Ombudsman Şuza, Laçın və Kəlbəcərin izğal günləri ilə bağlı bəyanat yayıb

img

03-05-2011 [12:33]


Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin işğal günləri ilə bağlı bəyanat yayıb. BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmış bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülmüş, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 1000-dək yaşayış məntəqəsi dağıdılıb. Bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən çox mühüm strateji əhəmiyyəti olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi sayılan, əhalisinin 92 faizini azərbaycanlılar təşkil edən Şuşa şəhərinin, habelə Laçın rayonunun işğalından on doqquz il keçir. 8 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutub, Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, 18 may 1992-ci il tarixdə Laçını işğal edib, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçiriblər. Qeyd edək ki, Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid, 105 nəfər əlil olub, 66 nəfər girov götürülüb. 60 mindən artıq laçınlı soydaşımız ölkəmizin 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşamaqdadır. Bu rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 101 məktəb, o cümlədən məktəbəqədər və peşə təhsili müəssisələri, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. 1993-cü il aprelin 2-də isə coğrafi mövqeyinə görə Ermənistan və Dağlıq Qarabağ arasında sədd olan, sahəsi 174 min hektara çatan, 52 min nəfər əhalinin yaşadığı, təbii sərvətlərlə zəngin Kəlbəcər rayonu düşmən qüvvələri tərəfindən işğal edilib. Kəlbəcərin süqutu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ermənilərin sonrakı işğalçılıq planlarının həyata keçməsinə -- Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın, ümumən 17 min kvadratkilometr ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına şərait yaradıb. Bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq nümunələrini və Azərbaycan xalqının dünya şöhrətli sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər. Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, Şuşa şəhəri ətrafındakı bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına daha bir saymazyana münasibət nümayiş etdirirlər. Ermənistan Respublikası beynəlxalq sənədlərdə təsbit olunmuş müddəaları kobudcasına pozaraq, bütün dünyanın gözü qarşısında Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli 100.000-dən artıq mədəniyyət nümunəsi yararsız hala salıb və qəsb edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılıb. Bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə müraciət olunub". Bəyanatda daha sonra qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin ?Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət? adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA