Əli Abbasov ABŞ senatoru ilə görüzüb

img

27-09-2011 [05:23]


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ABŞ-ın Kaliforniya Senatının Ətraf Mühitin Keyfiyyəti üzrə Komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ölkələr arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda möhkəm əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. ABŞ nümayəndə heyətinə Nazirliyin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr haqqında məlumat verən nazir ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd edib. Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə danışan Əli Abbasov 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu bildirib. Görüşdə ABŞ-ın Microsoft, Cisco, HP, İntel kimi şirkətləri ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, sözügedən şirkətlərlə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyi qeyd olunub. Öz növbəsində senator Cozef Simitian Kaliforniya ştatının qanunverici orqanını təmsil edən nümayəndə heyəti ilə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda qeydə alınan inkişaf dinamikasından xəbərdar olduqlarını bildirərək İKT sahəsində əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinin vacibliyini qeyd edib. Eyni zamanda, qonaq respublikada həyata keçirilən işlərlə daha yaxından tanış olmaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA