AXC 22: KXCP izdihamlı yürüz-mitinq keçirdi

img

18-07-2011 [03:42]


Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 22 il ötür. AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib. AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rə-him Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezi-denti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və "Azadlıq" qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər. 1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının geniş-lənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən partiyaların demək olar ki, hamısı AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar. 1989-cu il-də qurulmuş AXC-nin əsas varisi bu gün Klassik Xalq Cəbhəsi Partiyası (sədri - Mirmahmud Mirəliğlu) hesab olunur. Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 22-ci ildönümü ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat-çılığı ilə dünən bir sıra tədbirlər keçirilib. Bu münasibətlə əvvəlcə keçmiş Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana qədər yürüş təşkil olunub. Yürüş saat 12:00-a təyin olunsa da, xeyli əvvəldən cəbhəçilər əraziyə yığışmışdılar. Bayram əhval ruhiyyəsin-də olan cəbhəçilər bir-birini təbrik edir, 16 iyul tarixinə nə qədər dəyər verdiklərini gizlətmirdilər. Beləcə saat 12:00-a qədər əraziyə yüzlərlə cəbhəçi toplaşdı. KXCP sədri Mirmahmud Mirəlioğlu yürüş iştirakçılarının hamı-sı ilə şəxsən görüşüb, onları AXC-nin yaranmasının ildönümü münasibəti ilə təbrik etdi. Əvvəlcədən elan olun-muş vaxtda yürüş başladı. KXCP təmsilçiləri, partiya təəssübkeşləri kalon şəklində irəliləməyə başladılar. Ka-lonun önündə Elman Türkoğlu Azərbaycanın və türk dövlətlərinin bayraqlarını aparırdı. Gənclər üzərində "Elçi-bəyə KXCP-dən" yazılmış əklil aparırdılar. Kalonun ön sırasında isə Klassik Xalq Cəbhəsi Partiyasının rəhbərli-yində təmsil olunan şəxslər addımlayırdı. Yürüş iştirakçılarının da hamısının əlində Azərbaycan bayrağı var idi. Yürüş zamanı maraqlı mənzərələr də yarandı. Avtomobillər bir anlıq hərəkəti dayandırıb KXCP-nin kalonunu bir neçə dəqiqə "siqnalları" ilə müşayiət etdilər. Yürüş ətrafdakı insanların da diqqətini cəlb etdi. "Elçibəy", "Ən böyük Elçibəy, başqa böyük yox", "Elçibəy ölməz, vətən bölünməz" kimi şüarlar səsləndirən cəbhəçilərə ət-rafdakı insanlardan bəzisi əl yelliyir və bununla ətrafa yayılan "Elçibəy" sədalarına dəstək verdiklərini, yürüş iş-tirakçıları ilə həmrəy olduqlarını nümayiş etdirirdilər. Təxminən 15 dəqiqədən sonra cəbhəçilər Fəxri Xiyabana daxil oldular. Burada isə yürüş iştirakçıları "Ən bö-yük Elçibəy, başqa böyük yox" şüarını daha da ucadan səsləndirməyə başladılar. Daha sonra cəbhəçilər Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ətrafına toplaşdılar. Elçibəyin qardaşı Almurad ağa da KXCP təmsilçiləri ilə bir sırada dayandı. Cəbhəçilər məzarın önündə əvvəlcə Azərbacanın Dövlət Himnini səs-ləndirdilər. Daha sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu AXC-nin yaranma zəru-rətindən, o dövrün özəllikləri və çətinlikləri, eləcə də Əbülfəz Elçibəyin üzərinə götürdüyü böyük və şərəfli mis-siyadan bəhs etdi. KXCP sədri qeyd etdi ki, Azərbaycan Xalq Cəbhəsinin yaranması tarixi zərurət idi və bu təşkilat üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Əbülfəz Elçibəyin Azərbaycan xalqı qarşısındakı xid-mətlərindən danışan Mirmahmud Mirəlioğlu vurğuladı ki, Azərbaycan durduqca Elçibəyə olan sayğı, rəğbət də daim yaşayacaq. Növbəti çıxışçı Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Bəybala Əbil oldu. Ali Məclis sədri Azər-baycan xalqının əsrlər boyu öz hürriyəti uğrunda mübarizə apardığını, böyük qəhrəmanlıq nümunələri göstərdi-yini və bu mübarizənin hələ də davam etdiyini vurğuladı. Cavad xanın şücaətindən, Bakı xanı Hüseynqulu xa-nın rus generalı Sisiyanovun başını kəsməsindən bəhs edən B.Əbil belə qəhrəmanlıqların bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi. AXC-nin Azərbaycanın müstəqillik əldə etməsində oynadığı roldan da-nışan Ali Məclis sədri Əbülfəz Elçibəyin müəyyən etdiyi yolun şərəfli olduğunu və bu yolda KXCP üzvlərinin inanmla irəlilədiyini bildirdi. Daha sonra KXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Gültəkin Həsənli çıxış edərək gənc yaşlarından AXC sıralarına qoşulduğunu və bununla fəxr etdiyini qeyd etdi. Əbülfəz Elçibəyin Türk dünyasının dahi şəx-siyyətlərindən biri olduğunu deyən G.Həsənli AXC-nin varisi olan Klassik Xalq Cəbhəsi Partiyasının tutduğu yoldan, partiyanın prinsiplərindən və qarşıdakı hədəflərindən də danışdı. Qeyd olundu ki, KXCP üzvləri partiya rəhbərliyinin elan etdiyi prioritetlər üzrə fəaliyyətlərini zəiflətməyəcək və Elçibəy ideyalarının həyata keçirilməsi uğrunda daha əzmlə mübarizə aparacaqlar. Çıxışların ardınca Fəxri Xiyabanda yenidən "Elçibəy" sədaları ucaldı. Mərasim Azərbaycan Dövlət Himninin oxunması ilə başa çatdı. Fəxri Xiyabandan sonra partiya rəhbərliyinin iştirakı ilə AXC-nin qurucularından olan Nəcəf Nəcəfov və Şamil Quliyevin də məzarı ziyarət olundu. Bunun ardınca isə cəbhəçilər KXCP-nin mərkəzi qərargahına yollandılar. Qərargahı bayram ovqatına bürüyən cəbhəçilər burada müxtəlif nemətlərlə bəzədilmiş bayram süfrəsi arxasın-da əyləşdilər. Qeyd edək ki, AXC-nin yaranmasının ildönümü KXCP-nin təşkilatçılığı ilə dünən Bakıda müxtəlif ünvanlarda da qeyd olunub. Bundan başqa, partiyanın yerli şöbələri də bölgələrdə bu əlamətdar tarixi qeyd edib, müxtəlif tədbirlər düzənləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA