"Qeydiyyatsız evlərin sənədləzdirilməməsi büdcədən hər il 100 milyon manatdan artıq vəsaitin yayınmasına səbəb olur"

img

27-07-2011 [01:28]


Bakıda mövcud olan sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib. Xüsusilə parlamentin müzakirəsində olan "Sığortanın icbari növləri haqqında" qanun layihəsi" qüvvəyə mindikdən sonra sənədsiz evlərin taleyinin necə olacağı sual doğurur.Belə ki, yeni qanun sayından asılı olmayaraq vətəndaşların bütün daşınmaz əmlaklarının (yaşayış sahələrini) icbari qaydada sığorta etdirilməsini qərara alır. Evlərin sənədləşdirilməməsi faktiki qanunun yarımçıq işləməsi demək olacaq. Nəzərə çatıdraq ki, bu ilin əvvəlində prezidentin tapşırığına uyğun bəzi ərazilərdə sənədləşmələr aparılsa da proses başladığı kimi də dayandırılıb. Səbəb kimi isə bu barədə rəsmi sənədin imzalanmaması gətirilir.Lakin təhlillər məsələdə maraqlı olmayan tərəflərin olduğunu deməyə əsas verir. Çünki 3 il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Dünya Bankının xəttiylə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da bu proses də yarımçıq qalmışdı. Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Xalid Mikayılov bildirir ki, Bakı və Bakıətrafı ərazilərdə, o cümlədən digər rayonlarda yeni yaşayış obyektlərinin sayı sürətlə artsa da, həmin evlərin qeydiyyata alınması məsələsində müəyyən problemlər qalmaqdadır: ?Vətəndaşların əmlaklarının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələri ilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də dövlət orqanları sənədləri verməkdən imtina edirlər. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrinin qanunsuz olduğunu və ya yaşayış üçün nəzərdə tutulmadığını göstərirlər?. Ekspertin sözlərinə görə, bəzən dövlət orqanlarının göstərdiyi səbəblər əsaslı olur: ?Bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansıki onların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar?. X.Mikayılovun sözlərinə görə, bələdiyyələrə torpaq sahələrinin satılması qadağan edilsə də onlar prosesi yenə də davam etdirirlər: ?2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edildi. Lakin bələdiyyələr özlərinə çıxış yolu tapıblar. Bəzi bələdiyyələr torpaq sahələrini satarkən onları 2007-ci ildən əvvəlki dövrə rəsmiləşdirirlər. Bundan əlavə qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələri vasitəsilə həyata keçirilməlidir. Bələdiyyələr, qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir, bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar?. Mütəxəssis bələdiyyələrin qanunsuz torpaq satışını davam etdirməsinin dövlətə və vətəndaşlara vurduğu ziyandan da söz açdı. Bildirdi ki, qanunsuz torpaq satışı sənədsiz evlərin artımını şərtləndirib: ?Bu gün ölkədə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var. Evlərin qeydiyyatsız olması sahiblərinin əmlak vergisindən kənarda qalması ilə nəticələnib.Bu da hər il dövlət büdcəsinə təxminən 100 mln manatdan artıq vəsaitin daxil olmasının qarşısını alır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA