Pensiyalara artım iyulun 1-dən qüvvəyə minəcək

img

13-05-2011 [05:29]


Azərbaycanda "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. Bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. Müslümovun sözlərinə görə, qanun layihəsinə mayın 17-də parlamentin plenar iclasında baxılacaq. "Təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. 1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 83 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib", - o bildirib. Müslümovun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq. Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur. Müslümovun bundan əvvəl dediyi kimi, bunun üçün 390 milyon manat lazım olacaq. Bunun 190 milyon manatı 2011-ci ilin ikinci yarısı ərzində ayrılacaq. "Müzakirələr iki ay sürəcək və ehtimallarımıza görə, ilin ortalarından biz artıq fərqin ödənilməsinə başlayacağıq və ilin ikinci yarısında bu məbləğin 190 milyon manatı istifadə olunacaq", - Müslümov qeyd edib. Onun sözlərinə görə, pensiyanın yeni hesablama sistemində sosial ədalətə riayət olunacaq və hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq. 2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA