ADU-da ?Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir? adlı tədbir keçirildi

img

12-04-2011 [04:16]


Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətini rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, aprelin 12-də universitetin Heydər Əliyev adına muzey-lektoriyasında ?Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir? adlı tədbir keçirildi. Universitetin Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərin sağlam həyat tərzinə uyğunlaşması, onların zərərli vərdişlərdən uzaq durması kimi vacib məsələlər müzakirə edildi. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitetdə ənənə halını almış bu kimi tədbirlərin keçirilməsinin müsbət tərəflərindən danışdı. O, bildirdi ki, tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində maariflənmələri üçün bu sahənin mütəxəssisləri ADU-ya dəvət edilirlər, dəyərli təklif və fikirlərini səsləndirirlər. ?Sağlam ailə? Tibb Mərkəzinin hematoloqu və genetiki, tibb elmləri doktoru Rüstəm Rüstəmli sağlam ailənin sağlam cəmiyyət qurulmasında böyük rolunun olduğunu bildirdi. R. Rüstəmli vurğuladı ki, sağlam ailə əsasən qızların sağlamlığından başlayır. Gələcək anaların yetkinlik dövrlərinə qədər müayinədən keçməməklərini qüsur kimi xarakterizə edən genetik bunun da sonradan doğulan uşaqlara mənfi təsirindən bəhs etdi. Genetik və irsi xəstəlik daşıyıcılarının digər adamlardan heç nə ilə fərqlənmədiklərini deyən R. Rüstəmzadə Azərbaycanda geniş yayılmış talessimiya xəstəliyindən də danışdı. O, dedi ki, hər 100 adamın 10-da talessimiyanın təzahürləri mövcuddur. Çıxışının sonunda R. Rüstəmzadə ailə həyatı quracaq şəxslərin nigahdan əvvəl müayinədən keçmələrini tövsiyə etdi. Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev bildirdi ki, ailə qurmazdan əvvəl tərəflər psixoloji cəhətdən buna hazır olmalıdırlar. Yalnız gözəlliyə, maddi üstünlüyə yox, fizioloji və mənəvi cəhətlərə üstünlük verilməsinin vacibliyini qeyd edən psixoloq yetkinlik yaşına çatmayan qızların ailə həyatını qurmasının fəsadlarından danışdı. Bildirdi ki, həmin şəxslər sonradan özlərini cəmiyyətə lazımsız adamlar kimi görürlər. Hər bir insanın müxtəlif çətinliklərlə mübarizə aparıb qalib gəlməsini arzulayan M. İsayev psixoloji problemlərin genetik xəstəliklərdən daha dəhşətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Çıxışını narkotikin sağlamlığa vurduğu ziyan üzərində quran Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin narkoloqu Mikayıl Qarayev narkotikin dünyada böyük problemlərdən biri olduğunu qeyd etdi. M. Qarayev tarixə ekskurs edərək bildirdi ki, hələ eramızdan 5000 il bundan əvvəl şumerlər xaşxaş, tiryək kimi narkotik vasitələrdən istifadəyə başlayıblar. Eramızdan 3000 il bundan əvvəl isə Latın Amerikada yaşayan tayfalar koka yarpağını çeynəməklə əmək qabiliyyətlərini və fiziki imkanlarını yüksəltməyə başlamışlar ki, bu da sonradan vərdiş halını almışdı. Sonradan müxtəlif narkotik vasitələrin meydana gəldiyini və insanlar arasında sürətlə yayıldığını deyən narkoloq bununla bağlı bir sıra beynəlxalq konvensiyalar hazırlandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan da bu konvensiyalara qoşulub. M. Qarayev HİV-ə yoluxanların 63,5%-nin narkotik istifadəçiləri olduğunu da diqqətə çatdırdı. Sonda o, narkomanlara cinayətkarlar kimi yox, narkoloji xəstə kimi yanaşılmasının vacibliyini bildirdi. QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova isə zərərli vərdişlər, xəstəliklər haqqında gənclərin məlumatlandırılmasını müsbət hal kimi xarakterizə etdi. O, çıxışında gəncləri ayıq olmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırdı. D. Mahmudova dedi ki, Azərbaycanda hər il QİÇS-ə yoluxanların sayı artır. 1 il ərzində 500 nəfərdə QİÇS virusu aşkarladıqlarını nəzərə çatdıran mübarizə mərkəzinin həkimi bunun qarşısının alınması üçün cəmiyyətin səfərbər olmalarının vacibliyini ifadə etdi. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sosioloqu Aynur Rəşidova təmsil etdiyi mərkəzin tütün əleyhinə layihələrindən danışdı və bildirdi ki, İSİM 2005-ci ildə BMT-nin tütünlə mübarizə üzrə çərçivə konvensiyasına qoşulub. İnsanların zərərli vərdişlərdən uzaq durmaları üçün bütün səylərindən istifadə etdiklərini söyləyən A. Rəşidova bu sahədə maarifləndirmənin əsas vasitələrdən biri olduğunu da sözlərinə əlavə etdi. Tədbir sual-cavab şəraitində davam etdi. Qeyd edək ki, tədbirdə ADU-nun 2 saylı İngilis dili fakültəsinin dekanı Vəfa Bənnayeva, kafedra müdirləri, eləcə də universitetin müəllim-tələbə heyəti iştirak edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA