23-08-2011 [01:41]
Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşan qaçqınlar yaşadıqları məntəqənin qazlaşdırılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayıblar. 40-dan artıq kənd sakininin imzaladığı müraciət Azərbaycan Respublikasının Prezidenti ilə yanaşı, Prezident Adminstrasiyasının rəhbərinə, Dövlət Neft Şirkətinin Prezidentinə, ?Azəriqaz? İstehsalat Birliyinin baş direktoruna, Goranboy Rayon İcra Hakimiyyətinin Başçısına və Goranboy rayon qaz istismar sahəsinin rəisinə də göndərilib.
Qaçqınlar müraciətdə 1988-ci ildə Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma el-obasından didərgin düşdüklərini və Azərbaycan Respublikası Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşdıqlarını bildiriblər. Ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin, eləcə də ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli siyasəti dəstəklədiklərini ifadə edən müraciət sahibləri, bu siyasət və islahatlar nəticəsində ölkəmizin, o cümlədən də Göranboy rayonunun günü-gündən inkişaf etməsindən qürur hissi keçirdiklərini bildiriblər. Onlar bütün bu inkişafın fonunda Qaradağlı kəndində qaçqınların yaşadıqları məhəllənin 20 ildən artıq bir müddətdə mavi yanacaqla təmin olunmamasını narahatçılıq doğuran problem kimi qələmə veriblər: ?Sizə müraciət etməyimizə səbəb yaşadığımız kəndin hələ də mavi yanacqla təmin olunmamasıdır. Beləki hələ sovetlər birliyi dövründən bu kəndin mərkəzi küçələrində yaşayan sakinlərin mənzilinə qaz xətti çəkilib. Bununla da kəndlilər gündəlik məişət qayğılarının böyük bir qismindən azad olunublar. Lakin müstəqilliyimizin əldə edilməsindən sonra bir çox yerlərdə olduğu kimi bu kəndə də qaz verilişi dayandırılıb. Əksər küçələrdə qaz xətləri sökülərək məhv edilib. Uzun zamandan sonra nəhayət ki, son iki-üç il ərzində bizim kəndə qaz verilişi yenidən bərpa edilib. Köhnə xətlər təmir olunub, bəzi yerlərə isə əlavə xətlər çəkilib. Amma nədənsə bizim küçədə qaçqınların yaşadığı mənzillərə nə qaz xətti çəkilib, nə də mavi yanacq verilib. Halbuki, uzunluğu 800 metrə yaxın olan küçənin 200 metrə kimi olan ərazisindəki mənzillərə qaz xətti çəkilib və hal-hazırda həmin mənzil sahibləri bu yanacaq növündən istifadə edirlər. Geridə qalan 600 metirlik məsafədə yerləşən 26 mənzilə isə qaz xətti çəkilməyib. Biz bu problemlə bağlı Goranboy Rayon Qaz-İstismar İdarəsinə həm şifahi, həm də yazılı şəkildə dəfələrlə müraciət etmişik. Hətta bütün yaşayış məntəqələrinin dövlət tərəfindən pulsuz qazla təchiz olunduğunu bilə-bilə adıçəkilən idarədə təklif etmişik ki, bu işi görəcək mühəndis və fəhlələrə mal-materialların alınmasında, müvafiq işlərin görülməsində yardımçı da ola bilərik. Təəssüflər olsun ki, biz sakinlərin müraciətinə və problemin həlli üçün etdiyimiz təkliflərə məhəl qoyan yoxdur. Kənddə gəzən söz-söhbətə görə, mövcud problemin həll olunmamasında bəzi vəzifə səlahiyyətliləri qəsdən maraqlı deyillər. Onlar bu işi yalnız hər ailədən 600 manat alacaqları təqdirdə görmək fikrindədirlər. Onlar öz əməllərinə bəraət qazandırmaq üçün bizim küçənin sonradan salındığını və bu məbləğin yeni layihə üçün xərclənəcəyini iddia edirlər. Halbuki bizim küçədə məskunlaşan qaçqınlar artıq 23 ildir ki, burada yaşayırlar. Biz Goranboy rayonunun Qaradağlı kənd sakinləri yuxarıda qeyd edilən məbləğin qanunsuz olaraq vətəndaşlardan tələb edildiyini bilirik. Ona görə də xahiş edirik ki, aidiyyatı orqanlara bizim problemimizin həll edilməsi üçün müvafiq göstərişlər verəsiniz?.
Qaçqınlar müraciətlərində Goranboy rayon qaz istismar sahəsinin səlahiyyətli nümayəndələrindən də şikayət ediblər. Bildirilib ki, adıçəkilən qurum tərəfindən nə dövlət başçısının nə də ?Azəriqaz? İstehsalat Birliyinin göstərişlərinə məhəl qoyulmur: ?Biz qaçqınlar ötən il də bu problemlə bağlı ölkə başçısına müraciət etmişdik. Həmin müraciətdən sonra 21 oktyabr 2010-cu ildə ?Azəriqaz? İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Asif Ağayev surəti Goranboy rayon qaz istismar sahəsinin rəisi H.Əkbərova olmaqla, biz kənd sakinlərinin ünvanına cavab məktubu göndərib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?na uyğun olaraq Goranboy rayonu Qaradağlı kəndində məskunlaşmış qaçqınların yaşayış evlərinin qazlaşdırılması 2011-ci ildə nəzərdə tutulub. Bunun ardınca rayon icra hakimiyyəti və qaz istismar idarəsinin nümayəndələri kəndə gələrək sakinlərlə görüşüb, müəyyən izahatlar alıblar. Söz veriblər ki, layihə hazır olan kimi qazlaşdırma işinə başlanacaq. Amma təəssüflər olsun ki, bu günə kimi qeyd edilən problemin həlli məqsədilə heç bir addım atılmayıb?.
Qaçqınların müraciəti ilə bağlı ?Azəriqaz? İstehsalat Birliyi ilə əlaqə saxlayıb, ölkə ərazisinin qazlaşdırılmasına cavabdeh olan bu qurumun məsələyə münasibətini də öyrəndik. ?Azəriqaz? İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov Goranboy rayonu Qaradağlı kəndindəki 26 mənzilin 2012-ci ilin dövlət proqramı çərçivəsində mavi yanacaqla təmin olunacağını bildirdi: ?Mən ?Azəriqaz? İB-nin yeni qazlaşma və inkişaf şöbəsi ilə əlaqə saxlamışam. Oradan verilən məlumata görə, Goranboy rayonu Qaradağlı kəndinin qaz təchizatı 2011-ci ilin proqramında yoxdur. Bu proses, yəni Qaradağlı kəndində mavi yanacaqla təmin olunmayan mənzillərə qaz xəttinin çəkilməsi 2012-ci ilin proqramında nəzərdə tututlub. Beləki, ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı? çərçivəsində Azəriqaz İB tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən Bakı şəhəri və onun ətrafındakı yaşayış məntəqələri, eləcə də ölkə ərazisinin ümumilikdə 95 faizinin tam qazlaşdırılması 2012-ci ildə mümkün olacaq. Bundan başqa, Qaradağlı kənd sakinlərinin müraciəti ilə bağlı mən Goranboy rayon qaz istismar sahəsinin rəisi Hikmət Əkbərovla da əlaqə saxlamışam. Əgər vətəndaşlar dövlət hesabına qaz xəttinin çəkilişini gözləməyib bunun daha tez reallaşmasını istəyirlərsə, o zaman fərdi halda müraciət etməlidirlər. Bunun üçün hər bir ev sahibi şəxsi mənzilinin sənədini və şəxsiyət vəsiqəsini götürüb Goranboy rayon qaz istismar sahəsinə getməli, orada 62 manat dövlət rüsumu ödəməlidir. Ödənilən rüsum əsasında texniki şərt və layihə hazırlanır. Bütün sənədləşmə işləri, o cümlədən layihə hazır olduqdan sonra tikinti şirkətinə sifariş veriləcək və həmin mənzillər tam qazlaşdırılacaq?.