Müsavat: "Təqib və təzyiqlərə, repressiyalara son qoyulsun"

img

02-05-2011 [06:26]


Müsavat Partiyası 2 aprel aksiyası zamanı saxlanılanların işi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 2 aprel mitinqindən sonra Arif Hacılı başda olmaqla, barələrində cinayət işi qaldırılmış 13 nəfər hələ də qanunsuz olaraq həbsdə saxlanılır. Hər gün onlarla adam istintaqa cəlb edilir və onların bir çoxuna bu və ya digər formada təzyiqlər göstərilir. Artıq hakimiyyət qadınları da kütləvi şəkildə istintaqa cəlb edir ki, bu da iqtidarın təkcə milli-mənəvi keyfiyyətlərin hansı səviyyədə olmasından yox, həm də qadın fəallığından nə dərəcədə qorxmasının təzahürüdür. Bəyanatda bildirilir ki, Səbail rayon məhkəməsinin qərarı ilə Müsavat Partiyasının qərargahında heç bir əsas olmadan aparılan axtarış, müxalifət fəallarının təqiblərə məruz qoyulması bir daha göstərir ki, hakimiyyət ölkədə başlayan dinc ictimai etirazları zorakı üsullarla həll etmək siyasətindən əl çəkmək istəmir: "Bir neçə gün əvvəl partiyanın Qubadlı rayon təşkilatının üzvü Nurlan Əliyevin heç bir əsas olmadan həbs edilərək 7 sutka həbs cəzası alması, tanınmış vəkil, hazırda bildirilir ki, 15 sutka həbs cəzası çəkən Vidadi İsgəndərlinin bu gün yenidən Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılaraq haqqında cinayət işi qaldırılması və bu cür həbslərin fasiləsiz olaraq davam etməsi dediklərimizə daha bir sübutdur. Artıq beynəlxalq ictimaiyyət də hakimiyyətin son addımlarının heç bir hüquqi normalara sığmadığını bəyan edib. 02 aprel mitinqində həbs olunanların 7 nəfərinin vicdan məhbusu elan olunması bir daha göstərir ki, dünya ictimaiyyəti də ölkədə nə baş verdiyinin fərqindədir". Müsavat Partiyası bütün bu özbaşınalıqlara öz etirazını bildirərək, ölkədə təqib və təzyiqlərə, gündən-günə çoxalan repressiyalara son qoyulmasını tələb edir: "Biz həbsdə olan vicdan məhbuslarının, ümumiyyətlə bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir və bu qanunsuz həbslərə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA