Lalə Şövkət:"Ərəb zeyxləri kimi yazamaq istəyirlər, lakin Brejnyev sayağı kommunist rejimi qururlar"

img

11-04-2011 [01:35]


Dünən Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) fəallarının birgə geniş müşavirəsi keçirilib. MIA-nın məlumatına görə, müşavirədə ALP lideri professor Lalə Şövkət və VİP sədri Əli Əliyev çıxış edib. Müşavirənin aparıcısı, Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev giriş nitqindən sonra VİP sədri Ə. Əliyev çıxış edib. Partiya sədri öncə diqqəti VİP ilə ALP arasında uzun müddətdir davam edən və getdikcə dərinləşdirilən müttəfiqlik münasibətlərinə yönəldib. VİP sədri ölkədəki ümumi durumun son dərəcə ağırlaşdığını, vəziyyətin belə davam etməsinin mümkünsüzlüyünü vurğulayıb. Ə.Əliyev mövcud duruma görə Azərbaycan hakimiyyətinin birbaşa məsuliyyət daşıdığını bildirib, ölkədəki vəziyyətin köklü sürətdə dəyişdirilməsi üçün hakimiyyəti təcili addımlar atmağa çağırıb. Müxalifətdaxili proseslərə də toxunan Ə. Əliyev bir müddət əvvəl VİP ilə ALP-nin əsas müxalifət qüvvələrinin bir araya gəlməsinə təşəbbüs etdiyini, lakin bəzi partiyaların buna qarşılıq vermədiyini vurğulayıb. Ə.Əliyev VİP və ALP arasında münasibətlərin daha da sıxlaşacağını, bu partiyaların ölkədə köklü dəyişikliklərə nail olunması istiqamətində birgə, ardıcıl mübarizə aparacaqlarını diqqətə çatdırıb. Müşavirədə çıxış edən professor Lalə Şövkət ölkədəki antidemokratik mühiti, korrupsiyanı və məmur özbaşınalığını kəskin tənqid edib. O, korrupsiyanın mövcud hakimiyyətin dövlət ideologiyasına çevrildiyini, ölkəni və xalqı acınacaqlı vəziyyətə saldığını qeyd edib. ALP lideri bildirib ki, uğursuz və milli maraqlara cavab verməyən siyasəti ilə iqtidar ölkədə inqilabi vəziyyəti yetişdirir, bununla da baş verə biləcək inqilabi proseslərin ?hərəkətverici? qüvvəsinə çevrilir. O, qeyd edib ki, inqilab pis keçmişin sonu olur, amma, heç də həmişə xoşbəxt gələcəyin başlanğıcı olmur. Odur ki, iqtidar ölkəni xaosa , vətəndaş qarşıdurmasına sürükləməmək, vətəndaş qarşıdurmasından xilas etmək üçün təcili inqilabi dəyişikliklərə, islahatlara başlamalıdır. L.Şövkət müxalifətdaxili inteqrasiyaya böyük ehtiyac olduğunu, lakin bəzi siyasi qüvvələrin əməkdaşlıq məsələsində qeyri-səmimi olduqlarını təəssüflə vurğulayıb. ALP lideri məhz bu qeyri-səmimiliyin yaratdığı qarşılıqlı etimadsızlığı müxalifətin bir araya gəlməsinə mane olan faktor kimi göstərib: ?Ölkədə insanlar çaşqınlıq vəziyyətindədir. Hadisələri düzgün analiz edə bilmirlər. Ağılları çatır, lakin informasiyaları çatmır. Son referendumdan sonra prezidentə müddətsiz seçilmək hüququ verildi. Monarxiya yaradan bir referendum keçirildi. Eləcə də parlament seçkiləri. Bu son 20 ildə keçirilən ən biabırçı parlament seçkiləri idi. Bununla da birpartiyalı sistem yaradıldı. Bu gün parlament demək olar ki, YAP-ın nümayəndələrindən ibarətdir. Qəribə mənzərə yaranır. Ərəb şeyxləri kimi yaşamaq istəyirlər, lakin Brejnyev sayağı kommunist rejimi qururlar. Başa düşə bilmirəm, bu necə dövlətdir. Abramoviç kimi yaşayasan, Stalin kimi idarə edəsən. Bu mümkün olan bir şey deyil?. Lalə Şövkət bildirib ki, xalq son seçkilərə gəlməyib və bununla da o öz passiv etirazını göstərib: ?Dəqiq məlumatlara görə, Bakıda 12% seçici seçkiyə gəldi. Bakı siyasi aktivliyi ilə seçilən paytaxtdır. Bu onu göstərir ki, millət nə seçkilərə, nə də hakimiyyətə inanır. Korrupsiya günü-gündən artır. Dünyanın heç bir yerində belə bir total korrupsiya yoxdur. Artıq bu dövlətin ideologiyasına çevrilib. Millət üzərində qarət əməliyyatı keçirilir. Dövlət müəssisələri alış-verişlə məşğuldur. Bu cur korrupsiya ilə dövlət uçuruma gedəcək. Elə ərəb ölkələrində baş verən inqilabların kökündə də korrupsiya, diktator ailəsinin milləti qarət etməsi dayanır. Korrupsiyaya mübarizə elan olundu. Cəmi iki həftə çəkdi. Bu gün gənc qadınlar, qızlar illərlə sərt pəhriz saxlayıb ac qalırlar. Bu məmurların iştahası nə səviyyədədir ki, cəmi iki həftə dözə bildilər. Korrupsiya ilə mübarizə söz, kampaniya deyil, bu bir əməl, hərəkətdir. Bununla mübarizə aparmaq üçün dünyada qəbul olunmuş üsullar var: siyasi hakimiyyətin iradəsi, təmizliyi, mətbuat azadlığı, müstəqil məhkəmə, ictimai nəzarət və insanların layiqli həyatı üçün yetərli məvacib. Bu gün müəllimlər, həkimlər 110-200 manat, təqaüdçülər isə 85-90 manat alırlar. Bizdən daha kasıb ölkələrdə belə məvacib daha yüksəkdir. Korrupsiya ilə mübarizənin öz bəhrəsini verməsi üçün sistem dağıdılmalıdır. Gürcüstan buna ən yaxşı nümunədir. Sovet dövründə kriminal ölkə kimi tanınırdı. Rüşvətxorluq baş alıb gedirdi. Saakaşvili iradəsi ilə bunun qarşısını almağı bacardı. 1993-cü ildə dövlət katibliyi vəzifəsindən də məhz korrupsiyaya görə imtina etdim. Amerikaya səfir təyin etdilər ondan da imtina etdim. Mən oğru hakimiyyətin vəkili ola bilməzdim. Bu gün korrupsiyadan danışmağa mənəvi haqqım çatır. Bu gün qərbdə islam mədəniyyətinin demokratiyaya zidd olması göstərilir. Türkiyə ən inkişaf edən demokratiya ölkəsidir. Afrikada da, Avropada da diktatorlar olub. Onlar heç də müsəlman olmayıblar. Bəlkə Belarusiyada Lukaşenko islamı qəbul edib mənim xəbərim yoxdur?! Mən inanmıram ki, ərəb ölkələrindəki inqilablar Azərbaycana da domino şəklində çatacaq. Buradakı geostrateji və geosiyasi vəziyyəti nəzərə alaraq demək olar ki, bizdə domino effekti alınmayacaq, şahmat oyunu olacaq. Bismarkın yaxşı bir fikri var: İnqilabları dahilər yaradır, fanatiklər həyata keçirir, alçaqlar isə bəhrəsini götürür. Rus mütəffəkiri Qriboyedov isə deyib ki, inqilab köhnə həyatın sonudur, heç də yeni həyatın başlanğıcı deyil. Mən hakimiyyətə müraciət etdim ki, islahatlar aparmaq lazımdır. İslahatlar demokratiyanın əsas prioritetidir. Qazaxıstan, Rusiya da islahatlar apardı. Köklü islahatlar üçün gec deyil. Əgər dövlət islahatlara getmirsə, deməli, özləri çaxnaşmaya zəmin yaradır. Portuqaliyanın diktatorlarından birinə sual verirlər ki, millətin başına bu qədər oyun gətirirsən ki, nə edirsən ki onun səsi çıxmır? O bildirib ki, bunun üç üsulu var: milli musiqi, karnaval və futbol. Yəni millətin başını qarışdırıram ki, öz həyatını düşünməsin. Bizdə də insanlar vaxtlarını ya televiziyaya, ya da internetə sərf edirlər. Heç kəs öz həyatını yaşamır. Əgər Azərbaycanda inqilab olsa, bu xaos yaradacaq. Xaos isə milli maraqlara ziddir. Bizə dəyişikliklər lazımdır. Bilməliyik ki, bu dəyişikliyə hansı yollarla nail olmalıyıq. Biz hüquqlarımızı bilmirik. Ona görə də mübarizə aparmağı bacarmırıq. Millətin içində qorxu var. Qorxu olanda isə demokratiya olmur. Əgər qorxuya qalib gəlməsək, kölə kimi yaşayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA