəyə fəda edə biləcək şəxslərin bura gəlməsinə şərait yaratmaq lazımdır. Bu sahəyə gənclərin də meyllənməsini təşviq etmək üçün daha ciddi tədbirlərin həyata keçirilməsi labüddür. - Hamı islahatların aparılmasının, tədbir görülməlisinin vacibliyini deyir. Bəs, bunları kim həyata keçirməli, kimlər bu işə dəstək verməlidir? Bu işi dövlət etməlidir, yoxsa elm sahəsində rəhbər vəzifə tutan şəxslər? - Mən sadəcə təklif vermirəm, atüstü fikir səsləndirmirəm. Bu barədə kifayət qədər yazılarım da olub, mövqeyimi məqalələrimdə bildirmişəm, təkliflərimi vermişəm. Vaxtiylə "Azərbaycan" qəzetində də mənim yazılarım dərc edilib. Şübhəsiz ki, bu təkliflərə olan reaksiya mənim qane etmir. Sizin vurğuladığınız kimi, elmə rəhbərlik edən şəxslər, ayrı-ayrı elmi-tədris müəssisələrinin rəhbərləri, eyni zamanda yuxarı orqanda bu sahəyə cavabdeh olan insanlar maraqlanmalıdırlar, söhbətə çağırmalıdırlar, fikir mübadilələri təşkil eləməlidirlər. Bu müzakirələrdə problemləri gündəmə gətirməlidirlər, lazımdırsa, səslənən təkliflər ictimai müzakirəyə çıxarılmalıdır. Eyni zamanda alimlərin biliyindən, qabiliyyətindən istifadə edib, yeni nəzəri əsaslar hazırlanmalıdır. Yəni, təkliflər nəzərə alınmalı, təhlili aparılmalıdır. Hətta yeri gəlsə, dəfələrlə görüşmək də lazımdır. Əlbəttə ki, burada süründürməçilik, biganəlik olmamalıdır. Əgər inkişaf istəyiriksə, bu sahədə operativ işlər görülməlidir. - Əbülhəsən müəllim, Azərbaycanda elmi ad və dərəcə almaq dəbdə olduğu üçün son illər bəzi iş adamları, vəzifə sahibləri əyri yollarla bu imkanı əldə edirlər. Ümumiyyətlə, elm sahəsində belə bir şəraitin yaranmasına görə kimi təqsirkar sayırsınız? - Hardasa iki il öncə akademik Ramiz Mehdiyevin ciddi bir tənqidi məqaləsi dərc olunmuşdu - "İctimai və humanitar elmlər: Zaman kontekstində baxış". Həmin məqalə çox böyük reaksiya doğurdu, müzakirələr getdi, o cümlədən mənim də münasibətimi bildirən yazım "Azərbaycan" qəzetində çap olundu. O məqalədə siz deyən məsələ də qeyd olunmuşdu ki, elmi adların, dərəcələrin verilməsində çox böyük neqativ hallar var. Məsələn, hansısa dövlət vəzifəsində işləyənlər, yaxud iş adamları elmə töhvə vermədən qeyri-qanuni yollarla elmi ad ala bilirlər. Bu tənqidi dövlətin rəsmi şəxsi də öz məqaləsində qeyd edib. Mən də mətbuatda qeyd etdiyiniz məsələ ilə bağlı çıxış etmişəm. Düzdür, mənə irad tutanlar da oldu. Dedilər, oğlun, qızın müdafiə eləmir, nəyinə lazımdır ki, bu məsələləri qaldırırsan? Mən başa düşürəm, çox vaxt tənqidi qəbul eləmirlər, bəzən də onu qərəz kimi başa düşürlər. Ancaq mən ziyalı borcu bilərək, bu kimi məsələlərdə öz mövqeyimi bildirirəm. Bəli, elmi adların, dərəcələrin qeyri-qanuni yollarla, tapşırıqla və digər üsullarla verilməsi halları bu gün də davam edir. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Bunun üçün məsuliyyət daşıyan vəzifələrdə hazırlıqlı, yetkin, kamil və əməli təmiz adamlar olmalıdır. Hansısa bir vəzifəyə o şəxsi təyin etməlidirlər ki, onun bütün parametrləri həmin təyinata cavab versin. Əlbəttə ki, iş, təkcə bununla yekunlaşmır, orda çox-çox məsələlər var. Hətta düşünmək olar ki, hansısa qurumu dəyişmək, yaxud ləğv eləmək lazımdır. Bizim ictimaiyyətdə belə bir söhbət gedir ki, Prezident Yanında Ali Attestasiya Komissiyasına ehtiyac yoxdur, onu ləğv etmək lazımdır, çünki bir çox ölkələrdə belə bir qurum mövcud deyil. O qurumu keçmiş sovetlər ittifaqının yadigarı kimi görürlər. Mən birmənalı deyə bilmərəm ki, bu gün o quruma ehtiyac var. Amma ehtiyac varsa da, Ali Attestasiya Komissiyası yeni tələblər səviyyəsində işləməlidir, istər tərkibi, istər işlərin aparılması baxımından cəmiyyətin marağına uyğun gəlməlidir. Siz qaldırdığınız məsələ doğrudan da ciddi problemdir, amma mən deyə bilmərəm ki, o məsələ həll olunub və qısa müddətdə həll oluna bilər. Onu da qeyd edim ki, o məsələnin özü ciddi münasibət tələb edir. İlk növbədə, əlbəttə ki, məsələyə dövlət tərəfindən, eyni zamanda ictimaiyyətin də özünün ciddi münasibəti olmalıdır. - Son dövrlər AMEA-da və digər elmi-tədqiqat müəssisələrində struktur dəyişikliklərinin olması ilə bağlı təkliflər səslənir. Bu barədə nə düşünürsünüz? - Söhbət intellektual resursların yeni əsasda təşkilindən, idarə olunmasından gedirsə, təkcə AMEA-da yox, bütövlükdə, təhsil, elm, mədəniyyət sahələrində aidiyyatı qurumlarda zəruri struktur dəyişiklikləri aparılmalıdır. Çünki yeni funksiyalar ortaya çıxır, o funksiyalar müvafiq strukturlara söykənməlidir. Eyni zamanda strukturlararası əlaqələr yenilənməlidir. Artıq yeni səpkidə idarəetmə qurulanda təşkilati, koordinasiya, subardinasiya məsələlərində yeniləşmə baş verməlidir. Şübhəsiz ki, bunun üçün struktur dəyişikliklərinə gedilməlidir, ancaq bu struktur dəyişmələri elmin tələbindən, cəmiyyətin mənafeyindən irəli gəlməlidir, hansısa subyektiv, yaxud qrup maraqlarından irəli gəlməməlidir. Kiminsə iddiasını ödəmək üçün hansısa bir şöbə açmaq qətiyyən olmaz. Çox təəssüf ki, bu gün belə hallar var. Elmin özünün inkişaf tələblərindən, cəmiyyətin marağından, onun inkişafını, tərəqqisini təmin edə biləcək zərurətdən doğan sturuktur və funksional dəyişmələr getməlidir. Əks təqdirdə hansısa inkişafa nail ola bilmərik. - Əbülhəsən müəllim, son günlər gündəmdə olan məsələlərdən biri də tanınmış alim Rafiq Əliyevin işdən çıxarılmasıdır. Bununla bağlı nə deyə bilərsiniz? - Bu hadisə təkcə görkəmli alim Rafiq Əliyevə olan münasibət deyil, bütövlükdə elmə, həqiqi alimlərə, vətəndaş mövqeli intellekt sahiblərinə qarşı çox qəbahətli, qərəzli münasibətin ifadəsidir. Belə addımlar milli mənafeyə, dövlətçiliyə xidmət etmir. Rafiq müəllimi kafedra müdirliyindən kənarlaşdırmaqla həm sifarişçilər, həm də icraçılar böyük səhvə, günaha imza atıblar. Onu da qeyd edim ki, Rafiq Əliyev bu vəzifədən çox-çox yüksəkdə dayanan şəxsiyyətdir və onun şöhrəti heç də tutduğu vəzifəyə görə müəyyənləşdirilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA