"Azadlıq" meydanında hərbi parad başa çatdı - VİDEO + FOTOLAR

img

26-06-2018 [11:41]


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad başa çatıb.

***

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.

APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.

Mərasim dövlət himninin oxunması ilə başlanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.

Azadlıq meydanına toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.

Prezident bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan ordusunun yaradılması ilə bağlı qəbul edilmiş qərar idi: "Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra respublika süqut etdi və Azərbaycan öz dövlət müstəüilliyini itirdi. Bu bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir"/Report.

***

Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA