"Hakimiyyət də, müxalifət də müharibədən qorxur"

img

09-10-2011 [07:54]


[b]Akif Nağı: "Bu ölkədə Qarabağ uğrunda döyüşmək, partizan kimi müharibəyə başlamaq istəyəni həbsxanaya salırlar" [/b] Artıq 20 ildir ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və Qarabağ münaqişəsi davam edir. Münaqişənin həlli istiqamətində rəsmi Bakı işğalçı Ermənistanla danışıqlar aparsa da, ortada müsbət nəticə yoxdur. Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatı (QAT) isə müharibə təbliğatı aparır və bu istiqamətdə səylərini davam etdirir. Qarabağ münaqişəsinin həlli yolları, cəmiyyətin bu problemə münasibəti və digər məsələlərlə bağlı suallarımızı QAT sədri Akif Nağı cavablandırır. - Bizim mövqeyimiz, məramımız aydındır. Biz torpaqlarımızın işğaldan azad olunmasına ictimai dəstək vermək funksiyasını yerinə yetirməklə məşğuluq və çalışırıq ki, imkanımız daxilində onu həyata keçirək. Aksiyalarımız da, tədbirlərimiz də, yazdığımız kitablar da ona xidmət edir. Son bir ay ərzində aksiyalarımız da olub, forumlarımız da keçirilib. Tədbirlərimizdə əsas məqam odur ki, Ermənistan işğalçı dövlətdir və beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmalıdır. Biz ənənəvi olaraq, "Qarabağ gündəliyi" deyilən kitab da buraxırıq. Altı ay ərzində Qarabağla bağlı hansı proseslər baş verirsə, o kitabda toplanır və işıq üzü görür. Bu günlərdə o kitabın beşinci sayı çapdan çıxdı. Eyni zamanda mənim müəllifliyimlə "Qarabağ müharibəsi, qısa tarix" kitabı Azərbaycan, ingilis və rus dillərində çap olundu. Yəni, bu istiqamətdə işlərimizi davam etdiririk. - Akif bəy, Bakıya bir erməni gələndə və yaxud Ermənistan hər hansı bir addım atanda aksiya keçirirsiniz, etiraz bəyanatı verirsiniz, Sizcə, QAT-ın fəaliyyəti bununla məhdudlaşmalıdırmı? - Ola bilər ki, mətbuat üçün bu tərəf maraqlıdır, onu görür və işıqlandırır. Amma bizim fəaliyyətimiz ona yönəlib ki, beynəlxalq təşkilatları məcbur edək, işğalçı dövlət kimi Ermənistana sanksiyalar tətbiq eləsin. Bu istiqamətdə işlərimizi görürük. Bizim digər fəaliyyət istiqamətimiz isə odur ki, Azərbaycan hakimiyyəti işğalçı Ermənistana qarşı müharibəyə başlasın. Bax, bu istiqamətlərdə də fəaliyyətimizi davam etdiririk. Bu tədbirlər də o məqsədin həyata keçirilməsi üçün bir vasitədir. Hansısa aksiya, tədbir, etiraz bəyanatı bizim üçün məqsəd deyil. Biz hesab edirik ki, Qarabağ məsələsinin sülh, danışıqlar yolu ilə həlli mümkünsüzdür. Odur ki, münaqişənin həllinin yeganə yolunu müharibədə görürük. Çalışırıq ki, cəmiyyətdə bu əhval-ruhiyyə yaransın, insanlar daha çox müharibə tələbi ilə çıxış eləsinlər. Təbii ki, partiyalar da, ictimai təşkilatlar da bu mövqedən çıxış eləsələr yaxşı olar. Bizim topumuz, tüfəngimiz yoxdur ki, dövlətin əvəzinə müharibəni başlayaq. Deməli, bu müharibəni dövlət başlamalıdır. Ona görə də fəaliyyətimizlə həm özümüz tələb edirik, həm də cəmiyyəti bu tələblə çıxış etməyə çağırırıq. - Bir ara partizan müharibəsi təklifi ilə çıxış edirdiniz, amma son vaxtlar bu barədə danışmırsınız. Cəmiyyətdən dəstək gəlmədiyi üçün susursunuz? - Biz partizan müharibəsini torpaqlarımızın işğaldan azad olunması varinatlarından biri kimi təklif edirik. Yenə də deyirəm, Qarabağ Azadlıq Təşkilatı dövlətin funksiyasını öz üzərinə götürüb, açıq müharibəyə, yaxud partizan müharibəsinə başlaya bilməz. Bizim üzvlərimiz bir neçə il bundan əvvəl təşəbbüs irəli sürdülər, dəstə yaratdılar ki, partizan müharibəsinə başlasınlar, amma hamısını tutub içəri saldılar. Hələ indiyə kimi də onlardan həbsdə olanı var. Yəni bu ölkədə Qarabağ uğrunda döyüşmək, partizan kimi müharibəyə başlamaq istəyəni həbsxanaya salırlar. Bir sözlə, dövlət buna imkan vermir. Bəli, hazırkı məqamda mümkün variantlardan biri partizan müharibəsidir. Amma partizan müharibəsini dövlətin dəstəyi ilə həyata keçirmək olar. Ona görə də bu işə dövlət başlamalıdır, ya da ən azından mane olmamalı, bu təşəbbüslə çıxış edənləri həbs eləməməlidir. - Yəni partizanlarımız var, amma döyüş üçün şərait yoxdur? - Həddindən artıq çoxdur. O əhval-ruhiyyədə olan insanlar bizim təşkilatda, təşkilatdan kənarda da xeyli saydadır. Bizə xeyli sayda adam müraciət edib ki, partizan müharibəsində iştirak etməyə hazırdır... - Amma neçə ildir ki, müharibə barədə sadəcə, bəyanatlar səslənir. Hakimiyyət nümayəndələri isə beynəlxalq təşkilatların vasitəçiliyi ilə ermənilərlə danışıqlar aparırlar... - Bizim mövqeyimiz birmənalı şəkildə bəllidir. Bildiririk ki, Qarabağ məsələsinin danışıqlar yolu ilə həlli yoxdur. Nə qədər ki, bu danışıqlarda Dağlıq Qarabağda qondarma erməni rejiminin statusu əsas məsələ kimi müzakirə olunacaq, bu danışıqların da heç bir nəticəsi olmayacaq. Danışıqların nəticəsinə o vaxt inanmaq olar ki, bu danışıqlarda əsas məsələ kimi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması fakt kimi təsdiqlənsin və o işğalın aradan qaldırılması ilə bağlı danışıqlar aparılsın. Amma bu günə qədər məsələ bu şəkildə qoyulmayıb. İndiyə kimi Azərbaycan torpaqlarının işğal olunması faktı danışıqların əsas predmeti deyil. Bütün danışıqlarda qeyd olunur ki, Azərbaycanın da, Ermənistanın da günahı var, yəni beynəlxalq təşkilatlar tərəfindən bir balanslaşdırılmış siyasət yeridilir. Ona görə də nə qədər bu yanaşma var, nə qədər ki, Dağlıq Qarabağdakı qondarma rejimə hansısa status verilməsi barədə müzakirələr gedir, problemin həlli istiqamətində nəticə gözləməyə dəyməz. Bu səbəbdən də biz, danışıqların nəticə verməyəcəyini deyirik. Vaxt keçdikcə isə bizim mövqeyimiz təsdiqini tapır. - Siz davamlı olaraq, Qarabağ məsələsi ilə bağlı həm hakimiyyət, həm müxalifət, həm də ictimaiyyət nümayəndələri ilə müzakirələr aparırsınız. Hakimiyyətin Qarabağla bağlı siyasətini qəbul eləmirsiniz. Bəs, hansı qüvvənin hakimiyyətə gəlməsi ilə münaqişənin ədalətli həllini mümkün sayırsınız? - Mən məsələni o şəkildə qoymaq istəmirəm ki, kimsə hakimiyyətə gələcək və Qarabağ məsələsini həll edəcək. Onu da doğru qeyd elədiniz ki, biz hakimiyyətin Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətini qəbul etmirik. Bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarovun mətbuata açıqlaması oldu. O bildirdi ki, hərbi yolun tərəfdarı deyil, bu məsələnin hərb yolu ilə həlli yoxdur. Yəni Azərbaycanın xarici işlər naziri bu kimi xoşagəlməz açıqlamalar verir. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, bəyanat da verdik. Başa düşmək olmur, bir tərəfdən prezident deyir ki, hərbi yol istisna edilmir, o biri tərəfdən xarici işlər naziri hərbi yolu mümkün saymır. Bu necə komandadır? Bu nə cür hakimiyyətdir ki, ölkənin ən vacib məsələsində belə fərqli fikir sərgiləyirlər? Hesab edirik ki, əgər xarici işlər naziri bu mövqedədirsə, bu, nə Azərbaycanın maraqlarına, nə də hakimiyyətin ən yüksək səviyyədə sərgilədiyi mövqeyə cavab verir. Ona görə də xarici işlər naziri vəzifəsindən getməlidir! Çünki dövlət maraqlarımızın, eyni zamanda hakimiyyət başçısının mövqeyinə qarşı çıxır. Bu da adama düşünməyə əsas verir ki, deyəsən, Elmar Məmmədyarov Azərbaycanın yox, Ermənistanın xarici işlər naziridir. Danışanda isə hansısa "sülhpərvər" QHT rəhbəri kimi danışır. Belə görünür ki, hakimiyyət daxilində vahid mövqe yoxdur. Pozitiv tərəfdən yanaşsaq, hakimiyyət bildirir ki, münaqişə danışıqlar yolu ilə həll olunmasa, bunun hərb yolu ilə də həll olunma imkanları var, amma hələlik sözdən işə keçmirlər. Bizim hakimiyyətdən narazılığımız isə məsələni uzatması, real addım atmaması ilə bağlıdır. Hakimiyyətin müharibəni başlamaqdan nə üçün qorxduğu da bəlli deyil. ?ə qədər çəkinmək olar, nə qədər yol ölçüb, biçmək olar? "Ermənistanın arxasında Rusiya var, müharibə başlasa, beynəlxalq təşkilatlar bizə təzyiq edəcək",- kimi cəfəng fikirlərdən qurtulmaq lazımdır. Bütün bunlar qorxaqlıq, qətiyyətsizlik və cəsarətsizlik əlamətidir. - Bəs, müxalifət qüvvələrinin möqeyi necədir? - Müxalifətdə olan qüvvələrin də mövqeyi belədir. Biz hamının mövqeyini bilirik. Kimin hansı mövqedə durduğu dəfələrlə bizə məlum olub. Mən müxalifətdə elə bir qüvvə görmürəm ki, sabah hakimiyyətə gəlsin və Qarabağla bağlı radikal addım atsın, müharibə yolunu seçsin. Çünki bu gün hakimiyyətdə olanlarla müxalifətdəkilərin Qarabağla, xüsusiylə də müharibəni başlamaqla bağlı mövqeləri üst-üstə düşür. Hər iki tərəfdən deyirlər ki, hələ danışıqlar limiti bitməyib, məsələni danışıqlar yolu ilə həll eləmək olar. Yəni hakimiyyət də, müxalifət də müharibədən qorxur. Deməli, müxalifətdəki qüvvələr hansısa xarici mərkəzlərdən çəkinirlər və təsir altındadırlar. Ona görə də müharibə mövqeyindən açıq şəkildə çıxış edə bilmirlər. Bizim istəyimiz isə odur ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qarabağ məsələsi ilə bağlı cəmiyyətdə vahid mövqe nümayiş etdirilsin və həmin mövqe müharibənin başlanmasından ibarət olsun. - Akif bəy, müxalifət liderləri ilə Qarabağ məsələsi ətrafında çox söhbətləriniz olub. Maraqlıdır, hansı müxalifət lideri Qarabağla bağlı danışanda daha səmimi olur? Elə bir lider varmı ki, bu məsələ onu digər problemlərdən daha çox narahat etsin? - Mən elə bir adam görməmişəm. Səmimi şəkildə, heç nəyə baxmadan addım ata biləcək lideri tanımıram. Ad çəkmək istəmirəm, çünki ad çəkəndə, başlayırlar üzü bu tərəfə top atmağa. Amma onu deyə bilərəm ki, müxalifət düşərgəsində özünü böyük lider hesab edənlərin Qarabağla bağlı səmimi və ürək yanğısı ilə ortaya mövqe qoyduğunu görməmişəm. - Bəs hakimiyyət nümayəndələri necə? - Adətən bizim tədbirlərimizdə hakimiyyət nümayəndələri iştirak etmirlər, ona görə də kimin Qarabağ məsələsinə ürək yanğısı ilə yanaşdığını bilmirəm. Çünki təşkil etdiyimiz tədbirlərə hakimiyyət nümayəndələrini dəvət etsək də, onlar gəlmirlər. Biz bu ilin iyun ayında QAT-ın Ali Məclisində belə bir təşəbbüs irəli sürdük ki, Qarabağ Qurultayı keçirək və iqtidarlı, müxalifətli, bütün ictimai-siyasi arenanın nümayəndələrini ora dəvət edək. Amma bu barədə mətbuatda məlumat gedən kimi, İctimai Palatanın rəhbərliyindəkilər dedilər ki, bu, bizim ideyadır, bunu fevral ayından vermişik. Mən Palatanın rəhbərləri ilə telefonla danışdım və dedim ki, belə bir təşəbbüslə çıxış etmələri barədə məlumatsızam. Mən də dedim ki, təklif eləmisiz lap yaxşı, amma bu tədbiri QAT-ın keçirməsi daha yaxşı olar. Ancaq razılaşmadılar. Artıq oktyabr ayıdır, hələ də tədbiri keçirməyiblər... - Qarabağ münaqişəsi təkcə torpaqların işğal faktı deyil, həm də minlərlə şəxsin şəhid olması, milyonlarla insanın didərgin düşməsi deməkdir. ?ecə düşünürsünüz, Sizcə, münaqişənin uzanmasının kökündə müxalifətin də, iqtidarın da bu məsələyə etinasız münasibət bəsləməsi dayanmırmı? - Hər halda ürəkdən yanaşma olsaydı, hər hansı konyuktur qrup maraqları ortada olmasaydı, məsələyə daha səmimi ortam olardı və indiyə qədər bu vəziyyətə dözməzdilər. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin Qarabağ məsələsi ilə bağlı vahid mövqeyi yoxdur. Ermənistan cəmiyyəti isə, bizdən fərqli olaraq, vahid mövqe sərgiləyir. Orda hakimiyyət, müxalifət, cəmiyyət Qarabağla bağlı eyni mövqedən çıxış edir. Amma bizdə bu yoxdur, sanki hamı müəyyən mənada öz üstünlüyünü göstərmək istəyir. QAT bir aksiya keçirəndə, bəyanat verəndə ona münasibətdə də bunu görürəm. QAT bir aksiya keçirir, erməni saytları informasiya verir, şərhlərin hamısı sanki bir mərkəzdən hazırlanır, çünki eyni mövqeyi ifadə edir. Amma biz erməni idmançılarının Bakıya gəlməsi ilə bağlı aksiya keçirmişdik, bu barədə informasiyalara müxtəlif cür şərh verilirdi. Biri deyir, halal olsun, başqa bir qrup deyir ki, nəyə lazımdır, səviyyəsizlikdir, o biri bildirir ki, bizi dünyada biabır edirsiniz. Bax, burdan da görünür ki, Qarabağ dərdinə Azərbaycanda kollektiv yanaşma yoxdur. - Eyni zamanda ölkədə Qarabağla bağlı lazımi təbliğat aparılmır, döyüş əhvali-ruhiyyəsi aşılanmır. Məsələn, Bakının hansısa bir mərkəzi hissəsində yarıçılpaq qızın plakatını asıb gəncləri Arizonada macara göstərməyə çağırırlar, amma hansısa lövhə ilə onları Qarabağda şücaət göstərməyə səsləmirlər. Azərbaycanın işğal altındakı torpaqlarına qarşı olan ögey münasibət nə deməkdir? - Biz 4-5 il bundan əvvəl Qarabağla bağlı beş plakat buraxdırdıq. Azərbaycanın bütün qurumlarına müraciət etdik ki, plakatlar hazırdır, onu müvafiq yerlərdən asın. Amma buna bircə Bakı Metropolitenin rəisi Tağı Əhmədov razılıq verdi və metrostansiyalarda vurulmuşdu. Yəni münasibət bu şəkildədir. Yəqin ki, bu da düşünülmüş bir siyasətdir. Çalışırlar ki, insanları müharibə, qisasçılıq, düşmənə nifrət əhval-ruhiyyəsindən uzaqlaşdırsınlar. Sanki Qarabağı zorla unutdurmağa çalışırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA