28-03-2011 [06:22]
[b]
Yaqub Məmmədov: "Təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli işlər görülüb və görülür. Ancaq yaxşı binalar, bəzəkli divarlar, müasir cihazlar kadr hazırlığına müsbət təsir göstərə bilmir" [/b]
Nazirlər Kabineti bir il öncə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verib. Qərara görə, rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır. Artıq TQDK Azərbaycanda baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul qaydalarını elan edib. Bu ildən rezidenturaya qəbul başlayacaq. Azərbaycanda elm və təhsilin vəziyyəti, son dövrlər aparılan islahatların və həyata keçirilən dövlət proqramlarının nəticələri barədə "Reytinq"ə müsahibə verən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədovla söhbətə rezidenturaya qəbulla bağlı sualla başladıq.
- Rezidentura tibb kadrlarının hazırlanması üçün bütün dünyada qəbul olunmuş və tətbiq edilən sistemdir. İnkişaf etmiş ölkələrin əksəriyyətində ümumi təhsildən sonra rezidentura tətbiq edilir. Bu sistemlə bağlı hələ 90-cı illərin əvvəllərində müəyyən qərarlar verilmişdi, amma sonra sovet hökuməti dağıldı, böyük problemlər yarandı. Ona görə də bu sistemə keçmək mümkün olmadı. İndi bu sistemin tətbiqinə başlanılır. Rezidentura proqressiv bir sistemdir və bu mənada bunun tətbiqi, inkişafı müsbət addımdır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində tibb kadrlarının hazırlığı 5-6 illə məhdudlaşmır. Yüksək ixtisaslı tibb kadrlarını hazırlamaq üçün daha çox vaxt tələb olunur. Çünki onlara tibbi vərdişlər, nəzəriyyətinin tətbiqi lazımdır. Ona görə də dünya təcrübəsində ümumi təhsildən sonra rezidentura təhsili başlayır, ixtisasdan asılı olaraq, müvafiq proqramlar əsasında 3-4 il, hətta 6-7 il yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında həmin şəxslər müstəqil həkimlik fəaliyyəti göstərir, təcrübə toplayır, öyrənirlər. Bu sistem rezidentin həm bilik səviyyəsinin, həm də peşə bacarığının yüksək siviyyəyə qalxmasında müstəsna rol oynayır.
- Necə düşünürsünüz, Azərbaycan bu sistemə hazırdırmı, yaxud sistemin tətbiqi üçün şərait varmı?
- Bunun üçün böyük hazırlıq işləri lazımdır. Bu, birdən-birə bir qərarla, göstərişlə, fərmanla baş tutan məsələ deyil. Çox təəssüf ki, bizdə başqa sahələrdə olduğu kimi, bu sahədə də tələskənliyə yol verilib. Bunun üçün yaxşı şərait yaratmaq, mütəxəssislər müəyyənləşdirmək lazımdır. Tələbəyə dərs deyən mütəxəssislə, rezidenti hazırlayan mütəxəssis eyni ola bilməz. Onun səviyyəsi yüksək olmalıdır. Yəni həm maddi-texniki baza, həm kadr potensialı, həm də mütəxəssislərin səviyyəsi nöqteyi-nəzərdən ciddi işlər görülməlidir. Bu sistemə mütləq keçmək lazımdır, çünki rezidenturanı bitirməyən mütəxəssislər dünya səviyyəsində qəbul olunmurlar. Bizim xaricə gedib işləmək istəyən məzunlarımız çox böyük əziyyət çəkirlər. İndi qərar qəbul olunub ki, bizim universitetdə də rezidentura tətbiq olunsun. Hər halda bu sistem bizim inkişafımız üçün müəyyən keçid rolunu oynayacaq.
- Yaqub müəllim, Azərbaycanın təhsil sahəsindəki vəziyyətlə bağlı da fikirlərinizi öyrənmək istərdik. Təhsilimizin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda təhsilin vəziyyəti acınacaqlıdır. Heç təsadüfi deyil ki, Milli Məclisdə deputatlar da təhsildəki problemlərdən açıq şəkildə danışırlar. Azərbaycan təhsilinin problemləri çoxdur. O problemləri bir neçə qrupa bölmək olar. Birinci, təhsilin maddi-texniki bazasıdır. Gərək adam inkar eləməsin, bu istiqamətdə çox işlər görülüb. Xüsusiylə də Heydər Əliyev Fondunun hesabına yeni məktəblər tikilib, müasir avadanlıqlar alınıb. Təhsil prosesini yaxşılaşdırmaq, dirçəltmək üçün yeni metodlar tətbiq olunub. Yəni təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli işlər görülüb və görülür. Ancaq bu, kifayət deyil. Yaxşı binalar, bəzəkli divarlar, müasir cihazlar kadr hazırlığına təkbaşına müsbət təsir göstərə bilmir. Bunun üçün yaxşı proqramlar, yaxşı dərsliklər, yüksək ixtisaslı müəllimlər olmalıdır. O yaxşı şəraitdə yaxşı şagird hazırlayıb ali məktəblərə göndərilməlidir. Təəssüf ki, bu istiqamətdə aparılan işlər hələki müsbət nəticə verməyib. Təhsilimizdə böyük problemlər, neqativ hallar, keyfiyyətsiz tədris prosesi, dərsliklərin keyfiyyətsiz olması halları qalır. Uzağa getmək lazım deyil. Orta məktəb dərslikləri haqqında mətbuatda kəskin tənqidi yazılar dərc edilir. Bir tərəf tənqid edir ki, bu dərsliklərdə qüsurlar var, onları aradan qaldırmaq lazımdır. Təhsil ?azirliyi və bu işə cavabdeh olan şəxslər isə qətiyyətlə inkar edirlər ki, yalandır, böhatan atırsınız, hər şey əladır. Bir dəfə cavabdeh adamlar bu narazıları da bir yerə yığıb müzakirə aparmırlar ki, problem nədir və onu necə həll etmək olar? Çox təəssüf ki, bu tendensiya yoxdur. Belə bir şəraitdə isə problemi həll eləmək mümkün olmaz.
- Orta məktəb dərslikləri ilə bağlı tənqidi fikirlər çox səslənib. Ali məktəblərdə dərslik sarıdan vəziyyət necədir?
- Ali məktəblərdə də dərslik problemi var. Məsələn, elə bizim öz sahəmizdə də böyük problemlər mövcuddur. Ona görə ki, bu günə kimi əsasən rus alimlərinin yazdığı dərsliklərdən istifadə olunub. O dövrdə orta məktəbdə və institutlarda tədris prosesi elə qurulurdu ki, pis-yaxşı hamı rus dilində bilirdi. İndi əlifbamız da dəyişib, hazırkı tələbələrimiz kiril əlifbası ilə oxumağı bacarmırlar, rus dilini də bilmirlər. Ona görə də rus ədəbiyyatından istifadə eləmək mümkün olmur. Özümüzün bu dərslikləri yenidən hazırlayıb nəşr etdirməyimiz isə həm böyük vaxt, həm də böyük vəsait tələb edir. İndi kim dərslik yazırsa, özü mənbə tapmalıdır, vəsait qoymalıdır, nəşr etdirməlidir, nəhayət, özü də satmalıdır. Hamının da buna imkanı yoxdur. Dövlət tərəfindən də bu istiqamətdə ciddi addımlar atılmır. Düzdür, orta məktəblərdə dərsliklər dövlət hesabına çap olunur və paylanır, amma ali məktəblərdə belə bir şey yoxdur.
- Son illər elm və təhsillə bağlı bir sıra dövlət proqramları qəbul olunub və icra edilməyə başlayıb. Bu proqramların və aparılan islahatların hər hansı nəticəsi yoxdurmu?
- Hələlik hər hansı müsbət nəticəni görmürəm. Deyə bilmərəm ki, həyata keçirilən dövlət proqramları nəticəsində hansısa müsbət dəyişikliklər var. Düzdür, bu barədə danışırlar, mətbuatda müzakirələr aparılır, amma bunun real nəticəsi yoxdur. Əksinə, təhsil sahəsindəki nöqsanlar günü-gündən çoxalır, narazılıqlar artır. Təhsilin səviyyəsi orta məktəbləri bitirən şagirdlərin ali məktəblərə imtahanlarının nəticəsindən aydın olur. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanların nəticəsi ilə bağlı müşavirə keçirir. Təsəvvür edin ki, orta məktəb məzunlarının 60 faizi sıfır bal toplayır. Bax, Azərbaycan təhsilinin səviyyə göstəricisi budur. İndi ya Təhsil ?azirliyi TQDK-ya deməlidir ki, imtahanı düzgün aparmırsan, ya da dövlət Təhsil ?azirliyinin fəaliyyətinə qiymət verməlidir. Dövlət bu qədər vəsait ayırır, əgər təhsil alanların 60 faizinin səviyyə göstəricisi sıfırdırsa, onda bu təhsil kimə lazımdır? Budan başqa, TQDK ilbə-il keçid ballarını aşağı salır. Əgər təhsildə aparılan islahatlar səmərəlidirsə, keçid balları ilbə-il artmalıdır, yox, əgər keçid balı aşağı düşürsə, deməli, heç bir səmərə yoxdur. Odur ki, təhsil sahəsindəki problemləri həll etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir.
- Bununla bağlı konkret təklifləriniz varmı?
- İlk növbədə dövlət məsələyə yüksək səviyyədə yanaşmalıdır. Həyatını elmə, təhsilə həsr edən insanlar bir araya gətirilməli və məsələ yüksək səviyyədə müzakirə olunmalıdır. Bu günə kimi hələ bir dəfə də olsun, belə bir müzakirə aparıb və məsələ qoymurlar ki, təhsildə olan bu acınacaqlı vəziyyət düzəlsin. Bu onu tənqid edir, o da bunu, problem isə kənarda qalır. Elm və təhsildəki problemə xüsusi dövlət diqqəti olmalıdır. Çünki hər bir ölkənin gələcəyi, inkişafı, tərəqqisi onun elm və təhsilindən asılıdır. Bizdə isə kimin imkanı varsa, övladını xaricə oxumağa göndərir...
- Dövlət proqramı çərçivəsində də xeyli gənc təhsil almaq üçün xaricə göndərilib...
- Onların çoxu ora getməyə layiq deyil. Dövlət də göndərir, başqa yollarla gedənlər də var, amma heç də hamısı müsbət nəticə ilə geri qayıtmırlar. Doğrudur, savadlı gənclərimiz az deyil, amma təəssüf ki, bu, çoxluq təşkil etmir.
- Yaqub müəllim, Siz uzun illərdir Tibb Universitetində çalışırsınız. Bu sahədə təhsilin səviyyəsini qənaətbəxş saymaq olarmı?
- Neqativ hallar hər yerdə var. Amma mən tam səmimi və müqayisəli şəkildə deyə bilərəm ki, başqa təhsil müəssisələrinə nisbətən Tibb Universitetində tədris pis deyil. Lakin müasir dövrün tələblərinə uyğun tibb kadrlarının hazırlanması üçün problemlərimiz var. Yaxşı kadrlarımız da, məsuliyyətlə işə yanaşanlarımız da var, sözsüz ki, çatışmazlıqlar da mövcuddur.
Bilirsiniz, Tibb Universitetinə qəbuldan başlayaraq məsələlər kökündən düzgün deyil. Hər adamdan həkim olmaz, bu sahəyə gələn adamlar xüsusi bacarığa malik olmalıdırlar. Bu sahəyə gəlmək istəyənlər əvvəlcədən seçilməlidir, təsadüfən gələnlərə burada yeri olmamalıdır.
- Bir müddət öncəyə qədər özəl universitetlərdə də tibb təhsili verilirdi. Bu məsələyə necə baxırsınız?
- Var idi, onların hamısı ləğv olundu. Hazırda tibb kadrları yalnız Tibb Universitetində hazırlanır. Özəl institutlarda lap biabırçılıq idi. Orda tibb fakültələrinin açılması, kadr hazırlığı biabırçılıq idi, küçədən keçəni cəlb edirdilər həmin fakültələrə, sonra da hərəsinə bir diplom verirdilər. Əslində elə şərait yaradılmalıdır ki, dövlət təhsil müəssisəsi ilə özəl müəssisə arasında rəqabət olsun. O zaman inkişaf da olar. Çox təəssüf ki, bunun da əsası düzgün qoyulmadı.
Mən bir məsələyə də tounmaq istəyirəm. Ali məktəblərdə tələbələrin bir qisminin pullu, bir qisminin isə dövlət hesabına oxuması da müəyyən problemlər yaradır. Auditoriyaya girirsən, tələbənin yarısı yaxşı oxuyur, təqaüd alır, o birisi ödənişli oxuyur, əlaçı oxusa da, təqaüd almır. Yəni bu zaman tələbələr arasında ayrı-seçkilik yaranır, sözsüz ki, bu da tədris prosesinə mənfi yöndə təsir göstərir. Yaxşı olar ki, özəl sektorun da inkişafına şərait yaradılsın, rəqabət mühiti olsun. Mənə elə gəlir ki, bu zaman həm tədrisin keyfiyyəti yuxarı olar, həm də yüksək kadr hazırlığı inkişaf edər.
- Tibb təhsilinin elm mərhələsindəki vəziyyətlə bağlı fikirləriniz də maraqlı olardı. Son dövrlər iqtisadiyyat, tarix və digər sahələrdə elmi ad almaqla bağlı neqativ hallara rast gəlinir. Bu mənada tibb elmində hansısa dəyişikliklər var, yoxsa...
- Siz deyən neqativ hallar bütün sahələrdə olduğu kimi, burda da var. Çox təəssüf ki, əvvəllər də, elə indi də ali məktəblərdə elmi tədqiqat işlərinə o qədər də çox diqqət yetirmirlər. Dövlət tərəfindən də bu sahəyə çox az vəsait ayrılır. Bu gün universitetlərdə elmin maddi-texniki bazası akademik institutlardan çox zəifdir. Son vaxtlar imkan daxilində müasir avadanlıqlar alınıb, laboratoriyalar çərçivəsində tədqiqatlar aparmaq olur, amma elmin maddi-texniki bazası çox aşağıdır. Sözsüz ki, bu da alınan nəticələrə mənfi təsir göstərir. Düzdür, bununla bağlı Elmin İnkişafı Fondu yaradılıb. Ancaq ora daxil olan vəsaitin kimlərə, necə verilməsi də tam şəffaf olmadı. Məsələn, mən AMEA-nın üzvüyəm. Mənə şərait yaratmaq lazımdır ki, kadr hazırlayam, elmlə məşğul olum. Ancaq mən hər hansı bir şəraitin yaradıldığını görmürəm, eləcə də başqaları. Mənim kimi alimlər öz imkanı daxilində nəsə eləyib. Amma dövlət tərəfindən hansısa şərait yaradılmır ki, müstəqil olaraq elmi fəaliyyətlə məşğul olsunlar, ixtiralar eləsinlər, yeniliklərə imza atsınlar. Bu baxımdan ali məktəb müəllimlərinin işi daha çətindir. Bir tərəfdən tədris, metodik işlər, o biri tərəfdən dərslik məsələləri, təlim-tərbiyə, digər tərəfdən də elmi işlər. Gərək bu qəbildən olan müəllimlərə xüsusi qayğı göstərsinlər. Hesab edirəm, dövlət elmlə məşğul olan şəxslərə qayğı göstərməlidir ki, onlar da əllərindən gələni edib elmin, təhsilin inkişafına öz töhfələrini versinlər.
[b]Zaur ƏHMƏD [/b]