“Hansı yeniyetmə ata-anaya deyər ki, məni apar İİV müayinəyə?”

img

27-08-2018 [23:03]


Yeniyetmələr və məktəblilər arasında İİV virusuna dair profilaktik təbliğat aparmaq o baхımdan vacibdir ki, həssas yaş dönəmindən keçən uşaqlarda bu tipli informasiyaya aqressiv münasibət müşahidə olunur.

"Məktəblərdə müəllimlərlə «pərdə» saхlayan şagirdlərin açıq və birbaşa məna ifadə edən sözlərdən, cümlələrdən qaçması, belə informasiyanın keyfiyyətini yalnız aşağı sala bilər”, - deyə Xəzər rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Rəşad Rəhimov bildirir. 

Onun sözlərinə görə, məktəblərdə keçirilən fakultativ məşgələlər İİV probleminin tam mənada çatdırılması baxımından yetərli deyil: 

- Bunun üçün mütəxəssislərin peşəkar dəstəyinə ehtiyac var. Geniş auditoriyada maarifləndirici
görüşlər keçirilməlidir.  Şagirdlər onları maraqlandıran sualları çəkinmədən verməlidir. Onsuz da bu informasiya onlara kənar mənbələrdən, internetdən və s. daxil olur.

- İctimai təşkilatlar bildirir ki, yeniyetmələrə yönəlik birtərəfli maarifləndirmə də lazım olan effekti verməyə bilər. Məsələn, valideynləri bu prosesə necə qoşmaq olar? Məktəb-valideyn birliyi şablon görünsə də, aktual məsələdir.

- Milli dəyərlərə önəm verən, «böyük-kiçik» prinsipi üzərində qurulan ailələrdə də valideynlərlə uşaqlar arasında «pərdə» mövcuddur və bu tipli informasiyanın çatdırılması sadəcə, baş vermir. Yeniyetmə adətən, ya informasiya teхnologiyaları vasitəsilə, ya da ailədəki böyük qohumlar – dayı, əmi yardımı ilə ona lazım olan məlumatı əldə etməyə çalışır. Bu metodların heç biri onlar arasında İİV-in mükəmməl profiliktikasının aparıldığını deməyə əsas verə bilməz. Uşaqlar daima məktəbdəki informasiyanı evə daşımaqda maraqlı olurlar. Lakin müşahidələr göstərir ki, bu informasiya evdə qapalı şəkildə qarşılanır və valideynlər hər vasitə ilə belə mövzuların ev mühütində açılmasına müqavimət göstərirlər. 

Qeyd edək ki, Xəzər rayonu üzrə orta məktəblərdə bəlli təqvim günlərində, 1 Dekabr QİÇS-lə Mübarizə günü, 26 iyun narkotiklərlə mübarizə günlərində məktəblilər, yeniyetmələr üçün geniş audirotiyada tədbirlər keçirilir, rayonun müvafiq qurumlarının təmsilçiləri də dəvət olunur:

- Əslində belə tədbirlərə valideynlər də maraq göstərməlidir. Ya da onları cəlb etmək lazımdır.
Uşaqlara verilən informasiyanın davamı evdə olmalıdır, valideyn övladının sualları qarşısında susmamalıdır. Amma gəlin baxaq, valideynlərin İİV barədə informasiyası hansı səviyyədədir? Rəsmi təqvim günlərindən başqa, valideynlərlə "açıq söhbət”  günləri də təşkil olunmalıdır. Hazırda araşdırmalar göstərir ki, yeniyetmələr cinsi həyatı çox erkən təcrübə etməyə maraqlıdırlar. Bəzi Avropa ölkələrində bu statistika yeniyetmələrin 30%-dən çoxunu əhatə edir. Bizdə də əgər müvafiq araşdırma aparılsa, yeniyetmələrin potensial risk qrupu oldugunu bir daha görəcəyik.

Azərbaycanda yeniyetmələrin İİV testindən keçirilməsi ilə baglı məsələ isə bir ayrı mövzudur: "18 yaşına qədər şəxslərin sərbəst şəkildə İİV-ə müayinədən keçməsinin qanunla mümkün olmadıgını bilirik. 18 yaşına çatmamış şəxslər yalnız valideynin müşayiəti ilə İİV-ə analiz verə bilər. Amma 18 yaşına qədər bizim yeniyetmə və gənclər cinsi həyatı təcrübə edirmi? Edir. Bəs onların yoxlanılması valideyinin himayəsi ilə necə baş tuta bilər? Hansı yeniyetmə ata-anaya deyər ki, məni apar İİV-ə müayinəyə?  Valideynin tərəfindən belə təşəbbüsü gözləmək də, aglabatan deyil”.

Orxan Əzizov, 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA