Usubov: "68 nəfər tutduğu vəzifədən azad olunub"

img

12-05-2011 [11:02]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçi qəbul edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, R.Usubov DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib. Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq, insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Daha sonra ATƏT ilə DİN arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən Nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb. Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və ?Cəmiyyət dəstəkli polis? layihələri həyata keçirilməkdədir. Bu layihələrin hər biri polis fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. Ümumiyyətlə ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə Nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib. Daxili işlər naziri onu da qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Bu da bir reallıqdır ki, uzun müddət totalitar rejimin mövcud olduğu şəraitdə fəaliyyət göstərmiş mürəkkəb strukturlu, çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmaq o qədər də asan deyil. Daxili İşlər Nazirliyi buna tədricən nail olmaqla bərabər, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Bildirilib ki, təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər DİO-dan xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad olunub. Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd etmiş, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib: "ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var. Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA