FHN Türkiyəyə növbəti dəfə yardım göndərir

img

24-10-2011 [11:43]


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə növbəti dəfə yardım göndərir. Nazirliyin saytında verilən məlumata görə, yardım təyyarəsi bu gün saat 11.00-da yola salınacaq. Bu təyyarədə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilmiş FHN-in 46 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə FHN Türkiyənin Van şəhərində baş vermiş zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə iki yardım təyyarəsi yola salıb. Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur. Vanda isə rəsmi olaraq 217 nəfərin öldüyü təsdiqlənib, 1000-dən artıq yaralı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA