27-06-2011 [06:15]
[b]Sərdar Cəlaloğlu: "Pənah Hüseynin indidən narahat olması, "cik-cük"lü açıqlamalar verməsi etikadan kənardır" [/b]
Son günlər ölkənin müxalif düşərgəsində "kölgə parlamenti"nin yaradılması ilə bağlı məsələ müzakirə olunur. Hətta bu istiqamətdə müəyyən danışıqların aparıldığı, yaradılacaq simvolik parlamentdə kimlərin təmsil olunacağı da müzakirə mövzusudur. Eyni zamanda bu müxalif birliyin İctimai Palataya alternativ kimi formalaşacağı ilə bağlı da fikirlər səslənir. Xalq Parlamenti ideyasının müəlliflərindən sayılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu ideyanın müsbət nəticə verəcəyinə ümid bəsləyir:
- Öncə onu deyim ki, bu ideya Xalq Parlamenti ideyasıdır və ictimai sifarişdən, zərurətdən meydana çıxıb. Biz düşünmüşük ki, müxalifət parlamentə buraxılmadığı və Azərbaycanda sözün həqiqi mənasında xalqın iradəsini ifadə edən parlament olmadığı üçün, bir tərəfdən parlamentə düşməyən insanların potensialını xalqa nümayiş etdirək, digər tərəfdən də həmin insanların parlamentar təcrübəsini formalaşdırmaq baxımından belə bir simvolik - Xalq Parlamenti yaradaq. Bu parlament rəsmi parlamentə uyğun olaraq təşkilatlanmalı, fəaliyyət göstərməli, qanun layihələri verməli, müəyyən qərarlar qəbul etməlidir. Eləcə də ölkənin xarici və daxili siyasəti ilə bağlı layihələrini ortaya qoymalı, rəsmi parlamentin qəbul etdiyi qanunların ekspertizasını keçirməlidir. Beləliklə, biz bir daşla iki quş vurmuş oluruq. Bir tərəfdən parlamentə düşməyən insanların potensialı üzə çıxır, digər tərəfdən həmin insanların parlamentar iş təcrübəsini mənimsəmələri üçün çox gözəl bir ideyadır. Bu ideyaya necə müvəffəq olacağımızı isə zaman göstərəcək. Əgər bu ideyanın arxasında hansısa qrupun siyasi məqsədi durmursa, şəxsi maraqlara yönəlməyəcəksə, ideya qalib gələcək. Təbii ki, bundan əvvəlki təcrübələrdə olduğu kimi, bunu hansısa partiya, blok öz marağına xidmət etdirəcəksə, bu ideyanın ayaq tutub yeriməsi mümkün olmayacaq.
- Sərdar bəy, parlament seçkilərindən xeyli vaxt ötüb, Xalq Parlamentini indi yaratmaq gecikmiş addım deyilmi?
- Əslinə qalsa, biz parlament seçkilərindən öncə bu ideyanı vermişdik. Artıq seçkiyə müəyyən müddət qalmış aydın idi ki, hakimiyyət seçkini saxtalaşdıracaq və bir-iki nəfər istisna olmaqla, müxalifətdən heç kəs seçkiyə buraxılmayacaq. Bununla bağlı mən bütün liderlərin fikirlərini öyrənirdim, bir İsa Qəmbərin fikrini öyrənməmişdim. Seçki qurtaranda istəyirdik ki, bu ideyanı reallaşdıraq. Seçki qurtarandan sonra bizim başımız şikayətlərə qarışdı və bir də gördük ki, Müsavatla AXCP belə bir Xalq Parlamenti ideyasını ortaya atdılar. Əli Əhmədov Xalq Parlamentinin Konstitusiyaya zidd olması ilə bağlı kəskin çıxış edəndən sonra isə həmin ideya İctimai Palata ideyası ilə əvəzləndi. Nəticədə də nəzərdə tutduğumuz ideya həyata keçirilməmiş qaldı. İctimai Palata isə tədricən deformasiyaya uğrayaraq özünün başlanğıc ideyasından çox-çox uzağa getdi. Yəni, bu ideyanın gecikməsinin səbəbi bizdən asılı olmayıb. Çünki belə bir ideyanın reallaşdırılması cəhdi var idi, biz alternativ yaradıb həmin cəhdin qarşısını almaq istəmədik. Amma onlar bu ideyadan imtina etdikləri üçün, biz onu reallaşdırmaq istəyirik.
- Bu ideyanın reallaşdırılmasında konkret olaraq kimlər iştirak edəcək?
- Rəsmi parlament 125 deputatdan ibarət olduğuna görə, bizim simvolik parlamentin də üzvü məhdud olacaq - 125 nəfərdən artıq olmayacaq. Yəni, hər Seçki Dairəsindən bir nəfərin olacağı gözlənilir. Ola bilsin ki, bir dairədən üç-dörd alternativ olsun, onda da alternativlər içərisində bir nəfərin müəyyən edilməsi proseduru yəqin ki, hazırlanacaq.
Biz parlamentimizi dəvət əsasında formalaşdırmaq istəyirik. ?əzərdə tutmuşuq ki, Xalq Parlamenti növbəti seçkilərdə 125 vahid namizədlə çıxış edə bilər. Ona görə də, kim parlamentə layiqdirsə, onunla danışıqlar aparacağıq, bu istiqamətdə artıq müəyyən danışıqlar da aparılır.
- Bu parlamentin spikeri, vitse-spikeri, komitə sədrləri kimlər olacaq?
- Çox güman ki, Xalq Parlamentinin spikeri qabiliyyətli, bacarıqlı hüquqşünas və ən əsas da bitərəf şəxs olacaq. Eyni zamanda parlament rəhbərliyinin, komitə sədrlərinin də bitərflərdən ibarət olması daha yaxşıdır. Biz özümüz də sıravi üzv kimi iştirak edəcəyik. Parlamentdə partiyaların gördüyü işə uyğun iş görəcəyik. Çalışacağıq ki, Xalq Parlamentini bitərəflər idarə etsinlər.
- Belə demək mümkündürmü ki, Xalq Parlamenti İctimai Palataya alternativ qurum kimi yaradılır?
- Qətiyyən! İctimai Palata əvvəlki adından - Xalq Parlamentindən və parlamentarizm cəhdlərindən imtina edib. Belə olan təqdirdə, hansı alternativlikdən söhbət gedə bilər?
Əvvəla, İctimai Palatanın 500 üzvü, Milli Məclisin isə 125 üzvü var. İkincisi, parlament mitinq, piket keçirmir, amma İctimai Palatanın son dövrlərdəki fəaliyyəti bundan ibarətdir. Xalq Parlamenti yalnız parlamentar fəaliyyət göstərməlidir. İctimai Palata ilə bizim Xalq Parlamenti arasında formasına, idarəetməsinə, qəbul ediləcək qərarlara görə fərqlər olacaq. Ona görə də hər hansı alternativlikdən danışmağa dəyməz.
- Görünən odur ki, müxalifətin bir hissəsi bu parlamentdə təmsil olunmayacaq. O zaman legitimlik məsələsi necə olacaq?
- Legitimlik seçkilərdə namizədliklərini verib, parlamentə düşməyən insanlar tərəfindən müəyyənləşdirilir. Əgər bu gün rəsmi parlament legitim deyilsə, bu o deməkdir ki, ordan saxtakarlıqla kənarda qalan adamların təşkil etdiyi parlament legitim olacaq.
Bir də, biz qarşımıza məqsəd qoymuruq ki, müxalifətin simvolik parlamentini yaradaq. Bizim məqsədimiz demokratik ənənələrin həzm olunmasıdır. Elə ola bilər ki, ölkədə demokratik seçki keçirilsin və müxalifətin bir nəfər də olsun nümayəndəsi parlamentə düşməsin. Onda biz həmin parlamentin legitimliyini qəbul etməyəcəyik? Legitimliyin əsas prinsipi odur ki, qanuna uyğun formalaşsın və qəbul olunsun. Əgər biz parlamenti formalaşdırandan sonra onu ölkə və beynəlxalq ictimaiyyətə qəbul etdirə biləcəyiksə, olacaq legitim, amma bunu bacarmasaq, legitim olmayacağıq. Bu gün İctimai Palatanı qəbul edirik ki, belə bir qurum var. Ona görə də, İctimai Palatanın Xalq Parlamentini qəbul etməmək üçün arqumenti olmayacaq.
- Ona görə soruşuram ki, artıq İctimai Palata nümayəndələrinin Sizin Xalq Parlamentini qəbul etməmək düşüncəsi var. Pənah Hüseyn deyir ki, həmin Xalq Parlamenti İctimai Palatanın qarşısında səngərcik rolunu oynamayacaq...
- Əvvəla, Xalq Parlamenti İctimai Palatanın "razmer"indən çox böyükdür. İkincisi, Xalq Parlamenti İctimai Palatanın ölçüsünə biçilməyib ki, onun qabağında ya səngər ola, ya da səngərcik. Biz elə fərqli yollarla irəliləyəcəyik ki, üz-üzə gəlib, bir-birimizə mane olmayaq. Pənah Hüseynin indidən narahat olması, "cik-cük"lü açıqlamalar verməsi isə yersiz və etikadan kənardır. Kimin "cik-cük"lü olmasını zaman göstərəcək. Hər halda bu gün İctimai Palatanın hər hansı böyük miqyaslı işi ortada deyil. Bu səbəbdən də Pənah Hüseynin yaradılması istiqamətində müzakirələr gedən bir təşkilatla bağlı bu cür əsassız və məntiqsiz fikirlər səsləndirməsi doğru sayılmır.
- Ümumiyyətlə, qarşılıqlı ittihamlara yol açan bu cür açıqlamalar...
- (Sözümüzü kəsərək) Qoy, belə məsələlərə ictimaiyyət cavab versin. Çünki mən burda bir tərəfəm, həm də ideyanın tərəfdarlarından biriyəm, ola bilər ki, mövqeyim obyektiv qiymətləndirilməz. Qoy, xalq qiymət versin ki, necə olur, onlar İctimai Palatanı yaradırlar, biz orda iştirak edirik, dəstək veririk, amma onlar bizim hələ rüşeymi hazır olan ideyanı üzərinə hücum edirlər?
- Sərdar bəy, hazırda İctimai Palatada ADP-çilər də təmsil olunurlar. Onları geri çağıracaqsınız, yoxsa necə?
- Birincisi, biz hələ bu ideyanı həyata keçirməmişik. Hazırda cəmiyyətdə bu ideyaya qarşı rəyi öyrənirik və danışıqlar aparırıq. Təbii ki, Xalq Parlamenti yaranandan sonra onun işində fəaliyyət göstərəcək bizim namizədlər İctimai Palatadan çıxaraq, burda fəaliyyətlərini davam etdirməlidirlər. Ola bilsin ki, bizim bəzi nümayəndələrimiz İctimai Palatada qalsın, çünki İctimai Palata ilə bizim fəaliyyətimiz analogiya təşkil eləmir.
- Müavininiz Həsrət Rüstəmov açıqlama verib ki, İctimai Palatadan çıxmağa hazırlaşmır. Yəni, Xalq Parlamentində iştirakı tələb olunan partiyadaşlarınızın qərarına hörmətlə yanaşacaqsınız, yoxsa sərt tədbirlərə əl atacaqsınız?
- Hazırda partiyada kimin İctimai Palatada qalması, yaxud çıxması müzakirə olunmur. Bizim partiyanın qərarı var ki, İctimai Palatanın işində iştirak edək. Biz Xalq Parlamenti ideyasını reallaşdırdıqdan sonra partiya bu məsələ ilə bağlı qərarını verəcək. Təbii ki, partiyanın qərarı İdarə Heyətində müzakirə olunacaq. Əgər İdarə Heyəti qərar versə ki, İctimai Palatadan çıxıb Xalq Parlamentində iştirak edək, onda bu qərarı yerinə yetirmək hər bir ADP-çi üçün vacib olacaq. Amma hələlik belə bir qərar yoxdur.