07-10-2011 [02:50]
[b]Naviqasiya texnologiyası insanlara doğru yol göstərməklə yanaşı, həm də onların həyatını xilas edir[/b]
Texnika və texnologiya inkişaf etdikcə yaranan problemləri həll etmək üçün uğurlu variantlar da ortaya çıxır. İndi dünyada inkişaf o həddə çatıb ki, texnika bütün sahələrdə insanları çox məharətlə əvəz edə bilir.
İnsanın bir müsbət cəhəti ruhən hissiyyatının olmasıdırsa, texnikanın yorulmazlığı, daha çox iş qabilliyətinin olması və istənilən formaya düşməsi onun üstün cəhətləridir. Əgər bir əsr öncə minlərlə insanın ağır zəhməti hesabıma sənaye müəssisələri çalışırdısa, indi texnikanın köməyi ilə 25-30 nəfər həmin işi həyata keçirir. Sözsüz ki, həmin texnikanı icad edən də, işlədən də insandır. Bu gün gündəlik həyatımızda texnikanın rolu danılmazdır, hətta həyatımızın bir hissəsidir, desək yanılmarıq.
Ancaq mənim üçün son illərin ən maraqlı yeniliyi insanı əvəz edən naviqasiya texnologiyasıdır. Bir vaxtlar bələdçilər, karvanbaşılar olardı. Onlar çox gəzib, çox dolandıqları üçün hər yeri tanıyardılar. Elə ?çox gəzən çox bilər? məsəli də burdan yaranmışdı. Bu adamlar insanları bu mənzildən o mənzilə aparar, yol göstərərdilər. Onlar hansı yolun daha qısa və təhlükəsiz olduğunu əllərinin içi kimi bilirdilər. Amma çərxi-fələk elə fırlandı ki, dünyanı gəzib-dolaşan adamların da əvəzedicisi icad olundu. Kimin ağlına gələrdi ki, vaxt gələcək, dünya dəyişəcək, dağ boyda kişiləri hətta cibdə belə gəzdirməyin mümkün olduğu balaca bir cihaz əvəz edəcək, onun gördüyü işi görəcək. Hazırda bu texniki vasitənin köməyi ilə getmək istədiyin yerə həm rahat, həm heç kimə minnətçi düşmədən, həm də ən səmərəli yolla gedə bilirsən. Sadəcə, getmək istədiyin yeri seçib balaca bir düyməni basmağın kifayətdir. O özü səni ən rahat yolla aparıb mənzil başına çıxaracaq.
Naviqasiya sistemlərinin imkanları barədə çox danışıb sizləri yormaq istəmirəm. Onsuz da çoxlarının insan zəkasının məhsulu olan bu yenilikdən xəbəri var və nələrə qadir olduğunu da bilir. Amma bu texnologoyanın həm də həyat xilas etdiyini eşidəndə təəccübləndim. Düşündüm ki, bu əl boyda cihaz insan həyatını necə xilas edə bilər. Yetər ki, onun imkanlarından zamanında yararlanmağı bacarasan. Mövzumuza birbaşa aidiyyatı olduğu üçün dostumun başına gələn acı bir hadisəni anlatmaq istəyirəm.
Hadisə 3-4 il əvvəl baş verib. Həyat yoldaşı ilə birlikdə Bakıda yaşayan dostum ata olmağa hazırlaşırdı. Onu da deyim ki, xoşbəxt gün elə də uzaqda deyildi. Amma bir gün qəflətən dostumun həyat yoldaşının halının pisləşməsi onları dərhal xəstəxanaya getmək məcburiyyəti qarşısında qoydu. Həyəcanlanan dostum xanımını tələsik aşağı düşürüb, xəstəxanaya çatdırmaq üçün öz maşınına əyləşdirdi. Amma çox təəssüf ki, onları həyətdən çıxan kimi Bakının pik vaxtının tıxacı gözləyirdi. Təsəvvür edin, maşında həyat yoldaşın ağrılar içində, sən həyəcanlı hara gedəcəyini, hansı xəstəxanaya üz tutacağını, hansı yolla getsən, daha tez çatacağını düşünürsən. Həyatda bundan mürəkkəb vəziyyət ola bilməz. Təbii ki, həyəcanlı olduğu üçün dostum səhv qərar verib ən uzun yolu seçmişdi. Elə ona görə də xəstəxanaya zamanında çata bilməmişdi. Bakının uzun-uzadı tıxacında itirilən vaxt dostumun birinci övladının qüsurlu dünyaya gəlməsinə səbəb oldu. Həmin gecikmə yeni doğulan uşağı bir neçə il müalicə almaq məcburiyyətində qoyub. Əgər o vaxt dostuma hansı istiqamətə getmək, hansı xəstəxanaya daha tez çatmaqda kimsə yardım etsəydi, uşaq illərlə müalicə almalı olmazdı.
Dostum taleyin ona hazırladığı bu imtahandan üzüağ çıxa bilməyəndən sonra Bakının amansız tıxaclarına qarşı mübarizə üsulu axtarışına çıxdı. Sonunda tapdı da. Bu, insan övladının icad elədiyi naviqasiya sistemidir. O, bir ildir ki, bu avadanlığı avtomobilində quraşdırıb. İkinci övladı bir neçə ay öncə dünyaya gələndə artıq ona yol göstərəcək, Bakı tıxacını yaxşı tanıyan və o tıxaca qalib gələn bir yol yoldaşı var idi. Ona görə də tam zamanında istədiyi ünvana çata bilmişdi. Birinci övladı dünyaya gələndə keçirdiyi stressi, ikinci dəfə yaşamadığına görə, dostum az qala, ikinci körpəsinə naviqator adı verəcəkdi.
İndi özünüz seçim edin. Belə bir yol yoldaşını kim istəməz? Əgər bir texniki avadanlıq səni ən dar məqamda çətin durumdan çıxarıb yol göstərirsə, dünyaya gələcək körpələrin həyatına işıq salırsa, onunla yoldaşlıq etmək olar. Cansız olsa belə...
...Yollar insan həyatında özünəməxsus yer tutur. Yollar da insan arzuları kimi sonsuzluğa qədər uzanır. Yolların hamarı var, dolanbacı var, işıqlısı var, qaranlığı var. Nağıllarda azan adamların qarşısına hər zaman iki seçim qoyulur- ya səs gələn tərəfə, ya da işıq gələn tərəfə getməlisən. İşıqlı tərəfə gedənlər hər zaman məqsədlərinə çatırlar. Nə yaxşı ki, indi işıqlı yolun bələdçisi var. Bu, insan zəkasının məhsulu olan naviqatordur. O bizi aydınlığa aparır...
Zaur Məmmədov
[b]Qeyd: Məqalə ?Caspian NavTel? şirkətinin elan etdiyi ?Mən yolumu tanıyıram? adlı yazı müsabiqəsinə təqdim edilir. [/b]