"Azərbaycan Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam dəstəkləyir"

img

26-09-2011 [11:42]


BMT Baş Assambleyasının 66-cı Sessiyası çərçivəsində İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndimə görüşü keçirilib. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir çıxışında öncə sədr, İƏT-in Baş katibi Professor Ekmaləddin İhsanoğluna İƏT xarici işlər nazirlərinin bu illik əlaqələndirmə görüşünün təşkilinə görə təşəkkür edib. Nazir çıxışında qeyd edib ki, "biz tarixi əhəmiyyəti sosial, mədəni və siyasi proseslərdə baş verən ziddiyətlərlə xarakterizə olunan bir zamanda yaşayırıq. Analitik mühakimə bəzən proseslərin dinamikasından geridə qalır". "Qloballaşan dünyamız sürətlə dəyişir. Bunun davamı olaraq, dünya nizamı və beynəlxalq münasibətlər sistemi də dəyişir. Bu günlərdə dünyanın müxtəlif regionlarında baş vermiş siyasi hadisələr istənilən regionun geosiyasi vəziyyətini dəyişməyə qadirdir. Bu hadisələr elə bir sürətlə baş verir ki, güclü ölkələr də buna mane ola bilmir və bu, qloballaşmanın özüdür", deyə Elmar Məmmədyarov əlavə edib. Nazir vurğulayıb ki, tarixən İslam bəşəriyyətin zəngin mədəniyyətini və nəcib məqsədlərini daşıyıb və yayıb: "Orta əsrlərdə Avropa Şərqin dəyərlərindən faydalanın və bu faktor sayəsində müxtəlif sahələrdə tərəqqi əldə edib. İslam dünyada sülh və tolerantlığa sadiq qalaraq, inanclarından asılı olmayaraq, bütün xalqların bir-birinə uyğunlaşması və rifahına böyük tövhə verib. Buna baxmayaraq, günümüzdə İslam Ümməti çoxsaylı çağırış və təhlükələrlə üzləşir. Günümüzdə dünyada bir sıra münaqişələr mövcuddur, təəssüf ki, onların əksəriyyəti İslam Ümmətində baş verir və bu münaqişələr zərər çəkmiş regionların təkcə geosiyasi və geoiqtisadi inkişafına deyil, eyni zamanda, bu regionların demokratik inkişafına da mane olur". Nazir qeyd edib ki, geosiyasi proseslərə çox həssas olan bir sıra regionlar mövcuddur və Yaxın və Orta Şərq regionunda baş verən sonuncu siyasi proseslər beynəlxalq ictimaiyyətə sülh və stabilliyin necə kövrək olduğunu nümayiş etdirib. "Bir sıra qardaş müsəlman ölkələrində baş verən demokratikləşmə prosesləri xalqların demokratik cəmiyyətlərdə yaşamaq istəyi və iradələrini bir daha vurğuladı. Şübhəsiz ki, sabitliyə və rifaha aparan yol demokratiyadan keçir və Azərbaycan bu haqq işinin güclü müdafiəçisi olaraq qalır. Azərbaycan bütün üzv ölkələri İslam dünyasında baş verən münaqişələrin həlli istiqamətində göstərilən səyləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq davam etdirməyə təşviq edir. Bizim Fələstindəki vəziyyətlə bağlı narahatlığımız davam edir. Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyə nail olunması, paytaxtı Şərqi Qüds olmaqla, suveren və müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində atdığı addımları dəstləklədiyini bir daha bəyan edir və Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam dəstəkləyir. Biz İƏT-in Baş katibi və onun işçi heyətinin Təşkilatın möhkəmləndirilməsi və Fələstin xalqına lazım olan yardımın təmin edilməsi istiqamətində gördükləri işi yüksək qiymətləndiririk. Biz qardaş Somalidəki humanitar vəziyyətlə bağlı narahatıq. Dəhşətli aclıq və quraqlığın ölkə ərazisinin böyük hissəsini əhatə etməsi nəticəsində on minlərlə insan həyatını itirmiş və yüz minlərlə Somali vətəndaşı kütləvi şəkildə qonşu ölkələrə köçmüşdür. BMT-nin sonuncu hesabatlarına əsasən 12 mln. insan hələ də böhran içərisindədir və 750 min insan ölüm riski ilə üz-üzədir. Bu, bəşəriyyətin son 100 ildə üzləşdiyi və presedenti olmayan bir faciədir və bütün ölkələr bu fəlakətin acı nəticələrinin aradan qaldırılması üçün tövhələr verməkdədir". Elmar Məmmədyarov bildirib ki, bununla əlaqədar olaraq, İƏT-in və müsəlman ölkələrin Somalidəki humanitar fəlakətin qarşısının alınması üçün zəruri olan yardımın təmin edilməsi istiqamətində tam potensialı reallaşdırılmalıdır: "Azərbaycan bu qardaş ölkəyə artıq humanitar yardım göstərib. Son illərdə Azərbaycan bir sıra İƏT ölkələrinə humanitar yardım proqramları sahəsində həm İƏT, həm də BMT çərçivəsində aktiv iştirakını davam etdirib və biz bundan sonra da bu səylərimizi davam etdirəcəyik". Xarici işlər naziri vurğulayıb ki, qlobal çağırışlar qlobal reaksiyaların verilməsini tələb edir. BMT bu çağırışlara reaksiya verilməsi üçün ən uyğun təşkilatdır. Bunun ən effektiv yolu BMT-nin öz mandatını yerinə yetirməsi, eyni zamanda, ənənəvi və yeni meydana gələn risk və təhlükələrin öhdəsindən gəlməsi üçün bu təşkilatda islahatlar apararaq, onu gücləndirməkdir. Beynəlxalq iqtisadi nizamda bu qloballaşmış, bir-birindən asılı və bağlı olan dünyanın meydana çıxardığı çağırışlara cavab vermək və bizim ölkələrdəki milyonlarla insana təsir edə biləcək böhranları aradan qaldırmaq üçün islahat aparılması vacibdir. "BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar aparılması bütün üzv ölkələri ciddi narahat edən bir məsələdir. İƏT-in BMT TŞ-da təmsil olunmaq və müsəlman ölkələrin maraqlarını müdafiə etmək üçün legitim tələb irəli sürməyə haqqı vardır. Biz TŞ-nın üzv ölkələr üçün daha təmsilçi, demokratik, effektiv, şəffaf və məsul bir quruma çevrilməsi üçün hərtərəfli islahatların aparılmasını dəstəkləyirik. Bununla əlaqədar olaraq, mən hörmətli həmkarlarımı məlumatlandırıram ki, Azərbaycan BMT Baş Assambleyasının 66-cı Sessiyası zamanı keçiriləcək seçkilərdə 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürüb. İƏT-in TŞ-da təmsilçiliyinin olması zərurətindən çıxış edərək, üzv ölkələrin Azərbaycana davamlı dəstəyinə güvənirik", deyə XİN rəhbəri əlavə edib. Nazir bir daha İslam Ümmətinə və İƏT-in Baş katibinə Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında qalması, bir milyona yaxın insanın doğma torpaqlarından etnik təmizlənməyə məruz qalması və Azərbaycanın, o cümlədən İslam irsinə də aid olan minlərlə mədəni və tarixi abidəsinin viran və qarət edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi üçün Azərbaycan tərəfinin səmimi minnətdarlığını bildirib. "Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İƏT tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, eyni zamanda, İƏT-ə üzv ölkələrin dəstəyi beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Assambleyasının və TŞ-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövqeyinin formalaşmasında mühüm rol oynayıb. Azərbaycan Hökuməti bu uzun sürən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT TŞ və İƏT qətnamələrinin yerinə yetirilməsi, eyni zamanda, ATƏT, AŞ və Avropa Parlamenti tərəfindən qəbul edilmiş müvafiq sənədlər və qərarlar əsasında sülh yolu ilə həllinə sadiq qalır", deyə elmar Məmmədyarov söyləyib. Nazir yekun olaraq, Baş Assambleyaya ən xoş arzularını bildirib və uğurlu fəaliyyət arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA