21-08-2011 [08:59]
[b] "Bu gün ali təhsil müəssisələrimizdə yenə uçuq-sökük auditoriyalar, yenə həmin müəllimlər, aşağı səviyyəli tədris prosesi qalır, amma təhsil haqqını qaldırırlar" [/b]
Azərbaycan təhsilindən danışarkən, adətən, inkişaf etmiş ölkələrin təhsil sistemindəki üstünlüklər, dünya şöhrətli universitetlərdəki tədris prosesi və digər sahələrlə bağlı müqayisələr aparılır. Budəfəki müsahibimiz Kənan Aslanlı da xaricdə magistratura təhsili alıb və hazırda Dövlət İdarəçilik Akademiyasında müəllim işləyir.
K.Aslanlı ilə Azərbaycandakı elm və təhsilin vəziyyətindən bəhs edən müsahibəyə inkişaf etmiş ölkələrin təhsil sisteminin müqayisəsi ilə başladıq.
- Öncə onu deyim ki, mən xaricdə uzun illər olmamışam, qısa müddətli təhsil almışam. Yəni, bizim tədqiqatlarla bağlı ixtisasartırma kursları keçib gəlmişik. Amma eyni zamanda minlərlə azərbaycanlı var ki, illərlə xaricdə təhsil alıblar. Onlardan eşitdiklərim və gördüklərim əsasında deyə bilərəm ki, tamamiylə fərqli sistemlərdən söhbət gedir.
Xüsusən, mən ali təhsil sistemində və elmi tədqiqat sektorunun üzərində dayanmaq istəyirəm. Həm ali təhsil, həm elm sahəsində bizim xarici ölkələrlə ciddi fərqimiz var...
- Bu fərqliliklər əsasən nədən ibarətdir?
- Demək olar ki, hər şey fərqlidir. Bircə adlardakı "universitet" sözləri eynidir.
Qəbul qaydaları da fərqlənir. İnkişaf etmiş ölkələrin bir çoxunda bizim kimi mərkəzləşmiş qəbul sistemi yoxdur, olanında belə, qiymətləndirmə bizdəki kimi aparılmır. Orda qiymətləndirmənin iki növü var: nailiyyətin qiymətləndirilməsi və qabiliyyətin qiymətləndirilməsi.
Biri var, qarşınıza tarixdən test qoyulur və yoxlayırlar ki, nəyi bilirsən, nəyi bilmirsən. Əgər bu mərhələdə verilən sualları cavablandırırsansa, bu, artıq nailiyyətin qiymətləndirilməsidir.
Açığı, bu, beynəlxalq praktikada bir qədər quru, kasad qiymətləndirmə kimi götürülür. İndi geniş tətbiq olunan qiymətləndirmə qabiliyyətin qiymətləndirilməsidir. Siz nəyisə bilməyə bilərsiniz, əsas odur ki, onu öyrənmək qabiliyyətiniz var, yoxsa yox. Burada əsasən hansısa tarixi bilgini yox, problemi həll etmək bacarığını qiymətləndirirlər. Bu, qəbuldakı fərqdir.
Daha sonra təhsilin hər pilləsində fərqliliklər ortaya çıxır. Bizdə indi-indi Boloniya sisteminə adaptasiya prosesi gedir. Müəllimlərin tələbələr tərəfindən seçilməsi - bax, bu çox önəmlidir. Təhsilin maliyyələşməsi, ayrılan böyük maliyyə fondları - bunların hamısı bizi inkişaf etmiş Qərb təhsil sistemindən fərqləndirən xüsusiyyətlərdir. Bir az da konseptual yanaşsaq, təhsilin ümumi mahiyyəti, məqsədində də fərqliliklər var. Onlar kritik düşünə bilən, məsələlərə tənqidi yanaşan, senzurasız insanlar yetişdirmək istəyirlər. Biz isə insanları kütləvi şəkildə bir yerə toplamağa çalışırıq. Demək istəyirəm ki, uzun müddət Azərbaycanda təhsilin məqsədi kütləvi sosial mobilizasiya olub. Eyni zamanda burada biznes məqsədi də güdülüb. Özünüz də bilirsiniz ki, Azərbaycanda təhsilin hər mərhələsində kimlərsə böyük pullar qazanır.
- Azərbaycanda təhsildən kimlərinsə böyük pullar qazandığını bildirirsiniz, amma dünyanın inkişaf etmiş ali təhsil müəssisələrində bizimkilərdən 10-15 dəfə artıq təhsil haqqı alırlar. Bu baxımdan biznes marağı təbii deyilmi?
- Mən burada leqal pulları nəzərdə tutmuram. O ki qaldı təhsilin maliyyələşməsinə, təbii ki, müqayisə etsəniz, məlum olar ki, Britaniya, yaxud Amerikanın hansısa universitetində təhsil haqqı Azərbaycandakından yüksəkdir. Amma onun müqabilində onlar tələbəyə nə verirlər, bax, bu, müqayisə olunmazdır?!
Mən, Dövlət İdarəçilik Akademiyasında çalışıram, orada aşağı-yuxarı vəziyyət normaldır. Ancaq mən, əvəzetmə ilə başqa bir universitetdə auditoriyaya girmişəm, vəziyyətin çox acınacaqlı olduğunu görmüşəm. Həmin univeristetdə bir qrupda 28 tələbə var, onun 8-i ayaq üstədir. Səbəbini soruşanda məlum olur ki, oturmağa yer tapmır.
Azərbaycanda universitet tələbələrinin hansı dəyərli vəsaitlərə, kitablara çıxışı olur, kitabxanalarda zəngin ədəbiyyat, onlayn sistemə çıxış imkanı varmı, universitet tələbəni hansısa səyahətə, təcrübəyə göndərirmi? Amma xaricilər aldıqları pulun müqabilində görün, tələbələrə nələr təşkil edirlər? Hər il xaricdən Azərbaycanla bağlı tədqiqat aparan onlarla doktorant gəlir. Elə vaxt olur ki, magistr tələbələr belə, bura göndərilir. ?orveç universiteti tələbəyə pul ayırır ki, Azərbaycanı tədqiq etmək üçün ölkənin özünə get və araşdır. Eyni zamanda orda bütün bölmələr ödənişli deyil, təqaüd sistemləri var və istedadlı tələbələr bundan yararlana bilirlər. Hətta ödənişliyə qəbul olursan, sonra müsbət nəticələr göstərdikcə, ödənişlər minimallaşır. Belə bir sistemdən isə heç kim narazı olmur.
- Son dövrlər Azərbaycanda təhsil haqları artırılır və narazılıq olur...
[i]- (Tələsik)[/i] Bunun səbəbi var. İnsanlar düşünməyə başladı ki, ay Tibb Universiteti, ay İqtisad Universiteti təhsilin keyfiyyətində nəyi artırdın ki, onun müqabilində təhsil haqqını qaldırırsan? Əgər o universitetlər əsaslandırsa ki, mən 5 yeni laboratoriya qurmuşam, kitabxanaya 10 min yeni kitab almışam və 5 nəfər xarici professor dəvət eləmişəm ki, mühazirə desinlər, bunun qarşılığında təhsil haqqını artırmışam, onda, bu qədər narazılıq olmazdı.
Bu gün ali təhsil müəssisələrimizdə yenə uçuq-sökük auditoriyalar, yenə həmin müəllimlər, aşağı səviyyəli tədris prosesi qalır, amma təhsil haqqını qaldırırlar. İnflyasiya yox, əhalinin gəlirlərində ciddi artım yox, sıravi əhalinin təhsilə tələbatında partlayış yoxdursa, onda qiymətlər niyə artır? Dolayısı ilə bayaq dediyim kimi, tələbə ali təhsilə başlayandan qurtarana qədər bütün pillələrdə onların aldıqları dövrdə qiymətləndirmələr, müəllim-tələbə münasibətləri, informasiyaya çıxış zənginliyi, tələbənin sosial həyatının zənginliyi - bunların hamısı köklü fərqlərdir. Elə bu səviyyə fərqini Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində tutduğu aşağı pillələrdən də görə bilərik.
- Kənan müəllim, Azərbaycanda təhsilin inkişafı istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Hətta bir qismi başa çatıb. Əgər bu qədər problem varsa, belə çıxır ki, bu proqramlar mənasız yerə həyata keçirilib?
- Gəlin, həmin proqramları fundamental mənasız saymayaq. Azərbaycanda təkcə təhsillə bağlı deyil, istənilən dövlət proqramlarında qeyd olunan maddələrin heç də hamısı icra olunmur. Azərbaycanda elə bir dövlət proqramı yoxdur ki, orda nəzərdə tutulan bütün işlər həyata keçirilsin. Biz regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və s. dövlət proqramlarının monitorinqini aprmışıq. Elə proqramlar var ki, onlarla tədbir icra olunmamış qalır və növbəti proqrama keçirilir. Bu baxımdan, həmin o təhsillə bağlı proqramlarda da bir sıra müddəalar var ki, icra olunmur. Elə maddələr var ki, icra olunur, müəyyən qədər effekt də verir. Bir sıra maddələr də var ki, icra olunur, amma lazımi effekti vermir. Çünki hansısa infrastruktur problemi var. Məsələn, məktəblərin kompüterləşməsi ilə bağlı dövlət proqramı var. Kəmiyyət baxımından müəyyən qədər uğurla icra olundu, yəni məktəblərə getsəniz, kompüter var. Ancaq mən bir sıra rayonlarda olmuşam, hansısa kənd məktəbində kompüter var, amma istifadə olunmur. ?iyə? Çünki kompüterdən dərs deyən müəllim yoxdur. Təhsil ?azirliyinə sorğu göndərsiniz, cavab gələcək ki, məktəbləri kompüterləşdirmək lazım idi, biz də elədik. Yəni belə başa düşürlər ki, kompüteri alıb məktəbə qoyaq, vəssəlam. Ümumiyyətlə, tədbirlər baş-ayaq icra olunub. Amma birinci müəllim hazırlanmalı, sonra kompüter alınmalı idi. Bütün bunlar isə Azərbaycanda dövlət proqramlarının effektivliyini müəyyən qədər azaldır. Sözsüz ki, effekti olan tədbirlər də var - tədris materiallarının yenilənməsi, kurikulumların tətbiqi və s.
- Məlumdur ki, Azərbaycanda təhsil müəssisələri əsasən dövlət vəsaitləri hesabına fəaliyyət göstərirlər. Ümumiyyətlə, təhsilə ayrılan vəsaiti qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycanda 40-dan artıq universitet var. Onların arasındakı əsas universitetlər, böyük fondlara və daha çox tələbə sayına malik olanı dövlət universitetləridir. Onlar da birbaşa dövlət büdcəsindən maliyyələşirlər.
Azərbaycanda özəl universitetlər də var və keyfiyyət baxımından özəllər bəzən daha öndə olurlar. Biz bilirik ki, Azərbaycanda üzə çıxarılası bir-iki universiteti var, onlar da özəllərdir. Dünya səviyyəsi deməzdim, region səviyyəsində olan iki-üç universitet var - Xəzər, Qafqaz universitetləri, müəyyən qədər də Qərb və Azərbaycan universitetləridir. Onların büdcəsi, tələbə sayı dövlət universitetləri ilə müqayisəolunmaz dərəcədə azdır. Demək, bir tərəfdə çox böyük büdcə vəsaitləri alan və effektsiz fəaliyyət göstərən dövlət universitetləri var, o biri tərəfdə isə nisbətən az maliyyəsi olan, əsasən təhsil haqları ilə maliyyələşən, ancaq daha səmərəli olan bir neçə özəl universitet var. Bu, onu göstərir ki, burda nələrisə dəyişmək lazımdır. Dövlət universitetlərinin sayını azaltmaq, əvəzində onlara ayrılan maliyyələşməni bir qədər səmərələşdirmək lazımdır. İstənilən halda burda müəyyən islahatlar aparılmalıdır. Çünki görünən odur ki, dövlət ali təhsil müəssisələrinə ayrılan vəsaitlər çox səmərəsiz xərclənir. Məsələn, İqtisad Universitetinə, Memarlıq və İnşaat Universitetinə və Texniki Universitetə ayrılıqda ehtiyac yoxdur. Onları birləşdirmək olar.
Bu gün dövlət universitetləri kütləvi diplom verməklə məşğuldur və bununla da onlar diplomlu kütləvi işsizlər ordusunun yaranmasına xidmət edirlər. Əmək yarmarkalarına gedin baxın, görün, qədər diplomlu işsiz var. Amma beynəlxalq praktikaya da baxanda aparıcı universitetlərin böyük hissəsi özəl universitetlərdir. Onlar çox böyük ianələr hesabına maliyyələşir, yəni yalnız təhsil haqqı yox.
- Bu ianələri kimlər ödəyir?
- İanələri əsasən icmalar, imkanlı valideynlər, xeyriyyəçilər ödəyir. O insanlar ki, parlaq təfəkkür sahibidirlər və bilirlər ki, millətin inkişafı təhsildədir. Azərbaycanda bu qədər böyük biznes strukturları var, amma onların təhsillə əlaqəsi yoxdur. Hansıki, bu əlaqə olanda nəticə çox gözəl olur. Sadəcə olaraq, özəl universitetlərdə maraq oyatmaq lazımdır ki, universitetlərlə əməkdaşlıq eləsinlər. Bu, az-çox Xəzər Universitetində qurulub. "bp" şirkəti ilə müqavilələri var, ikinci, üçüncü kursdan mərkəzlər var, tədris aparılır, "bp"-nin sistemi izah olunur, paralel də bütün o semminarlarda tələbələr izləmə altına alınır və müəyyən olunur ki, bu, potensial "bp" işçisi ola bilər. Dolayısı ilə özəl sektorun ali təhsilin maliyyələşməsinə cəlb olunması, ianə sisteminə keçid, insan arasında bu düşüncəni yayğınlaşdırmaq lazımdır. Ümumiyyətlə, özəl sərmayə təhsil sisteminə gəlməsə, dövlət universitetlərin sayı azaldılıb, fəaliyyəti səmərələşdirilməsə, təhsilimizdəki hazırkı vəziyyət dəyişməyəcək.
- Hər il büdcədən təhsilə müəyyən məbləğdə vəsait ayrılır. Təhsil xərcləri dünya standartlarına nə qədər yaxındır, ümumiyyətlə, ayrılan vəsaitlər təhsilin səviyyəsi mütənasibdirmi?
- İstənilən halda təhsil xərclərinin ümum daxili məhsulda payı hesablanır. Yəni, iqtisadiyyatın neçə faizi təhsilə yönəldilir. Azərbaycana rəqəmlərə baxırıq, rəqəmlər 3-3,5 faiz civarında dəyişir. Prinsipcə normal rəqəmdir, amma bunu iki dəfə artırmaq potensialı da var. Amma burada bir məsələ də var. Azərbaycan praktikası göstərir ki, pulu ayırmaq nəticəyə təsir eləmir. Elə bilin ki, dibsiz quyuya su tökmək kimi bir şeydir, tökürsən-tökürsən, amma ortalıqa bir şey yoxdur.
Bu il 1,5 milyard manat vəsait ayrılıb, onun önəmli bir hissəsi əməkhaqqı xərcləridir, qalanı isə əsaslı xərclərdir. Bilirik ki, birincidə yetərsizlik var. Azərbaycan müəlliminin əməkhaqqı azdır. Odur ki, əsaslı xərclərə yenidən baxmaq lazımdı. Çünki təmir-tikinti işlərində bir çox hallarda yeyintilər olur.
- Bəs təklifləriniz nədir, vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Ona görə də əsaslı xərclərə yenidən baxmalıyıq. Smetalar həddən artıq şişirdilir, yəni 1 milyona başa gələn məktəb üçün 5 milyon yazırlar. Burada qənaət imkanları var, mümkün qədər sıxmalıyıq. Cari xərcləri, yəni əmək haqlarının artırılması yönündə xətt götürmək lazımdır. Amma əmək haqlarını da müəllim heyətini tədricən dəyişməklə artırmaq lazımdır. 80 yaşlı, qocalmış, axırıncı məqaləsi 30 il əvvəl çıxmış, konspekt vərəqləri saralmış müəllimə bu gün aldığı 300 manat əvəzinə 1000 manat da versən, o, tələbəyə artıq heç nə verəsi deyil. Onu təqaüdə göndərmək, yaxşı pensiya vermək, müəllim kollektivini gəncləşdirmək lazımdır. Əmək haqlarını da iki dəfə artırmaq mümkündür. Ümumilikdə, təhsildə mövcud olan problemləri aradan qaldırmaq elə də çətin deyil, sadəcə olaraq, buna iradə və müəyyən qədər zaman lazımdır.