Prezident Bakı ətrafındakı qəsəbələrdə olub

img

11-04-2011 [07:20]


Bu gün Bülbülə kəndini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olunub. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınıb, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilib. Yolda müasir işıqlandırma sistemi də quraşdırılıb. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yolların 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb. Bülbülə qəsəbəsində yeni yol istifadəyə verildikdən sonra prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb. Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb. Sakinlərlə görüşdən sonra İ. Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib və buradakı vəziyyətlə yerində tanış olub. Böyük bir ərazini əhatə edən park vaxtilə qəsəbə sakinlərinin ən çox istirahət etdiyi guşələrdən biri olub. Parkdakı mövcud vəziyyətlə tanış olan dövlət başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verdi. Sonra Prezident İlham Əliyev Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəlib. Bu qəsəbədə də məhəllədaxili yolların əsaslı şəkildə təmirinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib. Sulutəpə qəsəbəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənilib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirilib. Görülən işlərlə tanışlıqdan sonra prezident İlham Əliyev sakinlərlə görüşüb. Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu dedilər və yeni korpusun inşa edilməsini dövlət başçısından xahiş etdilər. Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA