Əlövsət Osmanlı: "Nə qədər ki, Misir Mərdanov təhsil naziridir, vəziyyətdən çıxız yolu yoxdur"

img

11-06-2011 [10:07]


Tanınmış ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının "Təhsilimizin problemləri" seriyasından çap etdirdiyi üç kitabın təqdimatı olub. Tədbirdə ölkəmizin tanınmış ziyalıları, alimləri və jurnalistləri iştirak ediblər. İştirakçılar kitabların yüksək məziyyətlərindən, təhsilimizin bugünkü acınacaqlı durumunu dəqiq ifadə etməsindən və bu bəladan çıxmağımız üçün gərəkli olmasından söhbət açıblar. Tədbirdən sonra "Reytinq"in əməkdaşı bir neçə sualla Əlövsət Ocmanlıya müraciət edib. - Bir zamanlar mətbuat səhifələrində tez-tez çıxış edən Əlövsət Osmanlı xeyli vaxtdır ki, görünmür. Bu nə ilə bağlıdır? - Yəqin ki, siz son altı ayı nəzərdə tutursunuz. Doğrudur, bu müddətdə mətbuatda az-az görünmüşəm. Ancaq onu deyə bilərəm ki, bu zaman kəsiyi həyatımın ən məhsuldar dövrü olub. Təsəvvür edin, təqdimatına yığışdığımız kitablar bu altı ayda ərsəyə gəlib. Hər birinin də həcmi görün nə qədərdir: "Təhsil tariximizin qara ləkələri" - 400 səhifə, "Təhsilimiz hara gedir?" - 448 səhifə və "Təhsilimiz bu gün" - 400 səhifə, üst-üstə gələndə 1248 səhifə edir. Başqa sözlə, mətbuatda görünməyimdə yaranmış fasilə bu kitabların çapa hazırlanması ilə bağlı olub. - Kitabları vərəqlədim. Çox böyük enerji və vəsait sərf etmisiniz. Əksər materiallar mətbuatda dərc olunub, onları kitab halına gətirməyə ehtiyac vardımı? - Məşhur Argentina şairi Xorxe Luis Borxesin belə bir fikri var: "Qəzet unutmaq üçün, kitab yaddaş üçündür". Doğrudan da belədir. Əvvəla, qəzetdə dərc olunmuş silsilə yazıları ardıcıl izləmək olmur, ikincisi, bir azdan onlar bayat materiallara çevrilir, üçüncüsü, xeyli vaxtdan sonra isə it-bata düşür, unudulur. Lazım gələndə bəzən onları tapmaq da olmur. Amma sistemləşdirilərək kitab halında buraxılanda ömürlük qalır. Cəmiyyətin hər bir üzvü onları istənilən vaxt asanlıqla əldə edə bilir, xüsusən də tədqiqatçılar üçün onlar həmişə əlçatan olur. Mən də bu mənada son 10-12 ildə təhsilimizdə baş verən aşınmalarla bağlı mühüm yazıları bir yerə topladım və sistemləşdirərək nəşr etdirdim. Bir çoxları bu gün mənə deyirlər: Bu qədər enerjinizi, olmazdımı, daha yaxşı işlərə sərf edəydiniz. Doğrusu, onların bu fikri mənim üçün çox qəribə görünür. Bilirsinizmi, mən bu məsələyə, onlardan fərqli olaraq, tamam başqa açıdan baxıram. Məsələn, düşünürəm: Niyə gələcək nəsillər bilməməlidir ki, Azərbaycan təhsili bugünkü faciəli anlarını da yaşayıb? Yaxud onlar niyə bilməməlidir ki, təhsil tariximizdə Misir Mərdanov kimi nazirimiz olub və o, təhsilimizin altını üstünə çevirib, onun məzmununu və fəlsəfəsini dəyişdirib? Axı yaxşı-pis biz bu tarixi yaşamışıq. Niyə bunları unutmalıyıq? Bunlar yaşadığımız tarixin bir parçası deyilmi? Eşitdiyimə görə, Təhsil Nazirliyində "Azərbaycanın təhsil tarixi" adlı üçcildlik hazırlanır. Yəqin ki, bu trilogiyada əsas yer indiki dövrə veriləcək və təhsil tariximizin "Mərdanov kəsimi" cəmiyyətə tərtəmiz, gül kimi ləkəsiz-filansız sırınacaq. Həqiqi tarix isə qalacaq bir kənarda. Bu kitabları çap etdirməkdə əsas məqsədlərdən biri də tarixi həqiqətləri olduğu kimi gələcək nəsillərə ötürməkdir. Məgər bundan da yaxşı iş olar?.. - Dövlət və hökumət yetkililərinin bu kitablardan xəbəri varmı? Axı onların içərisində Təhsil Nazirliyinə və bu qurumun başında duran şəxsə - Misir Mərdanova qarşı böyük ittihamlar var. İnana bilmərəm ki, dünyada hansısa nazir haqqında ittihamlarla dolu belə bir kitab işıq üzü görsün... - Kitabları son vaxtlaradək yuxarılara təqdim etmədiyimdən onların bundan xəbəri olub-olmaması haqqında bir söz deyə bilmərəm. Amma onu deyə bilərəm ki, onların üçünü də bir neçə gün öncə məktubla Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə göndərmişəm. O ki qaldı məsələnin ikinci - Mərdanov tərəfinə, doğrudan da bu, dünyada görünməmiş bir hadisədir. Elə gün olmaz ki, Misir Mərdanov haqqında 5-6 qəzetdə kəskin yazı dərc olunmasın. Təxmini hesablamalara görə bu yazıların sayı 6000-i aşıb. Həmin yazıları toplayıb kitab halına salsan, ən azı 70 belə kitab çıxar. Hesab edirəm ki, bu mənada Misir Mərdanov "Ginnesin rekordları" kitabına düşə bilər. İttihamlara gəldikdə isə, hələ ki, onların birinə də cavab verilməyib. Cavab verilməyibsə, deməli, onlar həqiqətdir... - Əlövsət müəllim, Ramiz Mehdiyevə ünvanladığınız məktubda nə yazmısınız? - Təhsilimizdə baş verən aşınmalarla bağlı fikirlərimi ümumi şəkildə yazmışam və bildirmişəm ki, bu aşınmalar bilavasitə Təhsil Nazirliyindən, xüsusən də nazir Misir Mərdanovdan qaynaqlanır. Məktubun sonunda isə həmin kitablarda deyilənlərin Təhsil Komissiyasında sədr akademik Ramiz Mehdiyevin rəhbərliyilə müzakirə olunmasını xahiş etmişəm. - Yaxşı, bundan sonra nə etmək fikrindəsiniz? - Bilirsinizmi, mən təhsil tədqiqatçısıyam. Xüsusən də təhsilin məzmunu sahəsində tədqiqatlar aparıram və günümün 8-10 saatını bu işlərə həsr edirəm. Misir Mərdanovun "genişspektrli" fəaliyyəti nəticəsində təhsilimizdə, maşallah, o qədər problemlər yaranıb ki, onları araşdırıb qurtarmaq mümkün deyil. Bu problemlərin nə əvvəli var, nə də sonu. Bu problemləri araşdırmaq istiqamətində tədqiqatlarımı davam etdirmək niyyətindəyəm. Hazırda isə kiçik həcmli iki kitabımı - 144 səhifəlik "Təhsildə islahat, yoxsa imitasiya?!" və 136 səhifəlik "Təhsilimizin yol xəritəsi (Çağdaş təhsilə doğru)" adlı kitablarımı çapa hazırlayıram. Birinci kitab 1999-cu il iyun ayının 15-də təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın necə həyata keçirilməsi ilə bağlı tədqiqatlarım əsasında hazırlanıb. Bu tədqiqatlarda faktlar əsasında sübuta yetirilir ki, son dərəcədə mütərəqqi ideyalara söykənən proqram imitasiyalar nəticəsində düzgün aparılmayıb və ona görə də təhsilimizdə ciddi aşınmalara yol verilib. İkinci kitabda isə yaranmış böhranlı vəziyyətdən çıxış yolları haqqında söhbət gedir. Bundan başqa, ekspert Etibar Əliyevin 512 səhifəlik "İtirdiyimiz məktəb" və ekspert Nadir İsrafilovun 448 səhifəlik "Bu nə təhsil?" kitablarının redaktorluğu da mənim çiynimdədir... - Siz bütün həyatını təhsil sahəsində tədqiqatlara həsr etmiş alimlərimizdən birisiniz. Ümumiyyətlə, Əlövsət Osmanlı üçün "təhsil" nə deməkdir? - Gəlin burada elmi təhsildən ayırmayaq. Sizin bu sualınıza cavabı bir az uzaqdan başlamaq istərdim. Tarixdən yaxşı bilirsiniz ki, 1945-ci ildə ABŞ Yaponiyanın iki böyük şəhərinə - Xirosima və Naqasakiyə atom bombası atdı. Nəticədə bu şəhərlər yerlə-yeksan oldu, böyük insan tələfatına məruz qaldı. Məntiqə görə bu qədər itkinin qarşısında Yaponiya dərhal yeni intiqam yolları axtarmalı idi. Lakin yapon imperatoru Xiroxito bunu etmədi. Vəziyyəti belə görən insanlar, qabaqda samuraylar olmaqla, imperatorun sarayına doğru yeridilər və onun qarşısında ABŞ-la müharibəni davam etdirmək tələbi qoydular. Günlərlə sarayın qabağından çəkilmədilər. Vəziyyəti belə görən imperator insanların qarşısına çıxdı və tarixi bir nitq söylədi. O, nitqində bildirdi: "Bu gün Yaponiya ABŞ kimi güclü bir dövlətlə müharibə etmək iqtidarında deyil. Biz elmimizi və təhsilimizi inkişaf etdirməliyik. Bu yolla getsək, sonda qalibiyyət bizimlə olacaq". Uzun-uzadı danışıqlardan sonra imperator yüyən gəmirən samurayları birtəhər sakitləşdirə bildi. Bundan sonra Yaponiya elmə və təhsilə böyük yatırımlar qoymağa başladı və həmin siyasəti bu gün də davam etdirməkdədir. Nəticə isə göz qabağındadır. Bu gün Yaponiyada texnologiya və iqtisadiyyat o dərəcədə inkişaf edib ki, heç bir xammalı olmadığı halda, dünyanın üç nəhəngindən birinə çevrilib. ABŞ-ın daxili bazarının böyük bir hissəsinə sahib olub. Bu nəyin hesabına belə oldu? Təbii ki, elmin və təhsilin. Yaxud Yaponiyada baş verən son hadisələrə diqqət yetirin. Güclü zəlzələ və sunami nəticəsində ölkə görünməmiş fəlakətlərlə üz-üzə qaldı. Lakin yapon xalqı bu fəlakətlərə təslim olmadı. Bütün sistem saat mexanizmi kimi dəqiqliklə işini davam etdirdi. Görürsünüzmü, burada bir başıpozuqluq, bir çapovulçuluq baş vermədi. Vətəndaşlar özlərini vətəninin əsgəri kimi nə qədər nizam-intizamlı apardılar, heç bir panikaya uymadılar. Bir sözlə, bu ölkədə qarmaqarışıqlığa bənzər bir şey görmədik. Bu nədən belə oldu? Şübhəsiz ki, yapon təhsilinin, yapon təlim-tərbiyəsinin hesabına. Bax, təhsil deyəndə, çağdaş vətəndaşlar deyəndə mən bunları başa düşürəm. Bizim təhsildə isə hər şey bunun güzgü əksidir. Demək olar ki, onun bütün mexanizmləri pozulub, yalançı kurikulum və urvatsız dərslik komplektləri ilə məzmunu darmadağın edilib, repetitorluğun çiçəklənməsi nəticəsində "məktəb mühiti" anlayışı heçə endirilib. Belə bir şəraitdə çağdaş vətəndaş yetişdirmək haqqında danışmaq olarmı? - Bəs bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? - Çox çətin sualdır. Geniş izahat tələb edən bu suala yaxın zamanlarda işıq üzü görəcək "Təhsilimizin yol xəritəsi (Çağdaş təhsilə doğru)" adlı kitabımda cavab verməyə çalışmışam. Ona görə də gözləyək həmin kitabın çıxmasını. Amma bircə onu deyə bilərəm ki, nə qədər Misir Mərdanov təhsil naziridir, vəziyyətdən çıxış yolu yoxdur. Qəzet yazarlarından biri demişkən, XUII əsrin adamı XXI əsrdə Azərbaycan təhsilinə rəhbərlik edir. Belə olan təqdirdə təhsili yaxşı günə necə çıxarmaq olar?!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA