Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

img

14-11-2011 [12:01]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 16 m3/san. artaraq 181 m3/san. təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.65-7.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA