Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu keçirilir

img

28-10-2011 [11:05]


Bu gün Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu öz işinə başlayıb. ?Kempinski Hotel Badamdar? kompleksində keçirilən tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, İraqdan. Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan, nümayəndələr qatılıblar. İlk olaraq Forumda təbriklər səsləndirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın dövlət başçısı İlham Əliyevin, Türkiyənin Forumdakı təmsilçisi Murad Karakaya isə Baş nazir Rəcəb Tayyip Ərdoğanın təbrikini oxuyublar. Eyni zamanda Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Dərviş Əroğlunun və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də tədbirlə bağlı təbrikləri səsləndirilib. Forumda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ?Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər? mövzusunda çıxış edəcək. Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər. Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi ?Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi? mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq. Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda yaradılmış Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşıda duran vəzifələri müəyyənləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA