Tanınmış jurnalist DİN-ə qəbula getdi, əliboş döndü: "Cənab nazir, bəs polislər nə üçündür?"

img

20-06-2018 [15:47]


Əlmaniz Ələkbərli,
Azərbaycan Jurnalistlər və 
Yazıçılar Birliyinin üzvü.

***


Hamıya məlumdur ki, dövlətin və xalqın əsas qoruyucularından biri də, onun güc strukturlarıdır. Polis orqanları da, vətəndaşların, ictimai asayişin keşikçisi rolunu oynayır. 

Bəs bizdə necə, "Mənim polisim məni qoruyur?”

Bu gün DİN-də olarkən qəbul otağı qarşısına yığışanları gördükdən sonra buna biraz şübhəm qaldı. 

Belə ki, vətəndaşları dinləmək istəyən belə yox idi. Şəxsən özüm yaxınlaşaraq mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla danışmaq istədim. Əvvəlcə xanım mənə dedi ki, səsiniz pis gəlir, daha sonra dedi ki, keç qarşı telefondan danış. Bu telefon işləmir. Qarşı telefonda danışan oğlan isə elə qışqırırdı ki, mən öz dediyimi belə eşitmirdim. 

Oğlan ailə başçısı kimi özünü maşının altına atacağı ilə hədələyirdi. O, dedyirdi ki, mənim şikayətimə heç kim baxmır. İçəridən ona deyirdilər ki, get ver prokurorluğa. O, isə bağıraraq deyirdi ki, nə qədər yazım prokurora? Nə siz baxırsınız, nə də ki, prokurorluq.

 Qısası mən çölə çıxdım ki, qəbul otağındakı bazar bitsin. Sonra ötür-ötür oyunu ilə gəlib çıxdım Ehsan müəllimə. Ehsan müəllimlə 2008-ci ildə elə nazirliyin qəbul otağındaca da, görüşmüşdük. Həmin vaxt jurnalist kimi məni sakitləşdirərək, problemimin həllinə kömək də etmişdi. Lakin görünür vəzifənin istisi bir az ağır olurmuş. O, məni dinlədikdən sonra dedi: "Hə indi mən nə edim? Gedim sənə maşın tutum? Şikayətin varsa yaz nazirə şikayət elə". 

Qəribə cavabdır, deyilmi? Mənim maşınımı bir ay əvvəl günün günorta vaxtı vurub qaçıblar. Mən həmin 90 ZM-072 dövlət nöpmrə nişanlı ağ rəngdə Niva markalı maşının arxasınca getmədim. 

Fikirləşdim ki, Azərbaycan polisinin işini mən niyə görməliyəm? Sən demə qaçan sürücü bizim bəzi səriştəsiz polislərimizə bələd olduğuna görə, hadisə yerindən qaçırmış. 

Hörmətli Daxili İşlər Nazirimiz Ramil Usubov cənabları, mən sizə sual edirəm: əgər maşının arxasınca mən qaçmalıyamsa, onu tutub gətirməliyəmsə, bəs sizin polislər nədən ötrüdür?

Qəribə burasındadır ki, hadisədən dərhal sonra mən 102 xidmətinə zəng vurdum. Mənim maşınımı vuran da, dayanmışdı. YPX-n gec gəldiyini görüb hadisə yerindən qaçdı. YPX-i isə hadisə yerinə gəlmədi. Sadəcə mənə zəng edərək hadisə barədə öyrəndi. Biləndə ki, sürücü qaçıb, məni göndərdi Abşeron rayon piolis idarəsinə. Məni Abşeron Polis İdarəsində çox nəzakətlə dinləyib, hadisə ilə bağlı ərizəmi aldılar. Bir müddət sonram bir polis əməkdaşı mənə zəng vuraraq şöbəyə yenidən izahat yazmağa dəvət etdi. İşimin çoxluğu ilə bağlı həmin polisə irad da elədim. Dedim ki, cənab rəis, mən kimisə vurub qaçmamışam ey, mənim maşınımı vurub qaçıblar. Siz həmin adamı tapın sonra məni də dəvət edin. Belə ki, mən hər şeyi tam, ətraflı ərizəmdə qeyd etmişəm. Əgər şübhəniz varsa, Abşeron rayon Mehdiabad qəsəbə mərkəzində, hadisə olan yerdə dörd kamera var, gedin baxın. Daha məni niyə get-gələ salırsınız? 

Artıq bir ay keçməsinə baxmayaraq nə hadisəni törədən tapılır, nə də ki, maşınıma dəymiş ziyanı ödəyən var. Yaxşı bəs mən jurnalist olmasaydım, bu hadisəni işıqlandırmasaydım, nə olacaqdı? Belə çıxır ki, hərc-mərclik, xaos dövrüdür?

Bəs mən YAP-nın veteranı kimi hər yerdə AXC-Musavat cütlüyü dövrünün bərbad olmasından yazıram. Adama deməzlər ki, sənin başına gələn nədir?

Çox hörmətli DİN rəhbərliyi, Sizdən son dərəcə xahiş edirəm ki, mənim maşınımı vurub qaçan adamı tapıb mənə verin. Heç olmasa, ev ünvanını verin. Gedib özüm danışım. Çünki Abşeron polisini gözləyəsi olsam, çox uzun müddət keçəcək...




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA