Azərbaycanı təmsil edən zagirdlər IX Türk Dili Olimpiadasında birinci olublar

img

01-07-2011 [07:07]


Türkiyədə "Gəlin, tanış olaq" devizi ilə keçirilən IX Beynəlxalq Türk Dili Olimpiadasına yekun vurulub. Müstəqil İnformasiya Agentliyinin (MİA)məlumatına görə, iyulunun 1-də isə Bakı Özəl Türk liseyində bu olimpiadada iştirak edən və uğur qazanan şagirdlərlə görüş keçirilib. Olimpiada qaliblərini mətbuat nümayəndələrinə təqdim edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz bu tədbirin məqsədləri barədə də ətraflı məlumat verib. Bildirib ki, olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir. Diqqətəlayiq haldır ki, 2003-cü ildən başlayaraq ənənəvi şəkildə keçirilən bu olimpiadalara maraq ildən-ilə artır. Bunu olimpiadada iştirak edən dövlətlərin sayı da sübut edir. Belə ki, əgər 2003-cü ildə keçirilən ilk türk dili olimpiadasına 17 ölkə qatılmışdısa, sayca 9-cu olan builki yarışmada 130 ölkədən nümayəndələr iştirak edib. Olimpiada çərçivəsində tədbirlər Türkiyənin 33 vilayətində də keçirilib. İyunun 18-də isə Ankaranın "Altın Park" məşhur istirahət mərkəzində nəhəng sərgi təşkil olunub. Bu sərgidə ən böyük stend Azərbaycana məxsus olub. 370 000 nəfərin ziyarət etdiyi sərgidə Azərbaycanın milli mətbəxi, milli geyimləri nümayiş olunub, Azərbaycanın adət-ənənələri, tarixi yerləri barədə ziyarətçilərə geniş məlumat verilib. İyunun 19-da isə "Altın Park"da Azərbaycana həsr olunmuş xüsusi proqram təşkil olunub. Bu tədbirə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da qatılıb. İyunun 25-də isə Ankaranın idman-konsert kompleksində keçirilən tədbirdə məktəblilərimiz 10 min nəfər tamaşaçının qarşısında daha maraqlı proqramla çıxış ediblər. Arif Gömleksiz IX Beynəlxalq Türk Dili Olimpiadasının builki nəticələrinin də azərbaycanlı şagirdlər üçün uğurlu olduğunu bildirib: "Bu il şagirdlərimiz 15 müxtəlif kateqoriyada Azərbaycana 21 medal gətiriblər. Onlar 13 ölkənin nümayəndələri arasında birinci yeri tutub. Bu medallardan 7-i qızıl, 10-u gümüş və 4-ü bürüncdür. Azərbaycana qızıl medal qazandıran məktəblilər - Orxan Muradov (dil biliyi), Elvina Gülverdiyeva (nitq), Qafar Şamilov (mahnı), Mehparə Zeynalova (şeir), Burak Koyunçuoğlu (ana dili, yazı), Elif ?ur Bölek (ana dil, yazı) olub. Azərbaycan həm də "Ölkəsini ən yaxşı təmsil edən ölkə" nominasiyasında da qalib olub". Arif Gömleksiz qeyd edib ki, qızıl medal sahiblərinə 1000 dollar, gümüş medal sahiblərinə 700 dollar, bürünc medal sahiblərinə isə 600 dollar pul mükafatı təqdim olunub. Tədbirdə iştirak edən, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Enver Özeren də çıxışında olimpiadanın əhəmiyyətindən danışıb. O, Azərbaycan özəl türk liseylərində təhsil alan şagirdlərin də bu olimpiadadakı uğurlu çıxışını yüksək qiymətləndirib. Qeyd edib ki, bu ilki olimpiadada Azərbaycandan 300-dən artıq nümayəndə iştirak edib. Yekun tədbirləri Ankara və İstanbul şəhərlərində keçirilib. İyunun 30-da isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə İstanbulda keçirilən möhtəşəm tədbirlə IX Beynəlxalq Türk Dili Olimpiadasına yekun vurulub. Enver Özeren bu ilin sentyabr ayından etibarən X Beynəlxalq Türk Dili Olimpiadasına hazırlıqlara start verəcəklərini də açıqlayıb. Deyib ki, gələn il də bu uğurları təkrarlamaq əzmindədirlər. Enver Özeren X Beynəlxalq Türk Dili Olimpiadasında isə Azərbaycandan 500-dən artıq nümayəndənin iştirakının planlaşdırıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA