Parapsixoloq Fatihə: "Yuxarıda oturan görməmiz "köpək balıqları"nın 99-u korrupsiya ilə mübarizə nəticəsində öz izindən çıxarılacaq"

img

05-04-2011 [07:17]


Dünyada, cəmiyyətdə və təbiətdə baş verən hadisələri müxtəlif sahənin adamları müxtəlif cür yozurlar. Amma reallığa tamamilə başqa aspektdən də baxmaq olar. Elə Ruhi İntibah, Parapsixologiya və Psixobioenergetik Tədqiqatlar Mərkəzinin rəhbəri Fatihə xanımın da dünyada baş verən kataklizmlərin, təbii fəlakətlərin daha geniş vüsət almasına öz yanaşması var. Onun sözlərinə görə, bütün bunlar bəşəriyyətin təbiətin əleyhinə gördüyü işlərin nəticəsidir. Burada insanın əməlləri ilə yanaşı, neqativ düşüncələri də az rol oynamır. Onlar toplanaraq, atmosferdə neqativ "bulud" yaradır. Bu "bulud"un illərlə şişib birdən partlaması isə hər hansı bir məkan, hətta ölkə üçün təhlükəyə çevrilir. Yəni təbiət, bəşər əleyhinə fəaliyyət göstərən xalq, özü-özünü fəlakətə sürükləyir. Bu gün üzləşdiyi problemlərə yapon xalqının özünün cavabdeh olduğunu deyən Fatihə xanım bildirir ki, Yaponiyada qəza zonasının yaxınlığındakı 5 şəhər yer üzündən silinəcək. Ona qonşu ölkələrdə isə böyük dağıntılar olacaq: "Bütün dünya eyni mexanizmlə dövran edir. Müsəlman ölkələrində müharibə də təsadüfdən başlamayıb. Baş verənlər anamız Yer kürəsinin bizə cavabıdır. Yer kürəsi bizim kimi canlı olduğundan, baş verənlər ona birbaşa təsir edir. Necə ki, insan nəvazişə, xoş rəftara, dəstəyə ehtiyac duyur, eləcə də Yer kürəsi bizdən bunları gözləyir. O, bizə su, həyat, qida, məhsul verir. Biz isə onun nemətlərini xeyirliyə istifadə etmək əvzinə, sui-istifadəyə, bir-birimizə quyu qazmağa üstünlük veririk. Buna görə, Yer də öz cavabını verir". Bir insanın partlatdığı bomba nəticəsində onlarla, yüzlərlə günahsız insanın tələf olmasını nə dərəcədə ədalətli saymaq olar sualına isə parapsixoloq belə aydınlıq gətirdi: "Allahın gözündən heç nə yayınmır. Amma həmin insanı O deyil, iblis idarə edir. Belələrinə insan yox, zombi demək daha doğru olardı. Elə iki il öncə Neft Akademiyasındakı qətliamda tələbələrə atəş açan da proqramlaşdırılmış, damarına narkotik yeridilərək tapşırığa göndərilmiş zombi idi. Kamikadzelər də bu qəbildən olan insanlardır. Bəzən bunu dinlə bağlayırlar. Halbuki heç bir din, o cümlədən də İslam insanları ölümə təhrik etmir". Fatihə xanımın sözlərinə görə, Yer üzünün hakim dairələri - əksər yüksək rütbəli məmurlar və bəzi prezidentlər iblisin yolu ilə gedirlər: "İstənilən sahədə qeyri-adi uğur qazanan adamların quyruqlu dəstəkçisi odur. İblis ən aşağı təbəqəni tutan alkoqoliklərə, narkomanlara, fahişələrə, cinayətkarlara - bu kimi insanlara daha asanlıqla təsir göstərə bilir. Bu işdə cadügər, falçı və öncəgörənlərin də müstəsna rolları var. Neqativ sferanı təşkil edən bütün bu insanları iblis idarə edir. O, onlara öz iradəsini əsasən fiziki yuxu vasitəsilə sırıyır. İnsan yatarkən iblis onun ruhunu "işğal etməyə" çalışır. O, insanın iradəsini özünə tabe edənə kimi yuxusuna gəlir və sonda onun enerjisi ilə qidalanır. "Donor" isə əhatəsində olan insanlara təsir göstərməyə başlayır. Bu mübarizədə yalnız pozitiv tərəfi daha güclü olanlar qalib gəlirlər. İblisin təzyiqinə çox zaman beyninin sol yarımkürəsi inkişaf etmiş insanlar məruz qalırlar. Çünki sol yarımkürə özündə intellekti, məntiqi cəmləyir. Sağ yarımkürə isə adətən intuisiyalı, həssas, yaradıcılığa meylli insanlarda inkişaf edir. "Solçular" yerə, yəni maddiyyata bağlı olduğundan, onları yoldan çıxarmaq çətin olmur. Bu minvalla iblis öz pərəstişkarlarının ordusunu yaradır". Başlarına müsibətlər gələn bəzi insanların, xüsusən də övladı erkən həlak olmuş bəzi valideynlərin Allahdan üz döndərmələrinə gəlincə, parapsixoloq dedi ki, Neft Akademiyasındakı dəhşətli qətliam başqa rakursda və başqa yerdə o tələbələrin valideynlərinin də başına gələ bilərdi. Bütün bunlar alın yazısıdır, qaçılmazdır. Təsadüfən heç nə olmur. Allah bizim ruhlarımızla təbiətin dili ilə danışır. Ciddi nəsə baş verənə kimi, O, müxtəlif yollarla xəbərdarlıq edir. Bu, təkcə təbii fəlakət deyil, insanın istənilən problemi, həmçinin səhhətinin pozulması vasitəsilə də baş verir. Onun sözlərinə görə, bu dünyada bütün baş verənlər tamamlanmış şəkildə reallaşır. Həm pis, həm də xeyir əməllər anbaan proqramlaşdırılıb. Bunun qarşısını almaq olmaz. İnsanın qədəri isə ana bətnindəykən yazılır: "İnsan ömrü boyu qismətinə yazılan "həyat proqramı"nı həyata keçirir. İnsan bir növ aktyordur. Təkcə insan taleyi deyil, flora və faunanın aqibəti də anbaan yazılıb - özü də kainat səviyyəsində. Bütün kainat Allahın proqramı ilə, özü də rəqəmlər vasitəsilə idarə olunur. Yaponiyada qəza, sunami niyə məhz 2011-ci ildə baş verdi? Çünki 11 rəqəmi güclü qüvvə və güclü dağıntı deməkdir. 11 sentyabr tarixində ABŞ-da 2 göydələnin yerlə-yeksan olmasını yada salın! Hər şey müəyyən qaydalar çərçivəsində, təyin olunmuş vaxtda baş verir. Dünyanın bir yanında fəlakətdirsə, digər tərəfində şadyanalıq olur. Əslində, bu, balansın tarazlanması deməkdir. Kimsə ölürsə, kimsə doğulur. Bir yanda qaranlıqdır, bir yanda işıq. Heç biri tamamilə üstünlük təşkil etmir. Dəqiq desək, bütün dünyada, o cümlədən insanın daxilində 51 faiz müsbət, 49 faiz isə mənfi plandadır. Dünyanı xeyirlə yaradan Allah şər anlayışını da ona görə verib ki, insanlar yaxşıya lazımınca dəyər verə bilsinlər. Şəri yaradan isə ilk növbədə insanın fikirləridir. Buna görə də ilk növbədə fikirlərimizi təmiz saxlamalıyıq". Parapsixoloq deyir ki, hər şey öncədən proqramlaşdırılır. Onda belə çıxır ki, insana ixtiyar verilməyib. O isə bir qədər fərqli fikirdədir: "Nə Allah, nə də din insanın iradəsini əlindən almır. Hər şey proqramlaşdırılsa da, Allah insana taleyin 100 yolunu, yəni seçim şansları verir. Bu seçim bizi ya zirvəyə, ya da quyu dibinə aparır. Din isə bərabərləşmək, haqq yolu ilə getmək üçün açardır. Ona görə də insan daima öz əməllərini nəzərdən keçirməli, özünü mükəmməlləşdirməlidir". O, dünyada baş verən proseslərin sonu ilə bağlı da fikirlər səsləndirdi: "Bədxah təxribatçılar Mayya təqviminə əsaslanaraq, 2012-ci ili dünyanın sonu elan etməklə, insanlar arasında ajiotaj yaradıblar. Amma bu, doğru hesablama deyil. Dünyanın sonuna hələ çox var. Dünyanın sonu barədə xəbərlər xaos, anarxiya yarada bilər. Kimsə fikirləşə bilər ki, onsuz da dünyanın axırı gəlir - istədiyimi edim. Nəticədə, neqativ ajiotaj yaranar. Bəli, çox şey qaçılmazdır. Amma axına qarşı avar çəkmək də doğru deyil". Fatihə xanım qədim hind fəlsəfəsinin karma anlayışına əsaslanaraq deyir ki, insan keçmiş həyatlarındakı fəaliyyətinin bəhrəsini yığır: "Bu məqam Quranda da var. Həqiqətən də reinkarnasiya, yəni insan ruhunun yenidən həyata qayıdışı var. Keçmiş həyatlarında nə etmisənsə, mütləq bu ömründə də özünü büruzə verəcək. Keçmiş həyatındakı xeyirxah əməllər indiki həyatında xeyir işlərlə əks olunacaq. Amma yeni maneələrin yaranması da istisna deyil. Keçmiş həyatında pislik etmisənsə, günahını yumalı olacaqsan. Allah yaxşılığın da, pisliyin də əvəzini artıqlaması ilə verir. Məsələn, bəzi qadınlar kişiləri özlərinə cadu ilə bağlamaqla Allahın lənətinə tuş gəlirlər. Bu isə onların övladlarında, 7 nəsildə özünü göstərir. Allah rəhmli, hamını və hər şeyi bağışlayandır. Buna görə də ən böyük günah, bağışlamamaqdır. İnsan incikliyini özündə saxlayırsa, bununla özünə pis edir, sağlamlığını korlayır. Əgər səmimi qəlbdən tövbə ediblərsə, Allah narkomanları, fahişələri, cinayətkarları da bağışlayır. Amma tövbə hələ o demək deyil ki, əməllərinə görə cavab verməyəcəksən. Xeyirxah əməllər dünyanı yaxşılığa doğru dəyişir. Bəzən insan yaxşılıq edir, amma qarşı tərəf buna minnətdar olmur. Allah belə insanları bağışlamır, çünki insanın qəlbi Allahın məbədidir, onu qırmaq böyük günahdır". Bəzi insanların ekstrasenslərə müraciət etməsinə isə parapsixoloq müsbət yanaşmır. Onun sözlərinə görə, ekstrasenslərin sayı həddən çox artıb: "Onlar özlərini reklam etmək üçün az qala podiuma çıxsınlar. Onların 99 faizi şarlatandır. Nəyəsə nail olmaq üçün vasitəçi, yəni ekstrasens vacib deyil. Hər şeyi Allah verir. İnsan öz səhvlərini başa düşüb haqq yoluna qayıdırsa, Allah qarşısında diz çöküb, ürəyindəkini dua edərək Ondan istəməlidir". Ötən il ekstrasenslərin qeyri-adi fəallığı müşahidə edilsə də, yeni il girəndən sanki onlar sakitləşiblər. Fatihə xanım isə bunu müvəqqəti sayır: "Yırtıcı heyvanlar ova çıxanda kol arxasında gizlənib öz şikarını tutmağa fürsət gözləyirlər. Eləcə də bizim yalançı ekstrasenslər. Onlar efirə tez-tez çıxmaqla mənfi qüvvələri daha da özlərinə cəlb edirlər. Ekstrasenslərin 99 faizi cürbəcür nacins məxluqatlara bağlıdırlar. Bu məxluqatlar da öz aralarında müharibə aparırlar. Onların və onlarla əlaqəyə girənlərin yeri cəhənnəmdir. Çünki Allahın seçdiyi əsl vergili insan heç vaxt özünü büruzə verməməlidir". Sonda müsahibimiz bu il üçün maraqlı proqnozlarını da verdi. O, Azərbaycanda başlanmış antikorrupsiya tədbirlərindən də söz açdı: "5 il öncə qəzetinizdə verdiyim proqnozlar özünü doğrultmuşdu. Dediyim kimi, o zaman bir neçə yüksək vəzifəli məmur həbs edildi. Yenə də yuxarıda oturan görməmiş "köpək balıqları"nın 99-u korrupsiya ilə mübarizə nəticəsində öz işindən çıxarılacaq. Xırda "kolibrli" 215 "çör-çöp" də onların ardınca gedəcək. Bu, korrupsiyanı tamamilə aradan götürməsə də, onu 1/3 hissəsini ləğv edəcək. Əslində, korrupsionerlərin hər biri gec-tez cəzalarını alacaqlar. Onlar öz xalqlarını soymaqla maddiyyatlarını artırsalar da, mənəviyyatlarını heçə endirirlər. Yığdıqları haram pulların mənfi enerjisi bir gün mütləq başlarında çatlayacaq. Ümumiyyətlə, bu il Azərbaycanda nə böyük fəlakətlər, nə də inqilab gözlənilmir. İki böyük müəssisədə yanğın olacaq. Bir neçə hərbi obyektin yeri dəyişdiriləcək. Yayda baş verəcək qeyri-adi xronomiraj, yəni göy qübbəsində tarixi hadisələri əks edən görüntü insanları çaşqın hala salsa da, bundan sonra çox şey xeyirliyə doğru dəyişəcək. Ən əsası, bir xəbərlə sizi sevindirmək istərdim. Bu il işğal altında olan iki rayonumuz geri qaytarılacaq..." [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA