126 saylı məktəb ləğv olundu, valideynlər aksiya keçirdi - Prezidentə müraciət(Yenilənib)

img

31-08-2018 [14:45]


126 nömrəli tam orta məktəbdə ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb.

Bu barədə 126 nömrəli məktəbdən Modern.az-a məlumat verilib. Bildirilib ki, bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. 

Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki "Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında "Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək. Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur./Modern.az


**** 


126 nömrəli məktəbin şagirdləri valideynlərinə heç bir məlumat verilmədən müxtəlif məktəblərə köçürülüblər.

Mia.az xəbər verir ki, bu barədə qaynarinfo-ya valideynlərdən biri məlumat verib.O, nazirin müvafiq əmri ilə məktəbin idman təmüyyülü ediləcəyinin əsas göstərildiyini bildirib:

"İdmançılar üçün idman təmayüllü məktəb adı ilə biz valideynlərə heç bir məlumat verilmədən uşaqlarımızı ayrı-ayrı məktəblərə yönləndiriblər. Tədris ilinin başladığı bu ərəfədə şagirdlərin məktəblərindən didərgin salınması doğrudurmu? Biz valideynlər olaraq avqustun 29-da məktəbin önündə aksiya keçirərərk, etirazımızı bildirdik".

Qeyd edək ki, məktəbin müəllimləri də harada dərs deyəcəkləri barədə məlumatlandırılmayıblar. Onlar iş yerlərini itirməkdən qorxurlar. Bu səbəbdən məktəbin kollektiviölkə başçısına və I vitse-prezidentə müraciət ünvanlayıb.

Həmin müraciəti sizlərə təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə,
Azərbaycanın birinci xanımı,1-ci vitse-prezident Mehriban xanım Əliyevaya

Cənab Prezident, çox hörmətli 1-ci vitse-prezident!

Sizə məktubla müraciət edən Bakı Şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev – 95 ünvanında yerləşən şəhid Tərlan Heybətovun adını uzun illərdir daşıyan 126 saylı tam orta məktəbin müəllim, texniki heyəti və həmin məktəbin valideyn kontingentidir- bir sözlə Azərbaycan vətəndaşları.

Cənab Prezident, Sizin respublikamızın dayanmadan inkişafı, daxili və xarici siyasət xəttinin dinamik inkişaf yolunda əvəzsiz rolunuzun olmasını bütün Azərbaycan xalqı bilir və Sizi dəstəkləyir.

Amma bu gün bizim məktəbin taleyi sual altındadır. Belə ki, 29.08.2018-ci il tarixdə məzuniyyətdən qayıdan müəllimlər məktəbin qonşuluqda yerləşən "Vətən" idman məktəbi ilə birləşmə xəbərini aldı. Təhsil Nazirliyi tərəfindən məktəbə göndərilən Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbin direktor əvəzi, Təhsil Nazirliyinin əməkdaşıXəyyam Fərəcovkobud şəkildə müəllimlərin hüququnu pozaraq, onları dinləmədən öz tapşırıqlarını verdi. İbtidai siniflərin qonşu 244 nömrəli tam orta məktəbə köçürülməsini bildirdi. Amma ibtidai sinif müəllimlərinin "nə zaman siniflərə gedə bilərik?” sualına – " 17 sentyabrda dərs başlayanda biləcəksiniz” cavabını verdi. 5 yaşlıların qeydiyyat səhifəsində 126 nömrəli məktəbin müəllimlərinin adlarının olmaması sualı – hələ o işə baxan təhsil nazirliyinin işçisinin məzuniyyətdə olması ilə izah olundu. 5 yaşlılara dərs deyəcək müəllimlərin 02.09.2018-ci ildən başlayacaq təhsil kurslarında müəllimlərin iştirak etməməsi də "3 nəfər müəllimə yenidən kurs təşkil olunacağı” bildirildi.

Cənab Prezident, nazirliyin əməkdaşı "artıq hər iş hesablanıb, möhürlənib, təsdiqlənib. Nazirin əmrinin müzakirə olunmasının deyil, həyata keçirilməsinin vacibliyindən danışdı”.

Cənab Prezident, Sizin hərtərəfli savada, biliyə malik olduğunuz bəllidir. Təhsil nazirliyinin əməkdaşı hələ də bilmir ki, müəllim artıq indidən harada dərs keçəcəyini bilməli və valideynləri təlimatlandırmalıdır.

Cənab Prezident, Sizə bildirmək istəyirik ki, bizim ərazidə - Abay Kunanbayev 95 ünvanında 2 tam orta məktəb, 3 bağça və 6 seçki məntəqəsi fəaliyyət göstərir. Məktəblərin ərazisində 3 göydələn inşa olunub. O binalardan gələn şagirdlər sıxlığının qarşısında 1 məktəb -244 saylı məktəb necə fəaliyyət göstərəcək? Hal – hazırda Sizin və Respublikanın birinci xanımının – Mehriban xanımın təşəbbüsü ilə ucqar rayonlarda yeni məktəblərin tikildiyi bir zamanda Bakı şəhəri, Binəqədi rayonu , 7-ci mikrorayonun ərazisində 2 məktəbdən 1-nin idman litseyi,digərinin tam orta təhsil müəssisəsi olması şagird sıxlığının qarşısını ala biləcəkmi? 2019/2020-ci tədris ilində ibtidai bazası olmayan bir məktəbdə 5-11-ci siniflərdə şagird azlığı olacağı təqdirdə həmin siniflərdə işləyən fənn müəllimlərinin aqibəti necə olacaq? Təhsil Nazirliyi 80 nəfərlik idman məktəbinə 1005 nəfərlik tam orta məktəbi qurban verir.

Cənab Prezident, inanırıq ki, 126 saylı məktəbin müəllim və valideyn heyətinin gələcək fəaliyyəti Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə öz həllini tapacaq.

Hörmətlə:
Şəhid Tərlan Heybətov adına 126 saylı məktəbin kollektivi"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA