ViP Azərbaycan xalqını təbrik edib

img

17-10-2011 [06:29]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə münasibəti ilə xalqımızı təbrik edib: Əziz həmvətənlər! Azərbaycan xalqının XIX əsrin əvvəllərində itirdiyi müstəqilliyin bərpası uğrunda bir əsr sürən fasiləsiz mübarizəsi 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ilə nəticələndi. Lakin 1920-ci ildə baş vermiş bolşevik işğalı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyini əldən verdi. Bununla belə, öz istiqlalı və azadlığı uğrunda mübarizəni dayandırmayan, bu yolda böyük məhrumiyyətlərə məruz qalsa da, geri çəkilməyən xalqımız, nəhayət 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasına nail oldu. Və artıq 20 ildir ki, Azərbaycan beynəlxalq hüququn tam hüquqlu subyekti olaraq, dünya birliyində öz yerini tutmaqdadır. Amma təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın müstəqilliyinin bərpası ərazilərimizin 20 faizinin erməni işğalı altında qaldığı bir şəraitdə qeyd edilir. Müstəqilliyin bərpası ilə eyni vaxtda daha da genişlənən erməni təcavüzünün nəticələri hələ də aradan qaldırılmayıb. Eyni zamanda, ölkə həyatının bütün sferalarında təcili həllini gözləyən digər problemlər mövcuddur. Lakin ürəkdən inanırıq ki, mövcudluğu ərzində dəfələrlə böyük çətinlikləri dəf edən, ağır sınaqlardan keçən xalqımız təəssüflə vurğuladığımız bu gerçəkliyi də uğurla dəyişəcək. Bu əlamətdar gün münasibəti ilə xalqımızı səmimiyyətlə təbrik edir, bütün vətəndaşlarımızın müstəqil Azərbaycanımızla qürur duymalarını, əvəzedilməz sərvətimiz olan müstəqilliyin nemətlərindən yararlanmalarını və dövlətimizin qüdrətlənməsi üçün çalışmalarını arzulayırıq. Bayramınız mübarək!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA