08-11-2011 [05:58]
[b]Prorektor Eldar Aslanov təhsildə kadr sahəsindən tutmuş, maliyyələşmə metodologiyalarına qədər köklü dəyişikliklərin vacib olduğunu deyir [/b]
Artıq neçə ildir Azərbaycanda təhsilin və elmin inkişafı prioritet sahəci kimi qəbul olunub, bu istiqamətdə dövlət səviyyəsində islahatlar həyata keçirilməkdədir. Xüsusiylə də ali təhsil sektorunda Avropa təhsil sisteminə inteqrasiya yolu tutulub.
Amma hələ də ali təhsildə, eləcə də elm sahəsində problemlər qalmaqdadır. Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanovla da bu barədə söhbətləşdik. Ölkə təhsilinin və elminin vəziyyətindən danışan E.Aslanov, öncə bu sahənin inkişaf mərhələlərinə nəzər saldı: "Azərbaycanda müasir təhsilin və elmin tarixi təxminən 150 illik dövrü əhatə edir. Çar Rusiyası dövründə Azərbaycanda məktəblər yaranmağa başladı. Azərbaycanda universitetin təxminən 90, orta məktəb və texniki peşə təhsilinin bir az ondan çox yaşı var.
Sovet dövründə böyük bir inkişaf yolu keçmişik. Xüsusiylə tətbiqi elmlərdə, dəqiq elmlərdə, fundamental elmi tədqiqatlarda Azərbaycan sovet elminin tərkib hissəsi kimi böyük nailiyyətlər əldə edib. Müstəqilliyə qədərki son dövr və müstəqilliyin ilk on illiyində təhsilimizdə, elmimizdə baş verən dəyişikliklər, problemlər, xüsusiylə beyin axını Azərbaycan elmini, təhsilini arzu etdiyimiz səviyyədən geri çəkib".
[b]Neft pulları və təhsilin inkişaf strategiyası[/b]
Müsahibimizin sözlərinə görə, son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar, ali təhsil sahəsində islahatlarla bağlı dövlət proqramları, hazırda üzərində iş gedən 2011-2021-ci illər startegiyası indi və gələcəkdə təhsilimizin müsbət yöndə inkişaf edəcəyindən xəbər verir: "Son 10-15 ildə təhsilin inkişafı istiqamətində islahatların dərinləşdirilməsi, xüsusiylə qanunvericilik sisteminin təkmilləşdirilməsi, ali təhsilin Boloniya prosesinə inteqrasiyası, təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Amma görüləsi çox işlər var. Görüləsi işlərimizin çox olduğunu görmək üçün yenə də mətbuat səhifələrinə baxmaq kifayətdir".
E.Aslanov görülən işlərlə yanaşı, hələ də həllini gözləyən kifayət qədər problemlərin olduğunu da qeyd edib. Prorektor deyib ki, hazırda bu istiqamətdə ciddi addımlar atılmaqdadır: "Bu gün gənclərimizin əksəriyyəti xaricdə təhsil almaq istəyir. Bir çox xarici ölkələr var ki, onların gənclərinin belə bir istəyi yoxdur. Bu arzunun əsas səbəblərindən biri xaricdə təhsilin Azərbaycandakından daha yaxşı olmasıdır. Bunun başqa bir tərəfi də var ki, xaricdə təhsil həm də ölkədən valyutanın, ölkənin milli dəyərinin xarici ölkəyə getməsi deməkdir. Təhsilimizin iqtisadiyyatı nöqteyi-nəzərindən də bu bir fakt olaraq qarşıda dayanır. Amma strategiya ondan ibarətdir ki, bu problemli vəziyyəti dərk edirik və bundan çıxmaq istəyirik. Bu vəziyyətdən çıxmağın yolu "qara qızıl"ı insan kapitalına çevirmək strategiyasıdır. Beş min gəncin xaricdə təhsil alması bu strategiyanın tərkib hissəsidir. Bu strategiya Azərbaycan təhsilinin Avropa və Amerika təhsil sisteminə inteqrasiyasıdır. Buna da addım-addım gedilir. Azərbaycan Turizm İnstitutu 2006-cı ildə yaranmış bir təhsil müəssisəsi olaraq, bu istiqamətdə üzərinə düşən vəziyyəti icra etməyə çalışır. Ümidvaram ki, biz təhsil ictimaiyyəti olaraq, bugünkü mövcud problemlərin həllinə nail olacağıq. Necə ki, bu gün rahat şəkildə deyə biliriksə, Azərbaycan neft, mədəniyyət, turizm ölkəsidir, həmçinin də onu deyə biləcəyik ki, Azərbaycan yüksək təhsil ölkəsidir. Buna gedən yol aydındır, hamımız onu görürük, bu da addım-addım gedilir. Bunun üçün kadrlar hazırlanmalıdır, ali məktəblərin idarəçiliyində müasir metodlar tətbiq olunmalıdır. Bunlar bir qərarla, fərmanla, proqramla düzələn məsələlər deyil. Bunlar ciddi və davamlı səylər tələb edir".
[b]Savadsız diplomlular və tam hazırlıqlı mütəxəssis [/b]
Həmsöhbətimizlə ali məktəblərimizdəki vəziyyətlə bağlı danışarkən imtahanlar zamanı rüşvət, tapşırıq və digər neqativ halların olması məsələsinə də toxunduq. Onun sözlərinə görə, bu kimi məsələlər Azərbaycan təhsilinin ən ağrılı yeridir: "Statistikaya baxanda məlum olur ki, ali məktəbələrə qəbul olunandan çox sayda adam məzun olur. Amma dünyanın inkişaf etmiş ölkələrində qəbul olunanların 40-60 faizi məzun ola bilir. Bu da təhsil müəssisələrində ciddi bir sistemin mövcudluğundan xəbər verir. Bizim institut artıq iki ildir ki, məzunlarını əmək bazarına təklif etməyə başlayıb. Ötən il 174, bu il 192 nəfər tələbəmiz məzun oldu. Təəssüflər olsun ki, bu, bizim 4 il əvvəl qəbul elədiyimiz tələbə sayı deyil. 2007-ci ildə bizim ali məktəbə 310 nəfər tələbə daxil olmuş, onlardan təxminən 50 nəfəri qiyabiçi idi, onlar 5 il təhsil alırlar. Amma qalanları 8 semestrdə kreditlərini toplayıb, dövlət attestasiyasından keçməli idilər. Təəssüflər olsun ki, onların hamısı kreditləri toplaya bilmədilər. Kredit toplayanlardan da 47 nəfəri dövlət attestasiyasından keçmədi, dolayısı ilə məzun ola bilmədilər. Amma bu, dünyanın sonu deyil, onlar yenidən imtahanlar verə bilərlər. Çox təəssüf ki, bəzən insanlar müxtəlif üsullarla güzəşt tələb edirlər. Çox hörmətli ziyalılar olur ki, Turizm İnstitutunda görülən işlərin çox yaxşı olduğunu deyir, amma sonda kiməsə güzəşt olunmasını xahiş edirlər.
Bizim ali məktəbin də, tabe olduğumuz nazirliyin də, ölkə başçısının da aydın münasibəti var - biz qanunun aliliyini hər şeydən üstün tuturuq. Məqsədimiz tələbələrin imtahanlarda kəsilməsi deyil. Şəxsən mən özümü də tələbələrin kəsilməsində günahkar hesab edirəm. Düşünürəm ki, bizim orda hansı boşluğumuz olub ki, tələbələr buna arxayın olublar? Bir neçə dəfə bu məsələnin müzakirəsi olub, bununla bağlı əlavə işlər görülüb. Eyni zamanda, tələbələrlə aylıq görüşlər keçiririk. İstəyirik, tələbələr bilsinlər ki, bu ali məktəbdə məzun olmağın yeganə yolu normal təhsil almaq, imtahanda cavab vermək, ən azı kredit balını toplamaqdan keçir. Başqa ali məktəblərdə neqativ halların olması ilə bağlı mətbuatda məlumatlar gedir, amma mən onlar barədə şərh vermək istəmirəm. Bizim institutla bağlı da mətbuata məlumatlar çıxmışdı. Amma mən yenə də deyirəm ki, institutda keçirilən imtahanlar hər kəs üçün açıqdır, gəlib müşahidə apara bilərlər. Əgər tələbənin qiymətləndirmədən şübhəsi varsa, biz bunu digər ali məktəbə də göndərə bilirik. Yəni, biz sona qədər haqlı olduğumuzu sübut eləmək üçün bütün imkanlarımızdan istifadə edirik".
Prorektor cəmiyyətdə bir "diplom xəstəliyi"nin olması məsələsinə də toxundu. E.Aslanov təəssüflə qeyd etdi ki, cəmiyyətdə hələ də bakalavr diplomunu almağın hər şey olduğunu düşünənlər əksəriyyət təşkil edir: "Amma əsas odur ki, gənc bir vətəndaş kimi yetişsin, öz sahəsini, əmək bazarını yaxşı bilən mütəxəssisə çevrilsin.
Son dövrlər ölkəmizdə nə qədər hotellər açılıb, əksəriyyətində də çoxsaylı xarici ölkə vətəndaşları işləyirlər. Ona görə ki, biz hələki lazımi sayda mütəxəssis yetişdirə bilməmişik. Biz nəyə görə bu sahəni, bundan xəbərsiz diplomlu şəxslərin ixtiyarına buraxmalıyıq? Diplomun haqqını verən, ən azı üç dili normal, kommunikasiya səviyyəsində bilən tələbələri kadr kimi bazara təklif eləməliyik. Artıq son dövrlər Azərbaycanda açılan möhtəşəm hotellərdə nəinki sıravi işçi, hətta departament rəhbəri səviyyəsində də məzunlarımız çalışırlar. Bir ali məktəbin fəaliyyətinə veriləcək ən yüksək qiymət onun məzunlarının harda olmasıdır".
[b]Təhsili biznesə çevirənlər [/b]
Təhsilin magistratura və doktorantura pilləsini xaricdə oxduğunu və bir sıra xarici ölkələrin təhsil və elm mühiti ilə yaxınlan tanış olduğunu xatırladan E.Aslanov, Azərbaycan təhsilinin və elminin müqayisəsini də apardı. Onun sözlərinə görə, hazırda dünyada təhsillə bağlı üç mövqe var: "Birinci mövqe sovetlər sistemində olan sosial haqq mövqeyidir. Yəni, təhsil bir sosial haqdı, dövlət öz vətəndaşlarına təhsil xidməti verməlidir. Bu, pulsuz olmalıdır, standartları ölkənin vəziyyətinə uyğun formalaşa bilər. Burda təhsil dövlət üçün bir yükdür.
İkinci mövqeli ölkələrdə təhsili xidmət sahəsi hesab edirlər. Bunlar təhsili pulla satan ölkələrdir. Onlar müxtəlif üsullardan istifadə imkanı olan adamlara təhsil verirlər. Təbii ki, o pulun haqqına uyğun olaraq təhsil verilir. O təhsili almış şəxslər də dünyanın istənilən ölkəsində, istənilən şirkətində rahatlıqla iş tapa bilirlər.
Üçüncü ölkələr var ki, onlar sadaladığım iki sistemin qarışığıdır. Mən təhsil aldığım Türkiyə də demək olar ki, qarışıq vəziyyətdə olan ölkədir. Son dövlər Türkiyədə təhsili bir xidmət və biznes sahəsinə çevirmək yönündə addımlar atırlar. Türkiyədə universitet var ki, yüz minlərlə tələbə oxuyur. Yəni, təhsili o qədər inkişaf etdirirlər ki, artıq ona biznesi sahəsi kimi baxırlar".
Azərbaycanla xarici ölkələrin təhsil sisteminin müqayisəsinə gəlincə, Eldar müəllim sistemlərdə kifayət qədər fərqin olduğunu, səviyyənin isə müqayisə edilməsinin düzgün olmadığını dedi: "Azərbaycanda dövlət ali təhsilə qayğı göstərir. Ali məktəblərə kifayət qədər vəsait ayrılır. Amma ali məktəblərə ayrılan pulun ali məktəblərin məzunları ilə mütənasibliyini ölçmək lazımdı. Avropa ilə Azərbaycan təhsili arasındakı fərqlərə gəlincə, bu, çox ciddidir. Əməkhaqqının məbləğindən söhbət getmir. Deyirlər ki, orda professor çox əməkhaqqı alır, bizdə isə az. Məsələ ondadır ki, orda əməkhaqqının təyinetmə metodologiyasında, ali məktəbin maliyyələşdirilməsində fərqlər var. Yəni, müəllimin performansına görə ona əməkhaqqı müəyyənləşdirilir. Yaxud universitetə pul ayrılanda məzunların sayı və əmək bazarındakı yerlərinə görə kvota müəyyənləşir. Bizdə isə hələlki belə bir mexaniz işləmir. Kifayət qədər vəsait ayrılır, amma o vəsaitin nə qədər səmərəli xərclənməsinə nəzarət mexanizmi yoxdur.
İki il bundan əvvəl ali təhsildə yeni maliyyə mexanizminin yaradılması ilə bağlı prezidentin fərmanı oldu, mən bunu tarixi sənəd hesab edirəm. Düşünürəm ki, bu sənəd daha dərin tətbiq olunduqca, bir çox ali məktəblərə problem yaranacaq. Yəni, rəqabət mühiti gücləndikdən sonra bəziləri rəqabətə dözməyə də bilərlər. Odur ki, bu barədə indidən düşünsələr, yaxşı olar".
Turizm Azərbaycanda bir elm sahəsi kimi mövcud deyil
Məlum olduğu kimi, doktoranturaya qəbul imtahanları keçirilir. Turizm İnstitutu da bu prosesə qoşulub. Amma müsahibimiz turizmin bir elm sahəsi kimi Azərbaycanda tətbiq olunmadığını deyir: "Bizim istitut yarananda ixtisas sistemində turizmlə bağlı bir şey yox idi. Aparılan işlər nəticəsində, Təhsil ?azirliyinin, Mədəniyyət və Turizm ?azirliyinin bizim verdiyimiz təklifləri dəstəkləməsi nəticəsində bu gün ölkəmizdə turizm otelçiliyi ixtisası var. ?övbəti ildən də yeni ixtisaslar üzrə qəbul hazırlayacağıq. Bu gün Turizm İnstitutunda magistraturada oxuyanlar birbaşa turizm üzrə təhsil almırlar. Menecment üzrə təhsil alırlar, biz onları turizm və menecment ixtisası üzrə kadr kimi hazırlayırıq. Doktorantura mərhələsində isə yeni təhsil ixtisası təsdiq olunmayıb. Səhv etmirəmsə, Azərbaycanda mövcud olan alimlik ixtisasları 1979-cu ildə təsdiqlənib. Orda turizm və son 20 il ərzində yeni yaranan ixtisas sahələri təsdiq olunmayıb.
Biz də Turizm İnstitutu kimi doktoranturaya plan yeri almış almışıq. 16 yer idi, onun 7-si dissertantura, qalanları əyani və qiyabi, fəlsəfə doktorluğu üzrə yerlər idi. Biz artıq qəbulu bitirmişik, yerləri də elan etmişik. Ordakı ixtisaslara baxsaq, görərik ki, onlar birbaşa turizm ixtisasları deyillər. Orda german dilləri ixtisası var. Biz turizmdə xarici dili bilməyin önəmini əsas gətirərək bu ixtisası seçmişik. Beynəlxalq münasibətlər, qloballaşma, siyasi problemlər ixtisasları da var. Fikirləşirik ki, qloballaşma şəraitində turizm mühüm bir amildir, beynəlxalq münasibətlərdə turizm aparıcı sahədir. İqtisadiyyat və onun ayrı-ayrı sahələrinin idarə olunması ixtisası var. Təbii ki, turizm iqtisadiyyatın bir sahəsi olduğu üçün bu ixtisas üzrə akademik hazırlıqlar aparılır. Biz faktiki olaraq, turizm üzrə doktorantura təhsilinə başlaya bilməyəcəyik, köhnə ixtisaslar üzrə alimlər hazırlayacağıq. Amma doktorantura tədris planlarını hazırlayarkən dünya ölkələrinin təcrübəsindən istifadə eləmişik. Mövcud qaydaları pozmadan doktoranturaya qəbul olanlara burda bir neçə dərslər keçmək fikrindəyik. Qısa tədqiqat üsulları, elmin fəlsəfəsi, ümumiyyətlə, qonaqpərvərlik fəlsəfəsi ilə bağlı dərslərin keçirilməsini şərt kimi qoymuşuq".
Sonda E.Aslanov bilidirdi ki, turizmlə bağlı yeni alimlik ixtisaslarının təsdiq olunması üçün müvafiq qurumlara müraciət ediblər. O, güman edir ki, gələcəkdə Turizm İnstitutunun profilinə uyğun olan doktorantları həmin ali məktəbə qəbul edə biləcəklər.