ictimai Palatanın Nederland bölməsi yaradıldı

img

11-04-2011 [01:26]


Ötən həftə Nederlandın Haaqa şəhərində (Den Haag) İctimai Palatanın Nederland bölməsinin yaradılması qərara alınıb. Aprelin 6-da siyasi mühacirlərin keçirdiyi toplantıda Musavat Partiyasının mühacirətdə olan üzvlərindən - Eldəniz Yusifov, Rəşad Sadıqov, Xalq Partiyasından Sabir Budaqov, AXCP-dən İlham Xəlilov, ictimaiyyət nümayəndələrindən keçmiş siyasi məhbus, siyasi mühacir Əsəd Əsədov, demokratik mətbuat adından "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynli, qeyri-hökumət təşkilatı nümayəndəsi kimi Cavid Əliyev və digər şəxslər iştirak edib. Toplantıda vurğulanıb ki, İctimai Palata öncə seçki hüquqları pozulmuş namizədlərin birliyi olaraq təsis edilsə də, artıq onun ictimai statusu dəyişib. Bu gün İctimai Palata Azərbaycanda hakimiyyətin əsas alternativinə çevrilib. Buna görə də artıq böyük siyasi hərəkata çevrilən İctimai Palatanın xaricdə də bölmələri yaradılmalıdır. Azərbaycanda diktaturaya son qoyulması üçün həyata keçirilən tədbirlər bir mərkəzdən yönəldilməlidir. Bunun üçün İctimai Palatanın Hollandiya bölməsinin yaradılması qərarlaşdırılıb. Qeyd olunub ki, Avropanın digər yerlərində bölmələrinin yaradılması yönündə fəaliyyət göstərilsin. Eyni zamanda Avropada yaşayan azərbaycanlıların və digər türk dilli xalqların nümayəndələrinin də İctimai Palatanın bölmələrinə cəlb olunmasının xüsusi olaraq vurğulanıb. İctimai Palatanın Hollandiya bölməsi Azərbaycanda İP-in rəhbərliyi tərəfindən tanınandan sonra konkret tədbirlər həyata keçirəcək. İP-nin Hollandiya bölməsinin fəaliyyəti barədə məlumatların KİV və Azərbaycandakı siyasi qurumlara çatdırılması mühacir jurnalist Fikrət Hüseynliyə tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA