Binəqədi qəsəbə bələdiyyəsində qanun pozuntuları - Nazirlik rəsmisinin iştirak etdiyi iclasda gərginlik

img

06-09-2018 [13:52]


Bu gün Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsində bələdiyyə üzvlərinin iclası olub.

Mia.az-a daxil olan məlumata görə, saat 12-də bələdiyyə sədri Aytac Əliyevanın sədrliyi ilə baş tutan iclasın gündəliyində 3 məsələ:

1. 15 sentyabr "Bilik günü” münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı ailələrin məktəbli uşaqlarına məktəb ləvazimatlarının yardım edilməsi barədə; ( 5 ailənin siyahısı )

2. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi Qəsəbə Bələdiyyəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən 179, 182 və 205 saylı tam orta məktəbdə 11 illik təhsil almış və Ali məktəblərə yüksək bal toplayan tələbələrlə görüşün keçirilməsi;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatının müzakirəsi haqqında məsələlərin müzakirəsi olub.

Məlumata görə, iclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Seymur adlı rəsmi nümayəndəsi də iştirak edib: "İclasda bələdiyyənin bir sıra qanun pozuntularına yol verdiyi qeyd olunub. Bunu Ədliyyə Nazirliyinin nümayəndəsi qaldırıb. Lakin iclasda iştirak edən nazirliyin nümayəndəsi Seymur müəllim ümumi sözlərdən konkretliyə varmayıb. Yəni iclasda iştirak edən bələdiyyə üzvlərinə aydın olmayıb ki, nazirliyin göndərdiyi və prokurorluğun müəyyən etdiyi qanun pozuntuları nələrdən bəhs edir. Ancaq nazirlik rəsmisi soruşdu ki, bələdiyyənin topladığı vergilər hara xərclənib? Yəni bunun hesabatını istəyən zaman bələdiyyə sədri özünü itirdi..".

Məlumatda o da qeyd olunur ki, bundan əvvəl də bir neçə dəfə bələdiyyənin iclası çağırılıb. Lakin hər dəfə yetərsay alınmayıb. Bələdiyyə sədri isə bundan istifadə edərək, gələn üzvlərə iclasın guya baş tutması haqda saxta imza atmağa məcbur edib: "Məsələn, sabiq icra başçısı Xaləddin İsgəndərovun qohumu var, Pərviz Verdiyev. İcra başçısı dəyişəndən iclaslara gəlmir. Ondan başqa Rais Rəsulov, Vüqar Həsənov, Zaur Hüseynov da iştirak etmirlər. Qanuna görə, əgər bir üzv 3 iclasda üzrsüz səbəbdən iştirak etmirsə, o, avtomatik üzvlükdən xaric olunmalıdır. Görünür, zamanında Binəqədi rayon qeydiyyatında olmayan, amma buna rəğmən, qəsəbədən bələdiyyə üzvü seçilərək, sədr olmağı bacaran Aytac Əliyevaya bu sərf edir. Ona görə iclasa gəlməyənlərə qarşı şübhəli susqunluq nümayiş etdirir. 

Digər yandan, belə görünür ki, Aytac Əliyeva toplanan vergiləri də istədyi kimi xərclədiyindən bu gün onun hesabatını da verə bilmir. O üzdən onun niyə vaxtlı-vaxtında iclas keçirməməsini anlamaq olar. Çünki belə də ondan xərclərin hesabatını tələb edən olmur. Sözüm odur ki, yaxşı ki, budəfəki iclasda Ədliyyə Nazirliyindən nümayəndə iştirak etdi, yoxsa heç prokurorluğun təqdimatından da xəbərsiz olacaqdıq...".

Binəqədi qəsəbə bələdiyyəsindən isə Mia.az-a qeyd edilən məlumatda yer alan bəzi məqamların  doğru olmadığı bildirilib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA