Həbsdəki gənclərə dəstək kampaniyası bazladı

img

06-05-2011 [01:33]


Müsavat Partiyasının qərargahında həbsdəki gənc fəallara dəstək tədbiri keçirildi. Müsavat Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, Azad Gənclik Təşkilatı, ADP Gənclər Təşkilatı, VHP Gənclər Təşkilatı, ?Nida? Vətəndaş Hərəkatı, ?10 Dekabr? Gənclər Təşkilatı, ?Gənclər Klubu? İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə 200-ə qədər gənc fəal iştirak edirdi. Toplantı himnimizin oxunması ilə başladı. Müzakirələr zamanı AXCP Gənclər Komitəsindən Cabbar Savalanlı, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rüfət Hacıbəyli, müstəqil gənc Elnur İsrafilovun qanunsuz olaraq həbs edildiyi bildirildi. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı həmin şəxslərin kütləvi aksiyalarda aktiv iştirak etdiyi üçün həbsə atıldıqlarını vurğuladı. O, daha öncə yaradılan müdafiə komitələrini birləşdirərək vahid müdafiə komitəsinin yaradılmasını təklif etdi. Ə.Qurbanlı həmçinin bildirdi ki, Azərbaycan hakimiyyəti etirazçı gəncləri susdurmağı qarşısına məqsəd qoyub, gənclər də bu səbəbdən həbs olunub: ?Biz susmayacağıq və buna adekvat reaksiya verəcəyik?. Vahid müdafiə komitəsi yaradılması barədə qərar qəbul edildi. Tədbirin aparıcısı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının müavini Səxavət Soltanlı idi. O hakimiyyətin gənclərə olan ?qayğısından? danışdı və qeyd etdi ki, ölkə rəhbərliyi son bir neçə ayda 6 gənci həbsə almaqla onları ?ev?lə təmin edib. S.Soltanlı qeyd etdi ki, həbsdəki gənclərə dəstək olaraq Müsavat Gənclər Təşkilatına üzvlük üçün 15 gənc müraciət edib: ?Hakimiyyət gəncləri həbs etməklə qorxudacağına inanırsa, yanılır?. ?Nida? Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər isə bildirdi ki, müstəqil və müxalifətçi gənclərin keçirdiyi aksiyaları hakimiyyət həzm edə bilmir və bu səbəbdən də onları həbs edir. T.Qəmbər dedi ki, Müdafiə Komitəsi işini üç istiqamətdə qurmalıdır: ?Etiraz aksiyaları keçirilməlidir. Beynəlxalq səviyyədə kampaniya aparmaq lazımdır. Üçüncü istiqamət isə həbslərə qarşı hüquqi müstəvidə mübarizə aparmaqdır ki, bu işlə də vəkillər məşğul olurlar. Azərbaycan məhkəmələrinin ədalətli qərar vermədiyi bəllidir. Amma şikayətlər Avropa Məhkəməsinə qədər gedib çıxmalıdır?. Tədbirdə iştirak edən müsavat başqanının müavini Gülağa Aslanlı dedi ki, vahid müdafiə komitəsinin yaradılması effektli nəticələr verəcək. Müsavat Gənclər Təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Leyla Mustafayeva isə bildirdi ki, ölkədə tələbə hərəkatını aktivləşdirmək üçün qısa müddətə beynəlxalq qurumlara müraciət edərək, siyasi fəaliyyətlərinə görə universitetlərdən qovulan tələbələrin xarici universitetlərdə təhsil almalarına nail olmaq lazımdır. L. Mustafayeva onu da qeyd etdi ki, beynəlxalq piyar, ölkə daxilində keçiriləcək tədbir və aksiyaları təşkil etmək məqsədilə müdafiə komitəsinin tərkibində bir neçə üzvdən ibarət qruplar yaratmaq lazımdır. İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov beynəlxalq təşkilatlara ünvanlanan, eləcə də İctimai Televiziyada efir vaxtının ayrılması ilə bağlı sənədləri hazırlamaqda yardımçı olacağını bildirdi. ?10 Dekabr? Gənclər Təşkilatının üzvü Nahid İsmayıl, VHP Gənclər Təşkilatının sədri Samir Əsədli, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, ADP Gənclər Təşkilatının sədri Cəmil Həsənli, ?Gənclər Klubu? İctimai Birliyinin sədri Zaur Əkbər çıxış edərək gənclərin müdafiəsi və gələcək planlar haqında maraqlı təkliflər səsləndirdilər. Sonda toplantıda iştirak edən digər gənclər birgə bəyanatla çıxış etdilər. Bəyanatda həbsdəki gənclərin dərhal azadlığa buraxılması tələb olunur. Sənəddə gənclərin azadlıq və demokratiya dəyərlərinin bərqərar olması üçün sıx əməkdaşlıq edəcəyi vurğulanır. Bəyanata ?Dalğa? Gənclər Hərəkatı da qoşuldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA