"Qaçqınkom"un sədri məcburi köçkünlərlə görüşdü - FOTO

img

03-08-2018 [17:03]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, məcburi köçkünlər qəzalı vəziyyətə düşən binalarda uzun illərdir qarşılaşdıqları çətinliklər barədə danışıb, qayğı və problemlərindən söz açıblar.

Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.

Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə layihələrin icrasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da böyük diqqət göstərir.

Hazırda Bakı və Sumqayıtda qəzalı binalarda, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verilmiş tapşırığın yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılır. Dövlət başçısının tapşırığı əsasında Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində də məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa edilir və onların tikintisi başa çatmaq üzrədir. Sumqayıtda və şəhərin ətrafında müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin həmin binalardakı mənzillərə köçürülməsi nəzərdə tutulub.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov iştirak edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA