"Hakimiyyət mümkün qədər geri çəkilməyəcək"

img

08-11-2011 [05:48]


[b]Zərdüşt Əlizadə: "nə qədər ki, neft-qaz məsələlərində Azərbaycan hakimiyyəti Qərbin tələblərini yerinə yetirir, demokratiya sahəsində Qərb ciddi təzyiqlərə keçə bilməz"[/b] Almaniyalı deputat, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycana gəlməsi üçün viza verilməsindən ikinci dəfə imtina olunması hələ də müzakirə mövzusudur. Azərbaycan hakimiyyətinin belə bir mövqe tutması həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Bu və ya digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən tanınmış politoloq Zərdüşt Əlizadə hazırda nə daxili, nə də xarici siyasətdə uğurumuzun olmadığını bildirdi: - Hakimiyyət bu hərəkətləri ilə nümayiş etdirir ki, nə daxildə, nə də beynəlxalq aləmdə demokratik təşkilatlarla hesablaşmaq fikrində deyil. Bu da hakimiyyətin özünə inamını əks etdirir. Bununla göstərmək istəyirlər ki, nə Qərbdən, nə beynəlxalq təşkilatlardan, nə ATƏT-dən, nə də Avropa Şurasından çəkinmirlər. - Ştrasserin fikirlərindən də, bəzi xarici politoloqların açıqlamalarından da belə anlaşılır ki, bu kimi addımlar Azərbaycana qarşı sanksiyaların tətbiqinə səbəb ola bilər... - (Tələsik) Belə bir şey olan deyil. ?ə qədər ki, neft-qaz məsələlərində Azərbaycan hakimiyyəti Qərbin tələblərini yerinə yetirir, demokratiya sahəsində Qərb ciddi təzyiqlərə keçə bilməz. Bu mənada bu kimi məsələlərə görə Azərbaycana sanksiyaların tətbiq olunacağı ilə bağlı deyilənlər bir qədər real deyil. Qərb hazırda Azərbaycandan istədiyini alır və hakimiyyət də onu çox rahatlıqla verir, üstəlik, bunu daha yüksək səviyyədə təşkil edir. Ona görə də indiki maraqları təmin olunduğu üçün demokratiyanı müəyyən dərəcədə arxa plana keçirirlər. Amma bu proses uzun sürməyəcək, yəqin ki, Qərbin Azərbaycanda demokratiya ilə bağlı tələbləri daha sərt müstəviyə keçəcək. - Bəs Azərbaycan hakimiyyəti bu mövqedə nə qədər dayana bilər, Qərb təzyiqləri ciddi müstəviyə keçirəndə də dirəniş göstərə biləcəkmi? - Məncə, hakimiyyət mümkün olduğu qədər geri çəkilməyəcək. Amma görəndə ki, Qərb həqiqətən təzyiqlər edir, həqiqətən də ciddi sanksiyalar başalaya bilər, onda geri çəkiləcəklər. Hələlik görürlər ki, Qərbi əsasən neft-qaz düşündürür, geosiyasi mövqelər məsələsidir. Ona görə də bunu əsas götürərək, Qərblə sövdələşməyə gedir və insan hüquqlarına, demokratiyaya o qədər də fikir vermirlər. - O fikirlər səslənir ki, iqtidar hakimiyyəti itirməmək üçün bir addım belə geri çəkilmək istəmir, mövcud vəziyyəti daha da sərtləşdirir. Siz nə düşünürsünüz? - Xeyr, elə bir şey yoxdur. Bir addım geri çəkiləndə nə olacaq ki? O qədər adam tutub, sonra da buraxıblar ki. Bəyəm hakimiyyət bununla nəsə itirib? İndi də kimlərisə buraxsa, heç nə olmayacaq. Sadəcə olaraq, hakimiyyət sərt üsulları seçərək xalqı qorxutmaq istəyir. İstəyir, cəmiyyətə göstərsin ki, mən heç kəsdən qorxmuram, istədiyimi edirəm və Konstitusiyaya da riayət etmək fikrində deyiləm. - Zərdüşt bəy, son günlərin əsas mövzularından biri də Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi oldu. Bu hadisənin Azərbaycan üçün önəmi nə qədərdir? - Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi hakimiyyət üçün xeyirlidir, amma xalqa zərrə qədər də xeyri yoxdur. Təhlükəsizlik Şurasında Azərbaycanın səsinə ehtiyacı olacaq qüvvələr, dövlətlər Azərbaycanın hakim zümrəsi ilə sövdələşəcəklər. Amma bu sövdələşmələrin Azərbaycan xalqına hər hansı xeyri olmayacaq. - Bu üzvlük Azərbaycanda demokratiya və islahatların aparılması tələblərini arxa palana keçirməyəcək ki? - Mən inanmıram ki, bu hadisədən sonra ciddi nəsə dəyşiklik olsun. Onsuz da, əvvəl də insan haqları, demokratiya məsələləri arxa planda idi, Qərbin də bu istiqamətdə tələbləri ciddi deyildi. Bu mənada BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməyin hansısa dəyişikliyə səbəb olacağını düşünmək yersizdir. Əgər kimsə Azərbaycanda demokratiya məsələsini gündəmə gətirirsə, deməli, hakimiyyətdən nəsə qoparmaq istəyir. Yəni, onları demokratiyadan çox, öz maraqlarının təmin olunması düşündürür. - Amma Ermənistanda Azərbaycanın bu quruma üzv olmasından ciddi şəkildə narahat olanlar var. - [i](Sözümüzü kəsərək) [/i]O yazıları oxumuşam. Bu, onların savadsızlığını göstərir. Müxalifətdə olan qüvvələr Azərbaycanın qeyri-daimi üzv seçilməsini Ermənistan hökumətinin xarici siyasətinin uğursuzluğu kimi təqdim edib, bu yolla hakimiyyəti tənqid edirlər. ?ecə ki, Azərbaycan müxalifəti bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə sevinmir, onu qələbə kimi qəbul etmir, Ermənistan müxalifəti də hakimiyyəti "vurmaq" üçün bunu hökumətin uğursuzluğu kimi qələmə verir. Amma əslində burda hər hansı bir uğurdan, yaxud uğursuzluqdan söhbət getmir. Mütəxəssislər çox gözəl bilir ki, beş daimi üzvdən başqa, BMT-nin Təhlükəsizlik Şurasında söz sahibi olan dövlət yoxdur. - Ümumiyyətlə, qeyri-daimi üzvülüyün Qarabağ probleminin həllində müsbət rol oynamaq imkanı varmı? - Zərrə qədər də köməyi yoxdur. Orda da veto hüququ olan dövlətlər, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Onlar münaqişənin dondurulmasında, özlərindən asılı vəziyyətdə davam etməsində maraqlıdırlar. Elə həmin təşkilatda da çalışırlar ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlasınlar. - Bu quruma üzv olmaq artıq Azərbaycanın hər hansı məsələ ilə bağlı qəti mövqe bildirməsini tələb edir. Bu mənada Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin korlanması baxımından hansısa proseslər baş verə bilərmi? - Azərbaycanın Ermənistanı çıxmaq şərtiylə qonşu ölkələrlə normal münasibətləri var. Bu günə kimi hər hansı bir məsələ ilə bağlı sövdələşiblər, indi də həmin münasibətlər davam edir. Sadəcə, ola bilər ki, Azərbaycanın bundan sonra sövdələşmə potensialı yarım faiz azalsın. - Burada daha çox İran məsələsi ilə bağlı narahatlıq var. - Hazırda Azərbaycanın mövcud olan xarici siyasət taktikası göstərir ki, İrana qarşı sanksiyalara, İrana qarşı hərbi əməliyyatların başlanmasına dair hər hansı bir qərar layihələrinə səs verməyəcək. Çünki bu, bizim dövlət və milli maraqlarımıza tamamiylə ziddir. Ona görə də İranla Azərbaycan arasında hansısa bir narazılıq barədə düşünməyə ehtiyac yoxdur. - Zərdüşt bəy, son günlər İrana hücum planının sürətlənməsi... - (Sualı sona qədər dinləmir) Bunlar boş söhbətlərdir. Əslində bu söhbətlər çoxdan gedir, elə hey siyasi möhtəkirliklə məşğuldurlar. İrana hücum edən dövlət bilməlidir ki, İran Liviya deyil. Yəni, İranın cavab zərbəsi vermək imkanları kifayət qədər genişdir. Əlbəttə ki, istəsələr, heç İrana girmədən də zərbə endirə bilərlər. Onların texniki, silah üstünlüyü İrandan çox böyükdür, ona görə də vura, İranı xaraba qoya bilərlər. Amma İran da onlara xeyli ziyan vura bilər. Yadınıza salmaq salmaq istəyirəm ki, zəif, halsız Liviyanı tam ram etmək üçün altı ay vuruşdular. İran kimi bir dövləti çökdürmək isə asan məsələ deyil. Ona görə də hələlik bəyanatlarla kifayətlənirlər. - Amma İngiltərə, İsrail və ABŞ mətbuatına müdafiə nazirliyindən sızan məlumatlarda bildirilir ki, artıq plan hazırdır, hər an hücum başlaya bilər. - Bütün bunlar informasiya müharibəsinin ünsürləridir. Heç bir şübhə yoxdur ki, siyasi rəhbərliyin göstərişi ilə Qərb İrana qarşı hərbi əməliyyatların bütün detallarını, ünsürlərini çoxdan müzakirə edib, hazırlayıb. Hansı sahədən hucum olacağı, hansı taktika seçiləcəyi, hansı sahəyə nə qədər pul xərclənəcəyi barədə hər şey hazırdır. Amma siyasi qərar olmayandan sonra bunların hamısı mücərrəd hərbi lətifələrdir. - Sizcə, bu informasiya müharibəsi, ümumiyyətlə, İrana hücum əməliyyatları Azərbaycana nə vəd edir? Azərbaycan bu məsələdə hansı mövqe tutmalıdır? - Azərbaycan öz milli mənafeyindən çıxış etməlidir. Bu mənafe də tələb edir ki, biz heç vaxt İrana qarşı hərbi əməliyyatların başlanmasına nə dəstək verməliyik, nə də buna imkan yaratmalıyıq. Bizim mövqeyimiz İrana qarşı hərbi əməliyyatların başlanmasına qarşı sərt və kəskin olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA