"Sabir Rüstəmxanlı DAK-a gəlir mənbəyi kimi baxır"

img

10-08-2011 [05:31]


[b]Səftər Rəhimli: "Rüstəmxanlı istədiyi vaxt İran səfirliyinə görüşə gedir, istədiyi vaxt İran kəşfiyyatçılarının da olduğu ehtimal edilən görüşlərdə təmsil oluna bilir" [/b] Dünya Azərbaycanlıları Konqresi (DAK) daxilində yaranmış gərginliyin əhatə dairəsi daha da genişlənir. Artıq tərəflər bir-birlərini xarici kəşfiyyat orqanlarına işləməkdə də ittiham edirlər. Müsahibə verən tərəflərdən biri - DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, İdarə Heyətinin üzvü Səftər Rəhimli isə yaranmış qarşıdurmadan ətraflı danışdı: - Bu məsələlər bir həftənin, on günün işi deyil. Məsələlərin kökü DAK-ın 11-ci qurultayından qaynaqlanır. Həmin qurultayda aydın oldu ki, Sabir Rüstəmxanlı DAK-da nüfuzunu itirib. Qurultayda Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadə DAK-ın İdarə Heyətinə üzv seçilmək üçün çox böyük mücadilə versələr də, orada ən az səs toplayan da bu iki nəfər oldu. Bu gün onların ittiham elədiyi şəxslərin çoxu onlardan qat-qat artıq səs toplamışdı. DAK-ın İdarə Heyətinin toplantısında Sabir bəy namizədliyini vermişdi, başqa namizədlərdən biri də Mirəşrəf Fətiyev idi. Amma Sabir Rüstəmxanlı 4-5 saatlıq toplantıda İdarə Heyətinin yetkisini ala bilmədi. Onun həmsədr olmasında yeganə rol oynayan adam mən olmuşam. Mən axırda yoldaşlara dedim ki, gəlin, Sabir Rüstəmxanlıya səs verək, biabırçılıq olmasın. Amma həmin gündən, Sabir bəyə alternativ olan namizədlərin hamısı, o cümlədən Mirəşrəf Fətiyev hədəfə çevrildi. Hansı ki həmin günə qədər Sabir Rüstəmxanlının Mirəşrəf Fətiyevlə yaxın münasibətləri, ailəvi gediş-gəlişləri var idi. - Belə çıxır ki, S.Rüstəmxanlı alternativlik məsələsinə görə qarşı tərəfi düşmən elan edir və hansısa kəşfiyyata işləməkdə suçlayırlar? - Bəli. Yeganə səbəb odur ki, nəyə görə namizədliyini verir? Onların hər ikisi də bizim Yardımlı rayonundandır. Mirəşrəf Fətiyev Rusiyada yaşayır və bizim diasporamızı yaradan şəxslərdən biridir, eyni zamanda iş adamıdır. Yardımlı camaatına da çox böyük köməyi keçmiş bir şəxsdir. Mən deyərdim ki, Mirəşrəf Fətiyev Yardımlıdan namizədliyini versə, Sabir Rüstəmxanlıdan iki dəfə artıq səs toplayar. Hətta deputat seçkilərində belə, Sabir Rüstəmxanlının səs toplamaq problemi olduğu üçün Mirəşrəf Fətiyev ona yardımlar edib. Yəni Sabir Rüstəmxanlının deputat olmasında da Mirəşrəf Fətiyevin payı var. Bütün bunlara baxmayaraq, alternativi olduğu üçün Sabir Rüstəmxanlı onu düşmən elan edib. Onu da qeyd edim ki, DAK daxilində dedi-qodu 11-ci qurultaydan başladı. Bunun da başında Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadə dayanıb. Sonradan bu məsələlər getdikcə inkişaf elədi. Yəni, Sabir Rüstəmxanlının sözü, Əjdər Tağızadənin diqtəsi ilə razılaşmayan DAK İdarə Heyəti üzvlərinə qarşı bu iki nəfər tərəfindən "qara piar" başladı. Bunlar həm də qanunsuz olaraq, yəni DAK-ın İdarə Heyətinin yetərsayı olmadan Ankarada Mirəşrəf Fətiyevi, Bəhruz Həqqini, Fərəməz Quluzadəni cəzalandırmaq niyyətinə düşdülər... - Bəs nəyə görə o zaman tərəf olaraq etiraz eləmədiniz? - Mən o zaman dedim ki, DAK İdarə Heyətinin belə bir yetkisi yoxdur. Digər tərəfdən, İdarə Heyətinin səlahiyyətini əlindən almaq, hansısa üzvü uzaqlaşdırmaq, cəzalandırmaq qurultayın işidir. Amma buna əhəmiyyət vermədilər. Sabir Rüstəmxanlı özbaşına qərarlarını Əjdər Tağızadənin diqtəsi ilə həyata keçirməyə başladı. Mirəşrəf Fətiyevlə bağlı məsələ gündəliyə gələndən sonra o, bu məsələnin sakitcə keçməsini istədi. Amma Dünya Azərbaycanlılarının 3-cü qurultayı ərəfəsində ən çox narahatlıq keçirən İran dövləti idi. İran dövləti davamlı olaraq qurultayı "vurmaqla" məşğul idi. Hətta bunun üçün İranın buradakı "ayağı" da fəaliyyətə başlamışdı. Hər kəsə də maraqlı idi ki, İranın burdakı "ayağı" özünü harada göstərəcək... - İranın burdakı "ayağı"nın kim olduğunu müəyyənləşdirə bildinizmi? - Elə o məsələyə gəlirəm. "Park İnn" oteldə Sabir Rüstəmxanlı guya güneyi müdafiə edirmiş kimi, Azərbaycan dövlətini qorxaqlıqda ittiham elədi. Orada bir çoxları Sabir Rüstəmxanlını güneyin fədakarı kimi görmək istəyirdilər, amma bəlli oldu ki, artıq burda da İran öz adamlarını, öz fəaliyyətini aktivləşdirib. Digər tərəfdən, Əjdər Tağızadə ilə Sabir Rüstəmxanlı təşkilat adına hərəsi bir sayt açıb, özlərini reklam etdirməklə məşğuldurlar. Sabir Rüstəmxanlı DAK-ı ailə qurumuna çevirib. Mən də keçirilən toplantılardan birində dedim ki, DAK-ı ailə qurumuna çevirmək lazım deyil. DAK 50-60 milyonluq xalqın qurumudur ki, haqq səsimiz dünyaya çatdırılsın. Amma mənim bu tənqidi fikirlərim Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadənin xoşuna gəlmədi. Həmin toplantıda Əjdər Tağızadə və oğlu tərəfindən bəzi neqativ məsələlər başladı və mən oranı tərk elədim. - Sizə hücumlar da bundan sonra başladı? - Bəli. Üstündən 3-4 gün keçəndən sonra mətbuatda belə bir informasiya verildi ki, DAK-ın Azərbaycan nümayəndəliyi ləğv olunur. Mən öncə Sabir Rüstəmxanlını aradım, amma telefonunu açmadı. Sonra yaxınlarını aradım və gördüm ki, hərəsi bir söz deyir, məsələdən də məlumatlıdırlar. Sonra Sabir bəyin VHP-dəki köməkçisi Samir Əsədli ilə danışdım. O, mənə dedi ki, bu məlumat dörd gündür yazılıb, amma Sabir bəy deyib mən Bakını tərk edən kimi yayarsınız. Bundan sonra mən mətbuata çıxdım, Sabir Rüstəmxanlının nizamnaməyə zidd davranışını ortaya qoydum və dedim ki, DAK həmsədri Azərbaycan nümayəndəliyini nə təyin, nə də ləğv edə bilər, bu səlahiyyət DAK-ın qurultayına və İdarə Heyətinə aiddir. Üstündən 10-15 dəqiqə keçməmişdi ki, bayaqdan ölkədə olmayan Rüstəmxanlı mətbuata çıxaraq danışmağa başladı. Hazırkı münaqişə də bundan sonra start götürdü. Mən DAK İdarə Heyətinin növbəti toplantısının çağırılmasını istədim. Mirəşrəf Fətiyevin rəhbərliyi, Oqtay Hüseynovun katibliyi ilə DAK İdarə Heyətinin toplantısında iştirak etdik. Həmin toplantıda İdarə Heyətinin 11 üzvü iştirak edirdi. Toplantıda qərara alındı ki, DAK-ın Azərbaycan nümayəndəliyinin ləğvi ilə bağlı həmsədrlərin verdiyi qərar qanunsuzdur. İkincisi, İdarə Heyətinin üzvləri Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadənin bir sıra neqativ fəaliyyətlərini gündəmə gətirdi və onların məsələsinə baxılması təklif olundu. ?izamnamənin 5.5-ci maddəsinə uyğun olaraq, Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadənin neqativ fəaliyyətləri - pul yeyintiləri, DAK Qadınlar Şurasının, Ağsaqqallar Şurasının, Koordinasiya Mərkəzinin, Gənclər Komitəsinin dağıdılması məsələləri müzakirə olundu. Görünən odur ki, Sabir Rüstəmxanlı DAK-ı məqsədli şəkildə zəiflətmək projesini aparır. Toplantıda Firudin Pərvizniyanın da məsələsinə baxıldı. İdarə Heyətinin qərarı ilə Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK həmsədrliyindən azad olundular. Sonra Əjdər Tağızadənin məsələsinə baxıldı və onun səlahiyyətləri əlindən alındı. Sonda Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadəyə töhmət verildi və İdarə Heyəti DAK-ın növbədənkənar qurultayının çağırılması ilə bağlı qərar verdi. - Səftər bəy, bir neçə gün öncə Sabir Rüstəmxanlı sizin tərəfi nəzərdə tutaraq deyib ki, İran və Rusiyanın kəşfiyyat orqanları DAK-ı parçalamağa çalışır. Bu ittihamlar barədə nə deyə bilərsiniz? - Sabir Rüstəmxanlı DAK-da günü-gündən itən nüfuzunun və İdarə Heyəti tərəfindən verilən qərarın psixoloji sarsıntısını yaşamaqdadır. O, Milli Azadlıq Hərəkatından bu yana gələn, mücadilə aparan şəxsiyyətlərin əleyhinə işlərin aparılması xarakterindən hələ də əl çəkmir. - Bəs niyə məhz Rusiya və İrana işləmək məsələsi gündəmə gətirilib? - Sabir Rüstəmxanlının hərəkat zamanı 45 yaşı var idi, bu gün isə 70 yaşındadı. Amma hələ də eyni havanı çalmaqdadır. Rüstəmxanlı görür ki, nüfuzdan düşür, başlayır insanları ləkələməyə. DAK-da İranın və Rusiyanın adamlarının olması mümkündür. Əjdər Tağızadə 1984-85-ci illərdə İran sərhədini keçib Azərbaycana gələndə onu ilk qarşılayan rus "KQB"-si olub. Gəzən şaiyələrə görə, "KQB" Əjdər Tağızadənin timsalında bir neçə layihə həyata keçirib. Amma bu gün Əjdər Tağızadə DAK-da potensialı olan adamları Rusiya, yaxud İran kəşfiyyatına işləməkdə suçlayır. - Hətta o, Mirəşrəf Fətiyevin İranın kəşfiyyat orqanına - ETTELAT-a işlədiyini də deyir... - Bu gün onun bütün qohum-əqrəbası İranda yaşayır, amma biz İran səfirliyinin yanından keçə bilmirik, qorxuruq ki, başımıza daş atarlar. Sabir Rüstəmxanlı isə istədiyi vaxt İran səfirliyinə görüşə gedir, istədiyi vaxt İran kəşfiyyatçılarının da olduğu ehtimal edilən görüşlərdə təmsil oluna bilir. Sabir Rüstəmxanlı Əjdər Tağızadə ilə birlikdə Mirəşrəf Fətiyevi Rusiyanın və İranın adamı adlandırır. Amma vaxtilə onların hər ikisi Mirəşrəf Fətiyevin başına and içirdilər. Sabir Rüstəmxanlı Mirəşrəf Fətiyevin evində olub, xanımı onun qarşısına çörək qoyub. Buna baxmayaraq, Sabir Rüstəmxanlı onu hansısa kəşfiyyat orqanlarına işləməkdə ittiham edir. Yəni, qarşı tərəfə deməyə söz tapmadıqları üçün şantaja əl atırlar. - Səftər bəy, bu qarşıdurmanın nəticəsi necə olacaq? - Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadə DAK-ın birləşməsini istəmirlər. Ona görə ki, bu adamların bəzi maraqları DAK-ın birliyində həyata keçməyəcək. Sabir Rüstəmxanlı DAK-a siyasi adam kimi gəldi, iş adamına çevrildi. Yəni Sabir Rüstəmxanlı DAK-a bazar, gəlir mənbəyi kimi baxır. Onlara bölünmüş, zəif bir DAK lazımdır ki, istədiklərini edə bilsinlər. Sabir Rüstəmxanlının davası da kürsü davasıdır. Ona görə də DAK-ın birləşməməsi, əksinə, parçalanması üçün əlindən gələni edir. Amma biz buna imkan verməyəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA