Şəhid atası: “Sənan tək oğul yox, dost və sirdaş idi”

img

20-06-2018 [19:29]


Bu gün Müdafiə Nazirliyinin sektor müdiri, şəhid polkovnik-leytenant, əzizimiz Sənan Axundovun Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbərdə qəbrini ziyarət etməyə getdik. 

Biz ziyarət məkanına çatanda şəhidin valideynləri - Tahir Axundovu və həyat yoldaşı Roza Axundovanı da övladlarının qəbrini ziyarətdə gördük. 

Xoş təsadüfdən məmnun olduq. Axundovlar nəslinin əbədiyyət məkanında polis polkovniki, dayım Davud Axundovun, həyat yoldaşı Solmaz xanımın, oğlu Aqil müəllimin və Vətən sevgili şəhid nəvə Sənanımızın qəbri önünə gül-çiçək dəstələri qoyuldu, Quran oxundu...


 ... Deyirəm, heç bu həyatda insan-insanı çox istəməyə, sevməyə, məftun olmaya. Biz bacı-qardaşlar dayımızı, onun ailə üzvlərini necə istəyirik, necə sevirik?! Hərdən düşünürəm, bunun sirri nədir?! Bu bağlılığın kökü hardandır?! 

Tez də cavab tapıram: Anamız Şəkər öz qardaşını, onun uşaqlarını necə istəyirdi, necə əzizləyirdi. Və bu istək eynilə bizə keçib. Onlar bizim and yerimiz, əziz olanımızdırlar...

... Beyləqandan İmişliyə gəldik. Doğma ocaqda əziz olan insanlarla birgə olmaq ailə üzvlərimiz tətəfindən məhəbbətlə qarşılandı. Tahir müəllimə zəng gəldi. Qızı Mehriban xanım idi:

- Ata, haradasınız, rahatlıqdırmı?!

- Hə qızım, ziyarətgahdan çıxmışıq. Səxavət əmingildəyik.


 ... Xeyli söhbət etdik. Sənanlı günlərimizin əziz anları xatırlandı. Sənanın hər kəsə, qohuma, dosta, iş yoldaşına, qonşuya necə sayğılı olduğu dilə gəldi... 

     Bütün xatirə dolu söhbətlərin içində şəhid polkovnik-leytenant Sənan Axundovun atası (ehtiyatda olan hərbiçi) Tahir Axundovun "Sənan tək oğul yox, dost və sirdaş idi” fikirləri qəlbimizə, ürəyimizə hakim kəsildi... Nə deyəsən?!

Ey yaradan, ey Ulu Tanrı Vətən sevgisi ilə əbədiyyətə qovuşan Sənanımızın atası Tahir müəllimə, anası Roza xanıma səbr ver. 

Əzizimiz Tahir müəllim, Roza xanım! Sizin övladınız qəhrəmandır. Cəbhəyə könüllü getdi... Ailənin tək oğul övladı olaraq getdi... 

Tutduğu böyük vəzifədən imtina edib getdi... Çiyindaşını ölümün pəncəsindən xilas edib, şəhidlik zirvəsində gül kimi bitdi...

 Səxavət Tağlar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA