"Gündəm xəbər" qəzetinin təsisçisi barədə cinayət izi açılıb

img

19-08-2011 [12:39]


Baş Prokurorluğun mətbuat xidməti Azərbaycan Mətbuat Şurasının "Qara siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzeti ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Mətbuat Şurasının müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb. Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA