ictimai Palata icazəsiz mitinqlərdən imtina etdi

img

11-05-2011 [05:49]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, görülmüş işlər haqqında məlumat verilərkən, İctimai Palatanın tərkibində Şuşanın işğalı günü Şəhidlər Xiyabanının ziyarət edilməsi qeyd edilib. Partiyadaxili məsələlərin müzakirəsi zamanı Avstriyada mühacirətdə olan 6 nəfər həmyerlimizin Müsavat Partiyasına üzv olmaq haqqında ərizələrinə baxılıb və müsbət qərar verilib. Gündəliyin ictimai-siyai vəziyyətə dair bölümündə İctimai Palatanın bütün istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İctimai Palatanın strukturlaşmasının, xüsusən də regional qurumların təşkil olunması, proqram sənədlərinin hazırlanması və kütləvi aksiyaların təşkilində Müsavat Partiyasının görəcəyi konkret işlər müəyyənləşdirilib. Eyni zamanda növbəti kütləvi aksiyanın tarixi və təşkili ilə bağlı konkret təkliflər verilib. Divanda ötən gün keçirilmiş Gül bayramı haqqında da müzakirə aparılıb. Azərbaycan xalqının sərvətinin şəxsiyyətə pərəstiş tədbirlərinə israf edilməsi, belə rüsvayçı korrupsiya layihəsinə yönəldilməsi kəskin qınanılıb. Hakimiyyətin apardığı repressiya siyasəti kəskin şəkildə tənqid edilib. Bu kontekstdə azad jurnalistikaya qarşı basqıların dərhal dayandırılması tələb edilib. Barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı olan Eynulla Fətullayevin hələ də qanunsuz olaraq həbsdə saxlanılması, gənc blogger Bəxtiyar Hacıyevə qarşı absurd məhkəmə prosesi və son günlər ?Gündəm-Xəbər? qəzetinə qarşı basqılar xüsusi olaraq vurğulanıb. Ərəb ölkələrində, xüsusən də Liviya və Suriyada baş verən proseslər haqqında da müzakirələr aparılıb. Divan beynəlxalq birliyi baş verənlərə adekvat münasibət göstərməyə, diktatorlara qarşı daha qətiyyətli və təsirli tələblər görməyə çağırıb. Sonda cari məsələlərə baxılıb. Divanın toplantısından sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının mayın 10-da Müsavat Partiyasının qərargahında keçirilən iclasında mitinq məsələsinə baxılıb. İctimai Palatanın sessiyası mitinqlərin davam etdirilməsinə qərar verib. Koordinasiya Şurasının sonuncu iclasında mitinqlərə hazırlıq məsələsi geniş müzakirə olundu. Bundan sonra hakimiyyət strukturları ilə razılaşdırılmış mitinqlərin keçirilməsi daha məqsədəmüvafiq sayıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA