31-10-2011 [06:52]
[b]Aydın Mirzəzadə: "İnqilab o zaman baş verir ki, təkamül, yeniliklər olmur, inkişaf görünmür, cəmiyyət ölkənin problemlərinin həllindən kənarda qalır. Bu neqativ faktorlar Azərbaycanda olmadığı üçün opponentlərimin dediklərinin əsası yoxdur"
[/b]
Parlamentin son iclasında uzun müddətdən bəri gözlənilən "Eks-prezidentlərin statusu haqqında" Qanun birinci oxunuşda qəbul olunsa da, "Siyasi partiyalar haqqında" Qanunla bağlı hər hansı irəliləyiş yoxdur. Hətta məsələnin yaxın müddətdə parlamentdə müzakirə olunacağı ilə bağlı da məlumat verilməyib. Ümumiyyətlə, ölkədə siyasi islahatların aparılması yönündə də hər hansı ciddi addım atılmır. Bəziləri bunu hakimiyyətin siyasi təşkilatların güclənməsini, formalaşmasını istəməməsi ilə əlaqələndirirlər. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə gec də olsa, bu istiqamətdə lazımi addımların atılacağını deyir:
- İş burasındadır ki, Azərbaycan dövlətçiliyinin cəmi 20 yaşı var. Müstəqil Azərbaycan dövləti başqa dövlətlərin bəzən min illərlə getdiyi yolu və dövlətin yaşaması üçün tələb olunan hüquqi bazanı çox qısa zamanda yaratmalıdır. Bundan irəli gələrək, bu gün qanunla tənzimlənən bir çox sahələr mövcuddur. Bu mənada onların hamısını qısa zamanda, yaxud eyni vaxtda etmək olmur. Bunlar tədricən həyata keçirilir. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" Qanun da vacibdir, onun üzərində iş gedir. Hazırda vacib qanunlardan biri qəbul olunub, gələcəkdə "Siyasi partiyalar haqqında" Qanunun da növbəsi çatacaq.
- O fikirlər də səslənir ki, hakimiyyət, ölkədə siyasi institutların formalaşmasında, inkişaf etməsində maraqlı deyil. "Siyasi partiyalar haqqında" Qanunun qəbulu, partiyaların maliyyələşmə məsələsinin də bu səbəbdən gecikdirildiyi bildirilir...
- Xeyr, mən bu fikirlərlə razılaşmıram. İndiki hakimiyyət verdiyi sözün hamısını yerinə yetirib. İndiyə qədər öz üzərinə götürdüyü öhdəliklərin biri də kağız üzərində qalmayıb. Hörmətli prezidentimiz 2003-cü ildə prezident seçkilərində bildirdi ki, 2008-ci ildə bir nəfər də olsun, qaçqın çadır şəhərciyində yaşamayacaq. Sonra da bildirildi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsinə bərabər olacaq, bu da oldu. Elan edildi ki, Azərbaycanda orta əmək haqqı və orta pensiya həddi Avropanın inkişaf etməkdə olan ölkələrinə yaxın olacaq. Hazırda Azərbaycanda orta aylıq əmək haqqı 350 manat, orta pensiya isə 170 manatdır. Qanunvericilikdə də bir sıra dəyişikliklər edildi, Konstitusiya dəyişiklikləri oldu. Avropa Məhkəməsində təmsil olunmaq barəsində konvensiyaya qoşuldu, Konstitusiyaya uyğun olaraq "Eks-prezidentlər haqqında" Qanun qəbul edildi. "Siyasi partiyalar haqqında" Qanunun qəbul ediləcəyi də uzaqda deyil. Bu mənada qeyd edilən fikirlərin heç bir əsası yoxdur.
- Həmkarınız Fazil Mustafa bizim qəzetə müsahibəsində bildirmişdi ki, hakimiyyət siyasi islahat aparmaq iqtidarında deyil, müxalifətlə dialoqa getmir, hər hansı ciddi müzakirə aparmır və nəticədə cəmiyyətdə vəziyyətin daha da kritikləşməsinə səbəb olur. Bu barədə nə deyə bilərsiniz?
- Birincisi, hakimiyyət Konstitusiya ilə üzərinə düşən vəzifəni yerinə yetirməklə məşğuldur. Büdcənin yerinə yetirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması, - bunların hamısı hakimiyyətin çiynində olan məsələlərdir və bunu da həll edir. Qanunvericilik sahəsində, bu gün parlamentdə çoxluq hakim partiyadadır, onlar da bir-birinin ardınca yeni qanunlar qəbul edir, bəzilərinə müvafiq düzəlişlər olunur və cəmiyyətdə də bunların hamısı müsbət əks-səda verir. Bizim opponentlərimizin hansısa məsələdə təklifləri olursa, onlar bunu parlamentdə səsləndirə, ictimai müzakirələr təşkil edə bilirlər. Eyni zamanda müxalifətin verdiyi təkliflər də öyrənilir. Bu gün hakimiyyətin qapısı bütün siyasi qüvvələrin üzünə açıqdır. Hər hansı bir məsələnin hansısa bir formada müzakirə edilməsinə də heç bir qadağa yoxdur.
- İctimai Palata "Yol xəritəsi" hazırlayıb təqdim etmişdi, amma hakim partiyanın nümayəndələri bu sənədə baxmadan, aşağılayıcı mövqe sərgilədilər. Elə ona görə də qarşı tərəf hakimiyyətin dialoqa qapalı olduğunu iddia edir.
- Öncə onu deyim ki, müxalifətin irəli sürdüyü bütün təkliflər qəbul edilə bilməz. Ona görə ki, müxalifətlə bizim aramızda siyasi, ideoloji ixtilaflar, dünyaya baxışımızda kifayət qədər fərqli nöqtələr var. Aydın məsələdir ki, onlar bizimlə razılaşmadıqlarına görə müxalifətdədirlər. İctimai Palata deyilən qurumun verdiyi təkliflər isə onların əvvəlki fəaliyyətlərinin praktikası əsasında formalaşmışdı. ?əzərə alsaq ki, o praktika ancaq ictimai asayişin pozulmasına, polislə toqquşmaya, liderləri kabinetdə gizlədərək, gəncləri meydana göndərməyə söykənib, bu baxımdan, verdikləri təkliflərin də belə olduğu tamamiylə aydınlaşdı. Sərt qarşıdurmaya çağırışlar edən və İctimai Palata adlanan qüvvənin yumşaq demokratiya adı altında verəcəyi təklifin günün tələblərinə cavab verməyəcəyi əvvəldən məlum idi.
Digər tərəfdən, mən sizinlə həm də ona görə razılaşmıram ki, deyirsiniz, guya hakim partiya tərəfindən həmin sənəd araşdırılmayıb. Amma həmin təkliflər öyrənildi, bənd-bənd analiz edildi, məzmunu üzrə cavablar verildi. İş burasındadır ki, verilən təkliflərin mütləq əksəriyyəti köhnədən səslənən təkliflər idi. Onlarla bağlı cəmiyyətdə iqtidarla müxalifət arasında dəfələrlə diskussiya olub, hər kəs mövqeyini ortaya qoyub, yəni, cavab əvvəldən aydın idi. Bir neçə yeni məqam da var ki, onlara fikir bildirildi.
- Aydın müəllim, müəyyən müddət qalsa da, qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr gündəmə gəlməkdədir. Bu günlərdə prezident İlham Əliyev 2013-cü ildə namizəd olacağı ilə bağlı qərar vermədiyini bildirdi, onun ardınca isə YAP-dan İlham Əliyevin namizədliyinin irəli sürüləcəyi ilə bağlı açıqlama verildi. Bu barədə nə deyə bilərsiniz?
- İlk növdəbə onu deyə bilərəm ki, bu, nə hörmətli prezidentimiz, nə də partiya tərəfindən verilən bəyanat deyil. Sadəcə, jurnalistləri maraqlandıran suala cavab olaraq, prezident bildirdi ki, bu barədə hələ düşünmür, partiya isə bildirdi ki, zamanı gələndə indiki liderinin namizədliyini yenidən irəli sürəcək. Yəni, göründüyü kimi, bu, YAP tərəfindən aparılan PR kampaniyası deyil. Hansısa bir suala cavab verilməsi, partiyanın bu məsələ ətrafında müzakirə aparması isə ona xüsusi hazırlığı göstərmir. Bizim hazırlığımız var, amma biz bu hazırlığa üç il bundan əvvəl başlamışıq. Hər prezident seçkisindən sonra biz növbəti prezident seçkisinə ciddi hazırlaşırıq.
Əlbəttə, bizim namizədimiz indiki prezidentimiz və partiyanın sədri cənab İlham Əliyev olacaq. Bunun rəsmi açıqlanması isə seçki dövründə və qanunun icazə verdiyi müddətdə baş verəcək. Hazırda intensiv surətdə hazırlıqlar aparılmır. Hesab edirəm ki, Konstitusiyanın tələblərinə uyğun olaraq, hörmətli prezidentimiz və partiya sədrimiz yenidən öz namizədliyini irəli sürə biləcək.
- 2013-ə nəzərən siyasi proseslərin inkişaf xəttini necə analiz edərdiniz, təmsil olunduğunuz partiya üçün hansısa çətinliklər görürsünüzmü?
- Bu günün göstəricilərindən üç il sonraya baxsaq, hesab edirəm ki, 2013-cü ilə Azərbaycan yeni nailiyyətlərlə gedəcək. Bu, həm daxili siyasətdə, həm xarici siyasətdə, sosial vəziyyətin yaxşılaşmasında, ordu quruculuğunda, Qarabağ məsələsinin həllində yeni nailiyyətlər əldə etməyimizlə özünü göstərəcək. Bu baxımdan, hakim partiyanın namizədinin yenidən qələbə çalacağı elə də problemli görünmür. Bununla belə, biz demokratik ölkəyik, cənab İlham Əliyevdən başqa da prezidentliyə namizədlər olacaq. Onlar həm mərkəzçi, həm indiki iqtidara müxalif qüvvələrdən olacaqlar, onların da qanunauyğun olaraq, təbliğatını aparmaq, öz mövqeyini müdafiə etmək, öz sosial bazasını formalaşdırmaq hüququ var. Bərabər rəqabətdə, bərabər təbliğatda ən güclüsü qalib gələcək. Biz öz namizədimizin qələbə çalmasında maraqlıyıq, bu gün Azərbaycanı sevən dünya, ölkənin stabilliyinin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır. Biz isə bunu cənab İlham Əliyevin yenidən prezident seçilməsində görürük.
- Amma opponentləriniz həm son dövrlər dünyada baş verənləri, həm də ölkədəki narazılıqları nəzərə alaraq, gələn ildən ciddi dəyişikliklərin başlanacağını, hakimiyyət üçün 2013-cü ilin çətin olacağını bildirirlər...
- Biz çox istərdik ki, onlar ümumi bəyanatdan başqa konkret olaraq, bizləri hansı çətinliklərin gözlədiyini bildirəydilər...
- Bəziləri ərəb ölkələrindəki inqilabların Azərbaycanda da baş verəcəyini əsas gətirirlər.
- Əgər ərəb inqilablarından danışılırsa, Azərbaycan ərəb ölkəsi deyil ki, orda gedən proseslər Azərbaycana da toxunsun. Ərəb ölkələri spesifik bir arealdır və orada inqilab məhz oranın problemləri həll edilmədiyi üçün baş verdi. Bunların hər birinə həm xarici, həm Azərbaycan mətbuatında geniş izahatlar verilib. Əgər ərəb inqilabları mütləq digər ölkələrdə də baş verməliydisə, onda gərək ərəb ölkələri zolağından kənar ölkələrdə də inqilablar ola. Göründüyü kimi, ərəb ölkələrinin bir çoxunda belə, həmin inqilablar baş vermədi. İnqilab o zaman baş verir ki, təkamül, yeniliklər olmur, inkişaf görünmür, cəmiyyət ölkənin problemlərinin həllindən kənarda qalır. Bu neqativ faktorlar Azərbaycanda olmadığı üçün opponentlərimin dediklərinin əsası yoxdur.
- Bu ilin əvvəlində ərəb ölkələrindəki hadisələr başlayanda Azərbaycan hakimiyyəti anti-korrupsiya tədbirlərinə start versə də, müəyyən müddətdən sonra proses səngidi. Liviyadakı son olaylardan, digər tərəfdən də Qərbdən islahat tələbləri gücləndikdən sonra hakimiyyətin yenidən narahat olduğu və daha ciddi islahatlara gedəcəyi bildirilir. Hakimiyyətdə belə bir narahatlıq varmı?
- Çox təəssüf ki, opponentlərimiz ancaq görmək istədiklərini dilə gətirirlər. Onların görmək istədiklərinin mütləq əksəriyyəti isə Azərbaycan cəmiyyətində olmur.
Bu gün iqtidarı islahat aparmamaqda ittiham edənlərin özlərinin rəhbərlik elədiyi təşkilatlarda hər hansı islahatdan söhbət getmir. Həmin partiyalarda demokratiya, siyasi diskussiyalar yoxdur, lideri tənqid edənlər sıxışdırılaraq, partiyadan qovulur. Heç nə yox, öz aralarında belə birlik tapa bilmirlər. Ortada olan hər hansı bir məsələ ilə bağlı həmin müxalifət liderləri sadə Azərbaycan vətəndaşları ilə deyil, xaricdəki hansısa bir mərkəzlərə, xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edirlər. Yəni onlar öz dayaqlarını cəmiyyətdə axtarmırlar. Bu isə opponentlərimizin iddialarının əsassız olduğunu göstərir. Bu baxımdan, Azərbaycanı hələ uzun müddət narahatlıq, inqilab gözləmir. Çünki Azərbaycan Avropa tipli dövlət qurur, həmin dövlət quruculuğu isə təkamül, yenilik prinsipləri üzərində qurulur.
- Ancaq Azərbaycanda demokratiyanın vəziyyətindən narazı olan, buna sərt reaksiyalar verən də elə Avropa ölkələridir, beynəlxalq təşkilatlardır. Sizcə, Avropa tipli dövlət qurulursa, bu narazılıqlar niyə ortaya çıxır?
- İlk növbədə onu qeyd edim ki, səslənən fikirlər ümumilikdə Avropanın, yaxud da hansısa Qərb ölkəsinin rəsmi mövqeyi deyil. Hansısa bir siyasi xadimin, yaxud mərkəzin Azərbaycanı tənqid etməsi isə normal haldır. Yəni, Azərbaycan hamının xoşuna gələ bilməz, yaxud da hamı Azərbaycanın dostu ola bilməz. Biz də ara-sıra Avropada hansısa bir qaydanı tənqid edirik və düşünürəm ki, bu, demokratik cəmiyyət üçün adi haldır.