"Azərbaycanda rüzvətsiz təhsil sistemi qurulmalıdır"

img

04-09-2011 [06:31]


[b]Xanım Xəlilova: "Tələbələr bizim gələcəyimizdir, onlar savadsız oldusa, pulla yetişdilərsə, deməli bizim gələcəyimiz yoxdur" [/b] Bir müddət əvvəl Milli Məclisdə yaşı 65-ə çatmış elm adamlarının təqaüdə göndərilməsi ilə bağlı məsələ müzakirə edilərkən məlum oldu ki, bu yaş həddindəki elm adamları təqaüdə göndərilsə, Azərbaycan elmində boşluq yaranacaq. Çünki hazırda ölkənin elm və təhsil müəssisələrində çalışanların böyük bir qismi bu yaş həddindən yuxarı olanlardır. Ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında 70-80 yaşlı alimlər də çalışır və bu da yeniliyə, inkişafa mane olur. Bu və digər məsələlərlə bağlı qəzetimizə müsahibə verən Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim, Qazi Universitetinin professoru Xanım Xəlilova ilə söhbətə alimlərin təqaüdə göndərilməsi məsələsindən başladıq. - Öncə onu deyim ki, elmdə gəncləşməni, yaşlı alimlərin təqaüdə göndərilmə prosesini birdən-birə həyata keçirmək çətin olar. Əvvəlcə bunun əsasları hazırlanmalıdır. Türkiyədə 67 yaşı tamam olan elm adamının çalışdığı müəssisədə işinə son verilir və həmin gündən təqaüdə çıxır. Bundan da heç kəs incimir. Ancaq onu da unutmaq lazım deyil ki, bu, illərlə qurulmuş bir sistemdir. Bir də Türkiyədə elm sahəsində çalışanların, müəllimlərin əmək haqları da yüksək olur. Təqaüdə çıxanda da yaxşı təqaüd alır və bu səbəbdən də hər hansı problem yaşanmır. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Burda həmin sistem olmadığı üçün ortaya hər hansı bir qərar çıxanda narazılıq yaranır. Yəni oturuşmuş bir sistem olmadığı üçün insanlar yeniliklərə hazırlıqlı olmurlar. Düşünürlər, həm təqaüd alsınlar, həm də işləyib əməkhaqqı alsınlar ki, ikisi bir yerdə nəsə eləsin. Düşünürəm ki, əgər təqaüdlər yüksək olsa, heç kim qalıb işləmək istəməz. Yaşlı insanların elmdə, təhsildə daha çox qalması bir o qədər də müsbət hal deyil. Çünki gənclərə də yer vermək lazımdır. Gənclərə elmin pillələrində irəliləmələri üçün şərait yaradılmalıdır. Türkiyədə bu sarıdan hər hansı problem yoxdur, illərdir normal bir sistem qurulub və hər kəs də buna əməl edir. - Necə düşünürsünüz, Azərbaycan elmindəki boşluğu aradan qaldırmaq, gənclərin elmə təşviq edilməsində hansı tədbirlər görülməlidir? - Bunun üçün gəncləri yetişdirmək lazımdır. Gənclər elmə gəlməlidir, inkişaf etməlidir və getdikcə öz yerlərini tutmalıdırlar. Bunun üçün həmin o yaşlı elm adamları da əllərindən gələni etməlidirlər. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanın düşünən beyinləri başqa ölkələrə üz tuturlar. Bax, bu tendensiya narahatedicidir. Azərbaycanlı alimlər Türkiyədə, Yaponiyada və digər xarici ölkələrdə yaşayıb işləyirlər və orda çox böyük işlər görürlər. Onların potensialından nəyə görə burda istifadə olunmasın? Mən Türkiyədə belə bir təkliflə çıxış elədim ki, dünayda bir neçə araşdırma və gəlişdirmə sistemləri var, nədən biz türk dünyası elmi araşdırma və gəlişdirmə birliyi qurmuruq? Bu təkliflə baş nazirə də müraciət etmişəm. Əgər belə bir birlik qurularsa, türk elmi dünyada inkişaf edər, türk ölkələrinin bir-biri ilə əlaqələri daha da genişlənər. Tarixdən də məlumdur ki, bilim adamları, ilk baş türklərdə olub. İbn Sina və digər alimlər bizim millətdən çıxanlardır. Bundan sonra başqa ölkələrdə də elm inkişaf edib, elm adamları yetişib. Bunun üçün türk dünyasının elm birliyini qurmaq lazımdır. Təəssüf ki, hələlik buna nail ola bilməmişik. Biz millətin gələcəyini düşünməliyik, gəncləri bu istiqamətdə yetişdirməliyik. - Maraqlı məqama toxundunuz ki, Azərbaycandan xaricə beyin axını var. Həmin elm adamlarının bir qismi ilə yaxından tanışsınız, onların ölkədən getmələrinin səbəbi nədir? - Həqiqətən də bu, çox ağrılı məsələdir. 90-cı illərdə Azərbaycandan beyin axını daha çox oldu. O vaxt bəziləri dəbə uyğun olaraq, Türkiyəyə, Moskvaya getdilər. Ondan sonra burda işləyənlər gördülər ki, inkişaf yoxdur, maaşları çox aşağıdır, yaşaya bilmirlər, kitab buraxmaq, məqalələr yazmaq çox çətindir, ona görə də çıxış yolunu ölkəni tərk etməkdə gördülər. Məsələn, Türkiyədə işləyirsən, müəllim olmaq üçün dünyanın tanınmış, indeksli jurnallarında mütləq məqalən çıxmalıdır. Məqalən olursa, elmi və pedaqoji fəaliyyətə davam edə bilərsən. Ona görə də orda insan elmlə məşğul olmaq istəyirsə, mütləq çalışmalıdır. İqtisadi vəziyyət də insanlarımızı məcburən xaricə getməyə sövq edir. Amma bir çox müəllimlərimiz də var ki, siyasi düşüncələrinə görə Azərbaycanda işləyə bilmirlər. Bu da yanlışdır. Əgər bir adam millətini, dövlətini sevirsə, onun hansı siyasi düşüncədə olmasının elə də əhəmiyyəti yoxdur. Türkiyədə soydaşımız olan çox böyük alimlər var ki, inkişaf etmiş ölkələr onları istəyirlər, amma onlar Türkiyəni daha çox qəbul edirlər. Nədən Azərbaycan özü onlardan yararlanmasın? Yəni bu məsələlərə diqqəti artırmaq lazımdır. - Xanım müəllimə, bu gün Azərbaycanda elm sahələri arasında da müəyyən ayrı-seçkilik qoyulur, yəni fizika və digər dəqiq elmlərə az maraq göstərilir. Bu məsələdə Türkiyədə vəziyyət necədir? - Türkiyədə fizikaya, kimyaya, o cümlədən bu sahədə çalışan alimlərə çox böyük diqqət var. Əslində heç bir elmi o birisindən ayırmaq olmaz. Kimyanın öz üslubu, fizikanın öz üslubu, terminologiyası var. 21-ci yüz il elm və texnologiyaya söykənən bir dövrdür. O dövlət ki, güclü olmaq istəyir, onun əsas dayağı elm və texnologiya olmalıdır. Bundan əlavə, kənd təsərrüfatına da diqqət yetirmək lazımdır. Ölkə iqtisadiyyatının güclü olması həm də kənd təsərrüfatına bağlıdır. Bu istiqamətdə elmi araşdırmaları, tədqiqatları gücləndirmək vacibdir. Türkiyə ilə bu istiqamətdə əlaqələr gücləndirilməlidir. Ona görə də biz buna diqqət etməliyik. Mən bu səbəbdən də çalışıram ki, Türkiyədə elmi araşdırma və gəlişdirmə birlikləri - ARGE-lər qurulsun. ?ecə ki, Yaponiyada elmi araşdırma şəhərləri var, türk dünyasının da belə bir mərkəzləri yaradılsın. Düşünürəm ki, əgər bunu edə bilsək, çox irəli gedə bilərik. Bunun üçün ilk növbədə elm adamlarımızı əldə tutmalıyıq, onlara lazımi dəstəyi verməliyik. - Son dövrlər ölkəmizdə daha bir narahatlıq var. Yəni Azərbaycanda bəzi iş adamları, deputatlar, hətta digər vəzifəli şəxslər, pulla, yaxud başqa yollarla elmi ad və dərəcə alırlar. Buna münasibətiniz necədir? - Elmi ad almaq müqəddəs məsələdir. Hər şeyi pulla almaq olar, amma elmi yox. Əgər elmi ad, elmi dərəcə pula alınırsa, o zaman elmin hörməti olmaz. Türkiyədə professor olmaq üçün çox əziyyət çəkməlisən. Əvvəlcə doktorluq dissertasiyası yazmalısan, məqalələrin çıxmalıdır, özü də sadə məqalələr deyil, elmi əsası olan, nüfuzlu, indeksli jurnallarda dərc olunmalıdır. Ona görə də Türkiyədə elmin yoxdursa, pul və digər vasitələrlə elmi ad ala bilməzsən. Azərbaycanda isə elmi dərəcəni pula almaq mümkün olduğu üçün elm hörmətdən düşür. Çünki bəziləri deyə bilir ki, əşi, bilirik də, pulun müqabilində alıb. Hesab edirəm ki, elmin müqəddəsliyini qorumaq lazımdır. Bir dövlətin inkişafı üçün onun elminin əsası olmalıdır. Pulla bu gün elmi ad ala bilərsən, amma sabah onun saxta olduğu üzə çıxacaq. - Azərbaycanda bir müəllim normal yaşamaq üçün bir neçə universitetdə işləmək məcburiyyətində qalır. Türkiyədə necə, bir universitet bir müəllimi dolandıra bilirmi? - Qanuna görə Türkiyədə bir universitetdə işləyirsənsə, digər universitetdə işləyə bilməzsən. Səni dəvət edə bilərlər, konfranslar verə bilərsən, amma ordan maaş ala bilməzsən. Həm də orda universitetin bir professoru çox yaxşı maaş ala bilir, hətta nə qədər dərs verirsə, ona da əlavə əməkhaqqı verilir. Yəni orda bu gün daha çox dərs verim və buna görə də normal əməkhaqqı alım düşüncəsi yoxdur. Həm də 67 yaşın oldu, dövlət universitetindən çıxırsan, özəl universitetlərdə dərs deyə bilərsən, ancaq orda da 72 yaş həddi var. - Hazırda Türkiyədə dərs deyən azərbaycanlı müəllimlərin səviyyəsindən necə, razıdırlarmı? - Çox razıdırlar. Bir məsələni qeyd edim ki, köhnə nəsil çox güclüdür. Sovetlər birliyində bizə dərnək qurmaq, cəmiyyət yaratmaq olmazdı, bir qadın təşkilatı, bir Kommunist Partiyası var idi, başqa heç nə yox idi. Ticarətlə, yaxud ictimai-siyasi fəaliyyətlə məşğul olmaq qadağan idi. Bəzən deyirlər ki, azərbaycanlılar çalıb-oxuyandırlar. Sovet dönəmində ya bu sahəyə getməliydin, ya da elmə yönəlirdin. Mən Moskvada doktorluğu müdafiə elədim. Türkiyədə də bu dərsi ilk dəfə mən açdım. Azərbaycanda ilk dəfə bu mövzunu mən işlədim. Yəni bizim elm adamları kifayət qədər istedadlıdır. İndikilər bir az zəifdir, amma onları da yetişdirmək lazımdır. Amma bəzən problemlər də olur. Mən ilk dəfə dərs deyəndə bölüm başqanı mənə dedi ki, hocam, Azərbaycan yox, türki şivəsində çalışın. Mən də cavabında dedim ki, bu millətin bir dili var - türk dili. Şivələr fərqli ola bilər, amma dilimiz birdir. Çalışdım ki, uşaqlar da bizim şivəmizə öyrəşsinlər. Mən elə yarı azərbaycanca dərs deyirəm, ancaq tam başa düşürlər. Yəni şərait, münasibət çox yaxşıdır, eyni zamanda burdan gedən müəllimlərin də səviyyəsi yüksəkdir. - Siz ali təhsil müəssisəsində çalışırsınız, Azərbaycanla Türkiyənin ali təhsilinin müqayisəsini aparmağınızı istərdik. - Mən istəməzdim müqayisədə neqativ halları deyəm. Mənə elə gəlir ki, universitetlərdə rüşvət olmamalıdır. Əgər bir tələbə deyirsə ki, onsuz da pulumu verib, qiymətimi alacam, bax, bu, adamı incidir. Belə bir məsələ Türkiyədə yoxdur. Hətta tələbə müəllimə hədiyyə gətirəndə də götürmür. Bir dəfə olmuşdu, qəzetlər də yazmışdı ki, azərbaycanlı qadın müəllim rüşvət alıb. Mən onda çox utandım. Yəni rüşvət alan müəllim tələbənin üzünə necə baxır, görəsən? Axı sənin borcundur ki, ona dərs deyəsən, onun da borcudur ki, oxusun. Tələbələr bizim gələcəyimizdir, onlar savadsız oldusa, pulla yetişdilərsə, deməli bizim gələcəyimiz yoxdur. Türkiyə təhsilində rüşvət məsələsi qətiyyən yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycanda rüşvətsiz təhsil sistemi qurulmalıdır. Mən deyə bilmərəm, kimsə rüşvət alır, amma ümumi deyirəm ki, təhsildə rüşvət var. - Bəs tapşırılma necə, Türkiyə təhsilində bu kimi hallar varmı? - Belə bir şey yoxur. Məsələn, belə ola bilər, aspiranturaya girir, tələbə çox savadlıdır, amma özünü ifadə etməkdə çətinlik çəkir, ona dəstək vermək olar. Güney Azərbaycandan gələn tələbələr çox savadlıdırlar, danışıqları başqa cürdür, mən onlara kömək edirəm. Ancaq tapşırıq yoxdur. - Bir elm adamı, həm də bizdən irəlidə olan bir ölkənin təhsil sistemində çalışan şəxs kimi Azərbaycanın təhsil sistemindəki problemlərin aradan qaldırılması üçün nə təklif edirsiniz? - Bu çox ağır sualdır. Təhsildəki problemləri aradan qaldırmaq üçün də yuxarıdan aşağıya doğru islahatlar aparmaq lazımdır. Kim rüşvətlə ali təhsili başa vuracağına ümid edirsə, onlara dəstək verilməməlidir. Kim oxumaq, təhsil almaq istəyirsə, həm dövlət, həm cəmiyyət onlara yardım əlini uzatmalıdır. Problemləri həll eləmək üçün sistemi dəyişmək yox, təmizləmək lazımdır. Elə etmək lazımdır ki, rüşvət, tapşırıq və bu kimi neqativ hallar olmasın. Bir sözlə, kompleks tədbirlər həyata keçirmək lazımdır. Yenə də deyirəm, müəllimlərin əmək haqlarını artırsalar, onları kölə vəziyyətində qoymasalar, heç kim tələbədən rüşvət almaz. Elə adamlar var ki, maddi sıxıntılar üzündən məcbur olub əyri yola əl atırlar. Amma əməkhaqqı yüksək olsa, heç kim özünü aşağılayıb, rüşvət almaz. Mən çox sevinirəm ki, Elçibəyin prezidentlik dönəmində qəbul imtahanlarında sistem dəyişdi, test üsuluna keçildi. Bir də çox sevinirəm ki, bu gün test üsulu ilə gənclərimiz xaricə təhsil almağa da gedə bilirlər. Üstəlik, dövlət xətti ilə tələbələrimiz xaricdə oxumaq imkanı əldə edirlər. İnanıram ki, təhsilimiz, gənclərimiz bundan da yaxşı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA