Dindarların aksiyası ilə bağlı cinayət izi bazlanıb

img

06-05-2011 [08:06]


Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək cəhdi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumatda bildirilir ki, 2011-ci il mayın 6-da saat 11 radələrində təxminən 150 nəfər yaxın radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər. Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərib, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb. Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA